Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizov keçmiş mer Hacıbala Abutalıbovun kadrlarını “təmizləməyə” başlayıb

Cahan.info xəbər verir ki,
mer səlahiyyətlərini yerinə yetirən E.Əzizov milli təfəkkürə malik kadrları vəzifəsindən uzaqlaşdırır, ən yaxşı halda rütbəsini kiçildir.

Onlardan biri Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri vəzifəsindən azad olunan Rasim Quliyevdir. Başçı müavini aparat rəhbərliyinə öz adamını gətirib.

Jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu feysbukda yazmışdı ki, E.Əzizovun qərarı birmənalı qarşılanmayıb: “Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib”.

Rasim Quliyev modern.az-a qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib: “Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub: “Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır.

Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Lakin sabiq aparat rəhbəri məsələnin mahiyyətini gizlətməyə çalışıb. Heç bir məmur aparat rəhbəri postundan öz xoşu ilə istefa verib, departament sədrliyinə getməz.

Görünür ki, E.Əzizovun onun yerinə öz kadrını gətirməsindən narazılıq edən R.Quliyevin şikayəti yuxarılara çatmasın deyə onu yeni vəzifəyə təyin edib.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

Cahan.info xəbər verir ki, meriyada Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov çamadan ovqatındadır.

Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov, Mənzil təsərrüfati şöbəsinin müdiri Vüqar Seyidov da yaxşı vəziyyətdə deyil. Onlar bu vəzifələrdə illərdir ki, varlanıblar.

Bəzi məlumatlara görə, E.Əzizov müavin gəldikdən sonra digər müavin Fidumə Hüseynovanın mövqeləri zəifləyib.

Abutalıbovun gedişindən sonra F.Hüseynova meriyanı idarə edirdi. Əzizov isə özünü icra başçısı kimi aparır və sərəncamları o verir. Aparat rəhbəri postuna təyinat da buna sübutdur.

Məlumatda deyilir ki, E.Əzizovun sərəncamı onun icra başçısı təyin olunacağına işarədir. Əgər R.Quliyevi işdən azad edirsə, deməli komandasını formalaşdırır.

Prezidentin sərəncamı ilə Bakı meri təyin olunarsa, özünün müavin postuna da başqa yaxın adamını gətirəcəyi şübhə doğurmur. Artıq meriyada da müzakirələr gedir.

Bir çoxları E.Əzizovun icra başçısı olacağına əmindirlər və rəsmi sərəncamın yayılması gözlənilir. Gəncədən Sumqayıta, Sumqayıtdan Səbayel rayonuna qədər rəhbər postlarda olmuş Əzizov üçün paytaxt hakimiyyətini götürmək yolu açılır.

Hərgah, bu vəzifə uğrunda bir çox məmurlar mübarizəyə girişmişdilər. O sırada Cavid Qurbanov, Elmar Vəliyev, Niyazi Bayramov və bir sıra məmurların adları çəkilirdi.

BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub. O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

İddia olunur ki, yeni iddiaçılardan biri “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Qeyd edək ki, R.Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır.

Rövşən Sadıxov 2005-2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, keçmiş nazir Eldar Mahmudovun qudasıdır.
Sadıxovlar əslən Laçın rayonundandır və keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı, mərhum Rövşən Cavadovun qohumu kimi tanınırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna iddialı şəxslərdən ikincisi illərdir bu qurumda xüsusi səlahiyyətlərə sahib olan Nərminə İsaqovadır.

Əslən Qubadlıdan olan N.İsaqovanın qardaşı Malik İsaqov hazırda eyniadlı rayonun icra başçısıdır.

Bir sıra iddialara görə, Nərminə İsaqova hakimiyyətdə kifayət qədər əlaqələri olan xanımdır. Mediada yayılan məlumatlara əsasən, hazırda tikinti şirkətlərinə sərəncamların verilməsi birbaşa onun kurasiyasındadır. Amma görünən budur ki, Əzizov meriyanı götürməyə hazırlaşır və təyinatlarla bunu işarə edir.