“Qarabağ mitinqi siyasi qüvvələr üçün barometr rolunu oynayacaq” -Akif Nağı


QAT sədrindən mitinqdə iştirakla bağlı açıqlama

Qarabağ Komitəsi sentyabrın 29-da saat 15:00-dan 17:00-a qədər “Qarabağa azadlıq!” şüarı ilə “İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Artıq yer üçün sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Hələ ki qarşıda xeyli vaxt olduğu üçün Bakı Şəhər İcra Hakimiyyətindən müraciətə cavab verilməyib. Bundan əvvəl təyin olunmuş mitinqə razılıq verilməmişdi. BŞİH-in bu dəfə də mitinqə icazə verib-verməyəcəyi  suallar doğurur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, BŞİH-in müraciətə müsbət cavab verməsinə ümid edirlər: “Bu mitinqin məqsədi indiki beynəlxalq münasibətlərin həssas məqamında Qarabağ məsələsini gündəmə gətirməkdir. Beynəlxalq aləmə Qarabağ məsələsinin Azərbaycan cəmiyyəti üçün əsas problem olduğunu nümayiş etdirmək istəyirik. Eyni zamanda bu mitinq xalqımızın və onun milli vətənpərvər qüvvələrinin Qarabağı unutmadığını, torpaqlarını azad etmək üçün hər cür addıma, o cümlədən vətən müharibəsinə hazır olduğunu, bu problem ətrafında cəmiyyətimizin bütün təbəqələrinin birləşdiyini göstərmək məqsədi daşıyır. Məqsədimiz torpaqlarımızın azad edilməsinə öz töhfəmizi verməkdir. Məgər BŞİH bunu istəmir? Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlaşmalıyıq. İqtidarlar orduları müharibəyə hazırlaya bilər. Amma cəmiyyəti, xalqı müharibəyə onun milli vətənpərvər qüvvələrinin hərəkətə gəlməsi hazırlaşdırar. Əsas məqsədimiz Qarabağın əsas məsələ kimi gündəmə gətirilməsidir. Bu, siyasi aksiya deyil, mitinqdə siyasi şüarlar və tələblər də qoyulmayacaq”.

Bəs Qarabağ mitinqində iştirak üçün hakim partiyaya, digər siyasi, ictimai təşkilatlara dəvət göndəriləcəkmi?

Akif Nağı qeyd etdi ki, hələlik heç bir təşkilat rəsmi dəvət edilməyib. Bu məsələ müzakirə olunacaq: “Qarabağ Mitinq Komitəsini yaradarkən YAP icra katibi Əli Əhmədova məktub göndərdik. Məktubda göstərirdik ki, Qarabağ ümummilli problemdir, hər kəs, o cümlədən YAP üzvləri Qarabağın azadlığı tələbinə dəstək verməlidir. Komitədə siyasi təşkilatlara dəvət məsələsi bir daha müzakirə olunacaq. Amma müzakirəsiz də mətbuat vasitəsilə dəfələrlə demişik ki, bütün siyasi, ictimai qüvvələr, bütün vətəndaşlar mitinqə gəlməli,  Qarabağın azadlığı tələbini qoymalıdır. Qarabağın azadlığını istəyən hər kəs bu mitinqdə birlikdə olmalıdır. Əslində bu mitinq bütün siyasi təşkilatların Qarabağ məsələsinə münasibətini ölçəcək barometr rolunu da oynayacaq”.


Tarix: 18-09-2018, 09:25
Xəbəri paylaş





Xəbər lenti