ABŞ səfirinin Paşinyana dəstəyi və Rusiyanın hərbi mesajı


İşğalçı ölkənin rəhbərliyi çətin situasiya ilə üz-üzə qalıb; İrəvanın Suriyadakı hərbi əməliyyatlarda iştirak etmək qərarına və hökumət başçısının anti-Lavrov açıqlamalarına Sərkisyan tərəfdarlarından kəskin reaksiyalar...

Nikol Paşinyan Rusiyaya hesabat xarakterli səfərə hazırlaşdığı ərəfədə ATƏT-in baş katibi Tomas Qreminger İrəvana gəlib. Beynəlxalq təşkilatın rəhbərinin Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşlərin ictimaiyyətə məlum olan tərəfləri heç də qeyri-adi təsir bağışlamır, növbətçi xarakter daşıyır.

Gözlənildiyi kimi, Tomas Qreminger Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Görüşdə Qreminger ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Məlumatda deyilir ki, eyni zamanda T.Qreminger və Z.Mnatsakanyan Ermənistanın daxili siyasi vəziyyətini də müzakirə ediblər.

Ermənistan baş naziri Nikol Paşinyan da ATƏT baş katibi Tomas Qremingerlə görüşüb. Ermənistan mətbuatı yazıb ki, görüşdə regional məsələlər müzakirə olunub. Baş nazirlə görüşdə də tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunduqları (?-red.) vurğulanıb.

Bundan əlavə, ATƏT rəsmisi Ermənistan Milli Məclisinin sədri Ara Babloyanla görüşüb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, görüş zamanı baş katib Ermənistanda seçki qanunvericiliyi ilə bağlı islahatlar prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Erməni spiker də öz növbəsində ATƏT-lə əməkdaşlığa önəm verdiklərini, əməkdaşlığın davam etdirilməsi istiqamətində maraqlı olduqlarını deyib.

Rəsmi açıqlamalardan belə qənaət hasil olur ki, danışıqlarda Qarabağ məsələsi diqqət mərkəzində olub. Ancaq bu danışıqların məntiqi yekunu barədə hər hansı fikir yürütmək çətindir. Reallıq bundan ibarətdir ki, Ermənistanın yeni hakimiyyəti sələflərinin taleyindən dərs götürmək fikrində deyil və sülh barədə danışsa da, hərbi ritorikaya üstünlük verir. ATƏT rəsmisi İrəvandakı görüşlərdə Qarabağ məsələsinin yalnız dinc yolla həll edilməli olduğunu deməklə ermənilərin çörəyinin üstünə yağ sürtmüş olub. Hərçənd baş katib oğlunu Qarabağa əsgər göndərən N.Paşinyandan bu təxribatçı davranışına görə cavab istəməli idi. ATƏT baş katibinin İrəvan səfəri təbii ki, Bakıda da izlənilir. Xatırladaq ki, baş katib sentyabrın 11-də Bakıya səfər edəcək və burada bir sıra məsələlər müzakirə olunacaq.

Cənab Qremingerin ilk olaraq İrəvana səfər etməsi məntiqlidir. Bakının mövqeyi aydındır. Fakt budur ki, Ermənistan hakimiyyəti “gah nala, gah mıxa” vurmaqda, status-kvonun uzadılmasına yeni cəhdlər etməkdə davam edir. Üstəlik, gələn ilin yazında Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin gündəmində Qarabağ məsələsini arxa plana keçirir. O halda ATƏT rəsmisinin seçki islahatları ilə bağlı bəyanatını da təsadüfi saymaq olmaz. Amma bütün bunlarla yanaşı, Paşinyanın Moskva yolçuluğu ərəfəsində baş tutan səfər diqqət çəkir, ekspertimiz də bunu təsdiqləyir.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq kulminasiya nöqtəsinə çatıb və həlli labüd olan bir problemə çevrilib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildən artıqdır ki, ancaq deklorativ bəyanatlar verirlər. Bu münaqişənin həll edilməməsi regionun təhlükəsizliyinə ən böyük təhdiddir. Həll uzandıqca sərmayə qoyuluşu, meqalayihələrin həyata keçirilməsi də çətinləşir. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib. Artıq ATƏT bunu regionun ən böyük problemi hesab edir. Almaniya kansleri Merkelin regiona səfəri də buna bir işarə idi. ATƏT-in baş katibi Tomas Qreminger də bu problemin həlli ilə bağlı regiona səfər edib”.

Ekspert qeyd etdi ki, son vaxtlar Ermənistanın yeni rəhbərliyinin apardığı qeyri-ciddi siyasət, Qarabağ klanına daxil olan şəxslərin həbsi, qarşıdurmalar, insan haqlarının pozulması və s. məsələlər Ermənistanda müzakirə olunan əsas mövzulardır: “Paşinyanın Rusiya səfərindən öncə Qremingerlə görüşü və sonradan Rusiyaya səfəri də Dağlıq Qarabağla əlaqəlidir. Bu, Paşinyanın Rusiyaya üçüncü səfəridir və sonuncu səfər artıq ciddi məsələlərlə bağlıdır. Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu məsələsi, Robert Köçəryanın həbsi, eyni zamanda sonradan azadlığa buraxılsa da, ölkədən çıxışına qadağa qoyulması, zənnimcə, əsas müzakirə mövzuları ola bilər”. A.Nağıyevin sözlərinə görə, bundan başqa, qərbyönümlü qeyri-hökumət təşkilatlarının sayının artması da Rusiya tərəfindən verilən sualların arasında olacaq: “Digər bir məsələ də Ermənistanda anti-Rusiya fikirlərin artmasıdır. Təbii ki, Paşinyan müəyyən siyasi gedişlər edə bilər, bunun isə keçiriləcək parlament seçkiləri ilə bağlı olacağı istisna deyil. Çünki Rusiyanın xeyir-duası olmadan onun qalib gəlməsi inandırıcı deyil. Prezidentlərin Soçi görüşündən sonra Daşlıq Qarabağ münaqişəsinin həllində Rusiya müvafiq addımlar atmalıdır, çünki açar fiqurdur və Ermənistanı danışıqlar masasına əyləşdirmək mümkündür”.

****

Ermənistan baş nazirinin Qarabağ məsələsini indiki durumda arxa plana keçirmək cəhdini xarici şərhçilər də təsdiqləyir. “Hesab edirəm ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma mən fikirləşirəm ki, o bu güzəştlərə hazır deyil”. “Trend”in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.

****

R.Köçəryanın ölkədən çıxışının qadağan edilməsinin ardınca N.Paşinyanın Rusiya XİN başçısı Sergey Lavrovu faktiki olaraq ələ salan açıqlama verməsi Ermənistandakı rusiyapərəst qüvvələrin əlinə fürsət verib. Respublika Partiyasının təmsilçiləri Eduard Şarmazanov və Armen Aşotyan Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumundan narahatlıqlarını ifadə ediblər. “Yeni Müsavat” erməni mətbuatına istinadən bildirir ki, Şarmazanov N.Paşinyanın Lavrovun dediklərinə reaksiyasına sərt münasibət bildirib. Qeyd edək ki, S.Lavrov Rusiyanın Ermənistanda “qaynamaqda olan situasiyadan” həyəcan keçirdiyini bildirib. “Bizi həyəcanlandıran budur ki, Ermənistanda situasiya hazırda qaynayır, 10 il əvvəlki hadisələr araşdırılır, həbslər aparılır” - rus nazir deyib. Paşinyan isə Rusiyanın baş diplomatının narahatlığının qarşılığında “Bəli, doğrudan da bu gün yaman isti idi...” - deməklə Lavrovun dediklərini ələ salıb. E.Şarmazanov isə N.Paşinyanı “ciddi olmağa və layk yığmaq naminə zarafatlar etməməyə” çağırıb. “Cənab Paşinyan bu, ”KVN" deyil, ciddi Ermənistan-Rusiya münasibətləridir və mən düşünmürəm ki, müttəfiq dövlətə yumorla cavab vermək lazımdır" - Şarmazanov sərt şəkildə bildirib. A.Aşotyan da deyib ki, N.Paşinyan Ermənistanın sükanı arxasında oturub, lakin maşını sürə bilmir.

Diqqətçəkən budur ki, Rusiyanın təzyiqləri ilə baş-başa qalan Paşinyan hökumətinə Qərbdən dəstək gəlməyə başlayıb. Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Rusiyanın bu ölkədəki proseslərə münasibətinə reaksiya verib. O deyib ki, Kremlin münasibətinə Ermənistan hökuməti cavab verməlidir. Ancaq ABŞ diplomatı S.Lavrovun dediklərinə cavabında qeyd edib ki, onun ölkəsi 1 mart 2008-ci il hadisələrinin obyektiv və detallı araşdırılması istəyir. Bu, dolayısı ilə Ermənistanın “qaynadığını” deyən Lavrova cavabdır, həm də ABŞ-ın Ermənistana marağını nümayiş etdirir.

Erməni mediası istisna etmir ki, V.Putin N.Paşinyana Ermənistanın Suriyadakı proseslərdə Rusiya ilə birgə iştirak etməsini təklif edəcək. Elə bu günlərdə erməni mediası yazıb ki, Ermənistan hərbçiləri Suriyada Bəşər Əsəd qoşunlarının tərkibində silahlı müxalifətə qarşı döyüşəcək.

Avropa.info xəbər verir ki, bunu Ermənistan Politoloqlar Assosiasiyasının sədri Amayak Ovanisyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə anti-Rusiya mövqe sərgiləsə də, nəticədə bu mövqedən geri çəkilərək Moskvanın dediklərini qəbul edib: “Nəticədə Ermənistan NATO-nun hərbi təlimlərində iştirakdan imtina etdi. Əvəzində isə Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Artıq bununla bağlı məsələ həllini tapıb. Bu cür biabırçı formada geri çəkilib Rusiyanın şərtlərini qəbul edəcəkdinsə, onda niyə zamanında məsuliyyətsiz çağırışlar edib, bəyanatlar verirdin?” Ola bilsin ABŞ səfirini danışdıran həm də bu amildir.

Paralel olaraq Paşinyanın Qərbə reveransları, paralel olaraq Rusiya əleyhinə çıxışları, V.Putinin himayə etdiyi R.Köçəryanla bağlı sərt qərarları, KTMT baş katibi Y.Xaçaturovla bağlı qərarın qeyri-müəyyənliyi, həmçinin yeni hökumətin “ipə-sapa yatmaz” obrazı Ermənistandakı Serj Sərkisyan tərəfdarlarını hərəkətə keçməyə həvəsləndirib. Onlar parlament seçkiləri arasında revanş əldə etməyə çalışacaqlar, necə ki, artıq bunun simptomları görünür.

N.Paşinyanın Moskva səfəri ərəfəsində, üstəlik, Qərbin İrəvanla bağlı hərəkətliliyi fonunda Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi də maraqlı məsələdir. İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib. Qeyd olunub ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.

Təlimə 2 mindən çox hərbçi, 400-ə yaxın avtomobil, zirehli texnika, o cümlədən “MiQ-29" qırıcı, ”Mi-24P" və “Mi-8MTV” helikopterləri, pilotsuz uçan komplekslər cəlb edilib.

Rusiyanın hərbi təlimləri həm də Gürcüstanda hərbi təlimlər keçirən NATO-ya cavab sayıla bilər. Hansı ki, Kremlin xəbərdarlığından sonra İrəvan bu təlimlərdə iştirakdan vaz keçmişdi...

Elşad Paşasoy

Tarix: 6-09-2018, 09:56
Xəbəri paylaş





Xəbər lenti