VAŞİNQTON 3 LİDERİN TEHRAN GÖRÜŞÜNƏ DİQQƏT KƏSİLİB –İdlibin taleyi bu görüşdən asılı olacaq - TƏHLİL



Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 05 sentyabr 2018-ci il

 

İdlibdə proses sona yaxınlaşarkən və əsas oyunçular olan Türkiyə, İran Rusiya arasında pərdəarxası təmaslar çox intensivləşmişkən, Vaşinqtonun İdliblə bağlı nələr etdiyinin də yaxşı anlaşılması lazımdır.

Bəri başdan qeyd edək ki, ABŞ-ın bu anda hərtərəfli düşünülmüş tutarlı bir strategiyası yoxdur. Vaşinqtonda bəzi qurumlar Suriyada iplərin əldən qaçırıldığını, hətta Rusiyaya verildiyini belə söyləyirlər. Ancaq buna rəğmən, Prezident Trampın daha öncə söylədiyi “ABŞ əsgəri çəkiləcək”sözünün artıq keçərli olmadığı və Suriyanın siyasi gələcəyini müəyyən etməkdə Amerikanın da təsirli, müəyyənedici rolu olsun deyə, əsgərlərin o mərhələyə qədər orada saxlanacağı söylənilir.

 

Astana üçlüyü arasında fikir ayrılığı

 

Vaşinqtondakı qurumlar İdliblə bağlı həll yolu tapmağa çalışan Türkiyə, İran və Rusiyanın fikir ayrılığına düşdüyünü və Amerikanın da bundan istifadə edərək, bir oyun planı qurmasının lazım olduğunu düşünürlər. ABŞ-da fikirləşirlər ki, belə bir fikir ayrılığının miqyasının böyüdüyü təqdirdə bunun Türkiyəni Rusiya, xüsusilə də İranla qarşı-qarşıya gətirməsi onlara üstünlük təmin edəcək.

Bu üzdən Xarici işlər naziri Mayk Pompeo və Milli təhlükəsizlik müşaviri Con Bolton, Rusiya Suriya rejiminin başlayacağı bir hərbi əməliyyata dəstək verərkən, durmadan ABŞ-ın buna qarşı olduğunu açıqlayaraq, özlərinə Türkiyənin tutduğu mövqeyə yaxın mövqe formalaşdırmağa çalışırlar. Burada ABŞ Xarici işlər naziri Mayk Pompeonun 23 avqustda Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı telefon danışığında Amerikanın mövqeyini təkrar vurğuladığı bildirilir.

Vaşinqton xüsusilə üç ölkə liderinin 7 sentyabrda İranda keçiriləcək zirvə görüşünün nəticələrini gözləyir və o görüşdə Türkiyə ilə digərlərinin yanaşmalarındakı fərqliliyin miqyasının böyük bir anlaşmazlığa çevrilələcyinə ümid edir.

 

Anlaşma çətin görünür

 

Vaşinqtondakı mənbələr Astana üçlüyü arasında İdliblə bağlı bir anlaşma əldə edilə bilməsinin çox çətin olduğunu vurğulayırlar.

Əsas problem İdlibdə yerləşmiş müxalif qüvvələr arasında kimin terrorçu, kimin müxalif olduğunun dəqiq müəyyən edilməsidir.Vaşinqton, bununla bağlı ortada dəqiq bir kriteriya olmadığını və Türkiyənin ədalətli bir həll yolu tapmağa nə qədər çalışsa da, terror anlayışının İran və Rusiyanınkından fərqli olduğunu görür, öz oyun planını qurarkən də bu fərqli yanaşmanı çıxış nöqtəsi kimi nəzərə alır.

Türkiyə, digərlərinin anlayışı əsasında İdlibə yönəlik bir əməliyyat həyata keçirilərsə, bunun nəticəsinin fəlakət olacağını və günahsız insanların həyatlarını itirəcəyini davamlı olaraq vurğulayır. ABŞ buna haq verməklə bərabər, hadisələrin belə inkişafını önləmək üçün konkret addım da atmır. Çünki bu proses başladıqda Türkiyənin reaksiya verəcəyini hesablayır və bundan da öz oyun planı istiqamətində istifadə etməyi düşünür.

 

Təhlükəsizlik müşavirlərinin zirvə görüşü

 

Milli təhlükəsizlik müşaviri Con Bolton rus həmkarı Nikolay Patruşevlə Suriya məsələsi ilə əlaqədar üz-üzə görüşüb, amma İdliblə bağlı xüsusi konkret hərəkət planı ortaya çıxmayıb.

ABŞ, hədəflədiyi kimi, bütün həqiqi müxalif qüvvələri terrorçulardan ayırdıqdan sonra Azad Suriya Ordusu (ASO) adı altında toplayaraq birləşdirməyi bacardığı təqdirdə, Türkiyənin əlinin Suriyada daha çox güclənəcəyindən və ölkənin gələcəyini Rusiya ilə Türkiyənin ABŞ-ı tamamilə oyundan kənar qoyaraq birlikdə müəyyən edəcəyindən qorxur.

 

Təxribatlara açıq durum

 

Burada davamlı olaraq görüşdüyüm təhlükəsizlik sahəsindən yazan jurnalistlər ABŞ-ın bu yanaşmasının meydanda təxribatlara çox açıq bir şərait yaratdığını və kiçik bir təxribatın belə durumun tamamilə nəzarətdən çıxmasına yol açacağını bildirirlər.

Vaşinqtondakı müvafiq qurumlar toqquşma baş verməsi durumunda Türkiyə sərhəddinə doğru 2,5 milyon insanın hərəkət edəcəyini hesab edirlər. Təhlükəsizlik sahəsindən yazan jurnalist dostlarım Türkiyəni çətin duruma salmaq istəyənlərin təxribatlar təşkil edərək, toqquşmaları qızışdıra biləcəklərindən narahatlıq ifadə edirlər.

 

50 PUA hücumu

 

ABŞ mənbələri bu günə qədər müxalifətin olduğu bölgələrdən rus hərbi bazalarına yönəlik Pilotsuz Uçan Aparatlarla (PUA) 50 hücum təşəbbüsü olduğunu təsbit ediblər.

Pentaqondakı mənbələr mümkün bir toqquşmaya qarşı Qara dənizdən gələn rus donanmasının 10 hərbi gəmisinin və 2 sualtı qayığının Suriya sahilinə yaxın yerdə gözləməkdə olduğunu, onların ABŞ-a gözdağı olsun deyə, 02 avqustda donanma təliminə başladıqlarını da təsbit edib.

Vaşinqton, Türkiyənin son olaraq “Heyət Tahrir əl-Şam”ı (HTŞ) terror təşkilatları siyahısına salmasını (31 avqust 2018-ci il – tərc.) onun terrorçuları həqiqi müxalifətdən ayırma cəhdlərinin bir hissəsi olaraq görür. Ancaq bu addıma rəğmən, Vaşinqton Türkiyənin işinin çətin olduğunu düşünür. Çünki HTŞ İdlibə nəzarəti əlində saxlayır (İdlib vilayətinin 60%-nə – tərc.) və Vaşinqtona onun müqavimət göstərməyə qərarlı olması, tunel və dərin səngər qazma işləri aparması haqqında kəşfiyyat məlumatları gəlib.

Vaşinqton, Türkiyənin Rusiya ilə anlaşaraq şimala doğru yol aça biləcəyi təqdirdə, İdlibdəki günahsız dinc əhalini “Fərat qalxanı” bölgəsinə daşımaq istəyə biləcəyini də düşünür. Amerika tərəfi buna Suriya rejiminin də qarşı olduğunu və bunun olmaması üçün həm Rusiyaya, həm də İrana təzyiq etdiyini də görür.

Pentaqondakı bir qrup isə İdlibdən köç olduğu halda, Türkiyənin onları Fərat çayının şərqinə də yerləşdirmək istəyə biləcəyini düşünür. Vaşinqtonda bu məsələ ilə bağlı Pentaqonla davamlı təmasda olan YPG-nin fasiləsiz həyəcan siqnalı verdiyi də bildirilir.

Anlayacağınız odur ki, İdlibdəki mövcud durum sona yaxınlaşsa da Vaşinqton bu anda orada nələrin olacağını görə bilmir. Türkiyənin atacağı hər bir addım hakimiyyət qurumları tərəfindən çox yaxından izlənilir.

 

Qasım Süleymani

 

Bu arada, ABŞ kəşfiyyat mənbələri general Qasım Süleymani ilə “Hizbullah” rəhbərliyinin arasının dəydiyini, İsrail qaynaqlı olaraq, – öyrəndiklərini də söyləyirlər. ABŞ qaynaqları bunun Suriya rejiminin İdliblə bağlı planlaşdırdığı əməliyyata təsir edəcək miqyasda olan bir anlaşmazlıq olub-olmadığını da izləyirlər.

Tərcümə Strateq.az-ındr

Tarix: 5-09-2018, 23:15
Xəbəri paylaş





Xəbər lenti