Siyasətin “yeni ulduzu”nun ifrat şəkildə tənqidi


REAL təşkilatının ötən ay həbsdən çıxan sədri İlqar Məmmədovun adı ikinci dəfədir ki, peşəkar mediada və sosial şəbəkədə bu qədər hallanır.

Birinci dəfə onun adının hallanması çox təbii idi. Adam o qədər müddəti həbsdə yatmışdı, beynəlxalq təşkilatların tələbinə rəğmən azadlığa buraxılmamışdı. Bu nədənlə o, əzabkeş durumundaydı.

İlqar Məmmədovun personasının ikinci dəfə diqqət mərkəzinə düşməsi də təsadüfi deyil. Siyasətlə maraqlanan aktiv insanlar onun həbsdən sonrakı mesajlarının, hərəkət və qərarlarının nədən ibarət olacağı ilə maraqlanırdılar və İ.Məmmədovun ilk mətbuat konfransında bir sıra suallara cavab tapacaqlarını düşünürdülər.

Hazırda onların öz suallarına nə dərəcədə qaneedici cavab tapdıqlarını birmənalı demək olmaz. Hiss olunur ki, ortada yenə dolaşıqlıq var. Hər kəs özünə lazım olan cavabı “tapıb”.

Öncədən İlqar Məmmədovu qəbul etməyən dairələrin mətbuat sözçüləri (onlara bəzən “trollar” da deyilir) öz qənaətlərində daha da möhkəmləniblər: “Ondan heç nə olmayacaq, ciddi fiqur deyil”.

Məmmədovun tərəfdarları da öz düşüncələrində qətidirlər. İlqar Məmmədovun mesajları, öz siyasi yolunu, xəttini müəyyənləşdirərək ictimaiyyətə elan etməsi onları tam qane edir. Tərəfdarlar İlqar Məmmədovu Azərbaycan siyasətinin parlamaqda olan ulduzu, lider fiquru hesab edir, bu istiqamətdə təbliğat aparırlar.

Bu baxımdan İ.Məmmədova siyasətçi olaraq neytral mövqedən, təhlilçi prizmasından yanaşanlar çox azdır. Onu ya söyürlər, ya öyürlər.

Əslində həbsdən dünən çıxmış, hələ hər hansı bir ciddi siyasi fəaliyyətə başlamamış adamın şəxsiyyətinə qarşı yönəlmiş bu qədər tənqid seli o qədər də normal, onun fəaliyyətinə adekvat deyil.

Bu, sadəcə, “kim bizə rəqibdirsə, ən qatı düşmənimiz də məhz odur” düşüncəsindən irəli gəlir. Bu ölkədə hər hansı bir siyasi iddia göstərmək kifayət edir ki, tənqidi hücumların hədəfi olasan. Həm də şiddətli şəkildə.

Bu isə kənardan qərəzli görünür. Belə olanda bu ilin qışında bütün medianın “söyüş makinaları” adlandırdığı, vəzifəli şəxslərə yönəlik təhqirləri siyasi fəaliyyət növünə çevirmiş mühacir-müxaliflərlə İlqar Məmmədov kimi qanunlar çərçivəsində fəaliyyət göstərəcəyi bilinən şəxslərin arasına bərabərlik işarəsi qoyulmuş olur.

Ədəb-ərkan çərçivəsində, siyasi prinsiplər müstəvisində, ən başlıcası dövlətin qanunları əsasında fəaliyyət göstərən siyasilərlə heç bir qayda-qanun, əxlaq dəyərləri tanımayanları bir-birindən ayırmamaq və onların hamısıyla eyni ritorika ilə danışmaq yanlışdır. Seçkilərə qatılacaqlarını elan edən siyasi qrupu bəri başdan “cümlə xəyanətlərə bais” elan etmək düzgün deyil. Bu halda destruktiv müxaliflər özlərinə təbii müttəfiq tapırlar. Bu onların əlinə güclü arqument verir: “Baxın, sizi də söyürlər, bizi də”.

İqtidar cəbhəsini anladıq, yeni rəqib tapıb. Bir də özləri müxalifətçi ola-ola İlqar Məmmədovu tənqid atəşinə tutanlar var. Onlar gah İ.Məmmədovun həbsxanadan “sınıb” çıxdığını, bir azdan açıq şəkildə iqtidara işləyəcəyini iddia edirlər, gah onun Rusiya və İranla münasibət qurmağa çalışdığını, bu üzdən o dövlətlərə qarşı açıqlamalarında ehtiyatlı sözlər seçdiyini deyirlər, gah da Qərbpərəst, hətta millətçi olduğunu vurğulayırlar.

Bu deyilənlərin hamısı isə eyni anda ola bilməz. Yəni bir adam həm millətçi olacaq, həm kosmopolit - mümkün deyil. Qərbpərəst olanın Rusiya və İranpərəst olması da heç yerdə görünməyib. Uzun müddət (4 ildən çox) həbsxanada yatanların azadlığa çıxdıqdan sonra siyasi mövqeyində 180 dərəcəlik dəyişiklik etməsi halları bundan əvvəl mövcud olsa da, İ.Məmmədovun son açıqlamalarından hələ bu qənaətə gəlmək tezdir.

Bu üzdən gələcəkdə Məmmədovun siyasi fəaliyyətini tənqid etməkdə qərarlı və israrlı olanlar gərək indidən tənqidi mülahizələri bol etməsinlər, bir az da sonraya, onun fəallaşacağı vaxta saxlasınlar.

Bu fikir İ.Məmmədovu tərifləyib göyə qaldıranlara, ondan çox şey gözləyənlərə də aiddir. Onlar da səbrlə hadisələrin gedişini izləsinlər ki, sonra “bu da bizi məyus etdi, biz ondan gözləyirdik ki...” ilə başlayan cümlə qurmasınlar.

Xalid KAZIMLI
Tarix: 6-09-2018, 08:52
Xəbəri paylaş





Xəbər lenti