“ABŞ-Çin münasibətlərinin hərbi qarşıdurmaya qədər inkişafı istisna deyil”-Şahin Cəfərli


“Münasibətlərin hərbi qarşıdurmaya qədər inkişafı istisna deyil”

ABŞ-la Çin arasındakı ticarət müharibəsi getdikcə alovlanır. İki gündən sonra ABŞ prezidenti Donald Trampın 200 milyard dollarlıq Çin malına əlavə rüsumlar tətbiq etmək qərarının elan olunması gözlənilir.

“Bloomberg”ə məlumat verən mənbələrə görə, administrasiyanın biznes və ictimaiyyət nümayəndələrinin rüsumlara münasibət bildirmələri üçün ayırdığı vaxt sentyabrın 6-da başa çatacaq. D.Tramp bu müddət başa çatan kimi göstərilən ticarət məhdudiyyətlərini tətbiq etmək niyyətindədir.

Bundan əvvəl iyulda ABŞ 34 milyard dollarlıq, avqustda isə 16 milyard dollarlıq Çin məhsuluna 25 faizlik əlavə rüsum tətbiq edib. Çin də eyni addımları ataraq eyni məbləğdə ABŞ mallarına eyni həcmdə rüsum tətbiq edib.

Qeyd edək ki, əksər müşahidəçilər ABŞ-Çin münasibətlərindəki gərginliyin bilavasitə birincinin iqtisadi maraqlarına bağlı olduğunu bildirirlər. Hesab olunur ki, ABŞ sürətlə böyüyən Çinin iqtisadi gücünün qarşısını almağa çalışır. Qeyd edək ki, ötən ili 6,9 faizlik artımla başa vuran Çində bu il 6,6 faiz, gələn il isə 6,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu isə dünya üzrə orta illik artımdan 3 dəfə artıq deməkdir.

ABÅ-Ãin ile ilgili görsel sonucu

ABŞ-Çin ticari gərginliyinin arxasında hansı maraqlar dayanır? Bu gərginlik hansı həddə qədər inkişaf edə bilər?

Sualları cavablandıran politoloq Şahin Cəfərliyə görə, ABŞ-Çin gərginliyinin əsas səbəbi bundan ibarətdir ki, Çin perspektivdə ABŞ-ın qlobal liderliyini mübahisələndirəcək, ona meydan oxuyacaq yeganə gücdür: “Çin iqtisadiyyatı hazırda ABŞ-dan sonra ikinci böyük iqtisadiyyatdır və bəzi proqnozlara görə, 2030-cu ilə qədər ABŞ-ı ötüb birinciliyini elan edə bilər. Əgər sizin taxt-tacınıza göz dikən birisi varsa, məntiqlə, onun qarşısını almağa və öz hökmranlığınızı qorumağa çalışmalısınız. ABŞ gecikmiş də olsa, hazırda buna çalışır, nə dərəcədə bu məqsədə nail ola biləcəyini zaman göstərəcək. ABŞ-ın bu məsələdə gecikdiyini niyə vurğuladım? Çinin bu qədər böyüməsində Vaşinqtonun Tramp öncəsi dövrdə yeritdiyi siyasətin də rolu var. Vaşinqtonda ənənəvi baxış belə idi ki, Çinin qlobal iqtisadi sistemə inteqrasiyasına, dünyaya açılmasına kömək etmək lazımdır. ABŞ-da hakim olan liberal dünyagörüşə əsasən Qərblə ikitərəfli və çoxtərəfli əsasda əlaqələrini inkişaf etdirən, liberal iqtisadi sistem quran, qloballaşmanın bir parçasına çevrilən Çin Qərbin liberal siyasi sistemindən də təsirlənərək öz daxilində tədricən siyasi islahatlara da gedəcək.

ABÅ-Ãin ile ilgili görsel sonucu

Düşünülürdü ki, Qərblə sıx əməkdaşlıq son nəticədə Çin siyasi sisteminin transformasiyasına da səbəb olacaq və Pekin Qərbin rəqibinə yox, müttəfiqinə çevriləcək. Bu siyasət çərçivəsində ABŞ 2001-ci ildə Çinin Dünya Ticarət Təşkilatına üzvlüyünə dəstək verdi. Lakin 2016-cı ilin prezident seçkiləri kampaniyasında Donald Tramp tamamilə fərqli bir baxış ortaya qoydu. O, ABŞ rəhbərlərinin əfəl siyasəti ucbatından Çinin getdikcə böyüdüyünü və gücləndiyini, ABŞ-la qarşılıqlı ticarətdən ciddi şəkildə faydalandığını, bu əlaqələrdən itirən tərəfin amerikalılar olduğunu söyləməyə başladı və bu mövqe fəhlə sinfi başda olmaqla, əhalinin az gəlirli, işsiz, elitalardan küsmüş kəsimləri, anti-liberal, anti-qlobalist, millətçi amerikalılar tərəfindən fəal şəkildə dəstəkləndi".

Politoloq deyir ki, Trampın komandasındakı Piter Navarro, Robert Laythayzer kimi Çin əleyhdarı şəxslər Pekinlə ticarətə radikal şəkildə yenidən baxmağa və qarşı tərəfin bu ticarətdən birtərəfli fayda götürməsinə son qoymağa çağırırdılar: “Hazırda ABŞ-ın beynəlxalq ticarət siyasətinin müəyyənləşməsində, Çin və digər ölkələrdən idxal olunan mallara yeni rüsumlar tətbiq olunmasında həmin şəxslər xüsusi rol oynayır. Əslində ABŞ və Çin arasında ticarət dövriyyəsinə nəzər saldıqda Tramp və komandasının haqlı olduğunu görmək olar. Məsələn, 2017-ci ilin yekunlarına əsasən bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyard dollar civarında olub və Çinin xeyrinə 375 milyard dollar müsbət saldo var. Yəni hər il ABŞ Çinlə ticarətdə aşağı-yuxarı bu rəqəmə yaxın kəsir verir. Nəyin müqabilində? Bəli, Çin əvəzində ABŞ şirkətlərini özünün nəhəng daxili bazarına buraxır, nəticədə amerikalılar da bu işdən qazanır, amma Çin bunu təmənnasız etmir. O, öz bazarına buraxdığı ABŞ, eləcə də Yaponiya, Cənubi Koreya kimi yüksək texnologiyalar sahəsində lider olan dövlətlərin şirkətlərinə öz texnoloji sirlərini Çinlə bölüşməyi şərt qoyur.

Åahin cÉfÉrli ile ilgili görsel sonucu

Çin ötən illərdə həm də Qərbin liberal qayda-qanunlarından faydalanaraq onların bazarına rahat şəkildə daxil olub, texnoloji şirkətlərini satın alırdı. Digər tərəfdən, Çin kəşfiyyatı ABŞ başda olmaqla, adıçəkilən ölkələrin texnoloji sirlərini, innovasiyalarını əllə keçirmək üçün aqressiv kiberəməliyyatlar aparırdı. Təsadüfi deyil ki, hazırda ABŞ-Çin rəqabətinin ən gərgin cəbhələrindən biri məhz texnoloji sahədir, Çin bu sahədə liderliyi ələ keçirməyə, ABŞ isə liderliyini qorumağa çalışır. Bütün bu səbəblərə görə ABŞ-ın ötən ilin dekabrında elan olunan yeni milli təhlükəsizlik strategiyasında son 15 ildə təhdid sıralamasında ilk yerdə olan beynəlxalq terrorizmi böyük dövlətlərin rəqabəti əvəz etdi. Elan olundu ki, Çin, eləcə də Rusiya ABŞ-ın qlobal liderliyini, onun dəyərlərini təftiş etmək istəyən rəqib dövlətlərdir. Strategiyada etiraf edilir ki, ABŞ-ın Çinlə bağlı bundan əvvəlki siyasəti səhv olub və iflasa uğrayıb".

İndi Vaşinqton çalışır ki, Çin mallarına tətbiq etdiyi yüksək rüsumlar vasitəsilə həm qarşılıqlı ticarətdəki zərərini, həm də Çinin inkişaf tempini mümkün qədər azaltsın: “Çinin ABŞ-ın texnoloji sirlərini ələ keçirməsinə qarşı da tədbirlər görülür, ötən müddətdə Tramp Çin şirkətlərinin ABŞ texnoloji şirkətləri ilə ortaqlıq qurmasına mane olub, ”Huawei", ZTE kimi Çin texnoloji sektorunun liderlərinin ABŞ bazarında fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Düzdür, əksər iqtisadçılar, analitiklər ticarət savaşının kimsəyə fayda verməyəcəyini, ABŞ-ın bu işdən qazanclı çıxmayacağını bildirirlər. Amma güman edirəm ki, ABŞ üçün hazırda prioritet məsələ özü zərər çəksə belə, Çinin yüksək inkişaf tempi əldə etməsinə mane olmaqdır. Hazırda Çində 7 faiz həcmində böyümə var və müəyyən durğunluq əlamətləri müşahidə olunur, halbuki əvvəllər ölkə 10 faiz böyümə rəqəminə nail olmuşdu".

Gərginliyin hara qədər inkişaf edə biləcəyinə gəldikdə isə, Ş.Cəfərlinin fikrincə, rəqabət əsasən iqtisadi və siyasi sahələrdə gedəcək: “Amma hərbi toqquşma riskini də tam istisna etmək olmaz. ABŞ Çin ətrafında, ümumən Hind-Sakit okean regionunda öz hərbi gücünü artırır, Çinin öz qonşuları ilə yaşadığı problemlərdən faydalanmağa çalışır. Cənubi Çin dənizi hazırda planetin potensial münaqişə zonalarından biridir və son illər burada gərginlik hökm sürür. Gərginliyin səbəbi dənizin cənub-qərbində yerləşən Spratli (Nanşa) arxipelaqı ilə bağlıdır. Bu arxipelaqa aid adalar və riflər Çin və ətraf ölkələr - Vyetnam, Malayziya, Filippin, Tayvan, Bruney arsında mübahisə mövzusudur. Dənizdəki digər arxipelaq - Parasel (Sişa) adaları isə Çin, Tayvan və Vyetnam arsında narazılıq obyektidir. 2016-cı ildə Haaqa beynəlxalq məhkəməsi Filippin dövlətinin müraciəti əsasında qərar qəbul edib ki, Çin dənizdəki mübahisəli adalara ərazi iddiası irəli sürmək haqqına sahib deyil. Lakin Çin hökuməti bu qərarı tanımayıb. Pekin Cənubi Çin dənizinin akvatoriyasının 90 faizinə iddialıdır. Bu zona dünyanın ən önəmli dəniz yollarından biridir və il ərzində təxminən 5 trilyon dollarlıq mal daşınır. Dənizin bu hissəsi zəngin təbii ehtiyatlara da sahibdir, orada 11 milyard barel neft və 190 trilyon kubmetr təbii qaz ehtiyatı olduğu təxmin edilir. Bu səbəblə Çin həmin mübahisəli adalarda hərbi bazalar yaratmaq və süni adalar inşa etmək yolu ilə dənizdə mövqelərini möhkəmləndirir, ”buranın sahibi mənəm" mesajı verir. ABŞ isə bu mübahisədə digər ölkələri dəstəkləyir, onun hərbi gəmiləri mütəmadi olaraq mübahisəli adaların yaxınlığında üzür və Çinin qəzəbinə səbəb olurlar. Bu gərginliyin gələcəkdə böyüməsi və hərbi qarşıdurmaya çevrilməsi istisna deyil".

“Yeni Müsavat”

Tarix: 4-09-2018, 10:19
Xəbəri paylaş





Xəbər lenti