Dəyişən dünyanın yeni şərtləri bizi Qarabağa yaxınlaşdırırmı?


Ekspertlər Azərbaycanın ən böyük problemi ilə bağlı fərqli fikirdədirlər

Müasir dünyada ciddi dəyişikliklər baş verir. Gözümüzün qarşısında bir dəyişən dünya, üstəlik, dəyişən şərtlər var. Bu vəziyyətdə dünyanın düzəninin dəyişdiyi, hətta 3-cü Dünya savaşı astanasında olduğumuzu söyləyənlər də az deyil.

Dünyanın supergücü ABŞ-ın başına tamam fərqli bir insan gəlib və o, qəbul etdiyi qərarlar, sərgilədiyi davranışlarla çoxlarını heyrətləndirir. Amma diqqəti cəlb edən təkcə Birləşmiş Ştatların sərgilədiyi siyasət deyil. Bir sıra amillərə nəzər salmağımız ümumi mənzərə barədə rəy söyləməyə imkan yaradır.  

Türkiyə-Rusiya münasibətləri xeyli yaxşılaşıb və müsbət dinamika daha geniş perspektivlər açır. İki imperiyanı təmsil edən qonşu dövlətlər bir araya gəlib, hətta əlaqələr təyyarə olayından əvvəlki dövrdən də yaxşı haldadır. Üstəlik, Azərbaycan-Rusiya əlaqələrində vaxtilə mövcud olan problemlər də geridə qalmaqdadır. Rusiya rəhbərliyinin Azərbaycana önəm verdiyini, dövlətimizin rolunu yüksək qiymətləndirdiyini son illər daha tez-tez eşidirik. Rusiya lideri ilə ölkəmizin prezidenti arasında dostluq münasibəti mövcuddur ki, bu da son nəticədə ölkələrimiz arasındakı əlaqələrə müsbət təsirini göstərir. Rusiya-Ermənistan əlaqələri isə əksinə, tarixdə görünməmiş şəkildə pisləşib. Paşinyan hökumətinin Qərbə reveransları Kremli bərk qəzəbləndirib və İrəvanın cəzalandırılması qaçılmaz hala gəlib. Digər tərəfdən, dəyişən dünyada bir məqamı da qeyd etmək lazım gəlir. Ermənistanda “Qarabağ klanı”nı inqilab nəticəsində qalib gəlmiş şəxs əvəzləyib. Vaxtilə “Miatsum”dan formalaşan erməni ictimai rəyi indi fərqli ovqata köklənmiş kimi görünür, reallığı dərk edən, fərqli davranmağa meylli görünən insanlar var.

Bizimçün bu dəyişən dünyada vacib olan təbii ki, Qarabağ məsələsidir. Qarabağ torpaqları işğalda qaldıqca Azərbaycan xalqının üzü gülməyəcək, ürəyi açılmayacaq, bu, aksiomadır. Torpaqlar azad olunmayınca, bizim hər birimizdə natamamlıq hissi mövcud olacaq. Dövlət başçısından tutmuş, ucqarlarda yaşayan adi insanlara qədər, hər birimizin ürəyinə hakim kəsilmiş bir arzu-istək var - Qarabağın azadlığına nail olmaq! Ölkəmizin bütün potensialı torpaqlarımızın işğaldan azad olunması uğrunda səfərbər olunmaqdadır.

Təbii ki, Azərbaycan indiki halda güc yolu ilə torpaqlarını azad etmək iqtidarındadır. Amma beynəlxalq güclər bir qayda olaraq məsələnin sülh yolu ilə həllinə çağırış edirlər. Ölkəmizin regionda söz sahibi olması, iri neft-qaz, dəmir yolu layihələrini reallaşdırması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, üçtərəfli formatlarda iştirakı və s. kimi məsələlər Azərbaycanın önəmini daha da artırır. Yuxarıda qeyd etdiyimiz kimi, dəyişən dünyadan Qarabağla bağlı nələr gözləyə bilərik? Məsələ ilə bağlı ekspertlərimizə müraciət etdik.

Politoloq HikmÉt HacızadÉ ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə bildirdi ki, vəziyyətlə bağlı nikbin deyil: “Mənim aləmimdə, bütün bu dəyişikliklərə baxmayaraq, Qarabağla bağlı heç nə dəyişməyib. Qarabağın açarı Moskvanın əlindədir. Moskva isə bu problem vasitəsilə həm Azərbaycanı, həm də Ermənistanı nəzarətində saxlamaq istəyir. Üstəlik, rus ordusunu Azərbaycana qaytarmaq istəyir. Qalan şeylər teatrdır”. H.Hacızadənin fikrincə, dünya dəyişməyib: “Hamısı kosmetik dəyişmələrdir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a açıqlamasında əsaslandırılmış şəkildə nikbin mövqeyini bölüşdü: “Vəziyyət indi Azərbaycanın xeyrinədir. Sadaladığınız amillərlə yanaşı, digər amillər də mövcuddur. Yəni Ermənistana nisbətən Azərbaycanda iqtisadi, siyasi, demoqrafik vəziyyət daha üstündür. Bu baxımdan təbii ki, geopolitik imkanlar Azərbaycanın tərəfindədir. İstisna etmirəm ki, uzanmış bu münaqişə ilə bağlı vəziyyətin ciddi şəkildə dəyişməsinin vaxtı gəlib çatıb. Çünki uzun müddət davam edən işğal artıq öz rolunu itirib. Əvvəl bu işğal və onun nəticələri Azərbaycana təzyiq kimi istifadə olunurdusa, indiki mərhələdə bu vəziyyət ilk növbədə Rusiya üçün əhəmiyyət kəsb etmir. Çünki digər amillər ortaya çıxıb. Hesab edirəm ki, bu münaqişə faktor kimi öz əhəmiyyətini itirib. İndi bilmirəm, hansı hadisə bunun üçün təkan ola biləcək, amma istənilən halda bu şəraitdə vəziyyət dəyişməlidir, bu birmənalıdır”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

T.Zülfüqarov Rusiya prezidenti Vladimir Putinin səfəri ərəfəsində Bakı və Moskva arasında münasibətlərin kifayət qədər yaxşı olduğunu, əksinə, Ermənistan-Rusiya əlaqələrinin isə tarixdə görünməyən şəkildə pisləşdiyini də vurğuladı: “Bu da ümumi proseslərin nəticəsidir. Yuxarıda tezis şəkildə sadaladığımız amillər gətirib buna çıxarıb. İndi qarşıdakı səfərdən gözləntilərlə bağlı bəzi suallar mövcuddur. Ümumi cavab versək, gözləyirik ki, bu tendensiyalar güclənəcək. İctimaiyyətə çatdırılan məsələlər təbii ki, iqtisadi-siyasi məsələlər, humanitar sahədə əməkdaşlıqla bağlı olacaq. Ümumi bir fikir olacaq ki, Qarabağ məsələsi də müzakirə olunub. Amma konkret deyə bilərik ki, artıq Rusiya və Azərbaycanın mövqelərinin yaxınlaşma tendensiyası güclənəcək. Səfər bu tendensiyanı daha da gücləndirəcək, hansı müddətdə, bunu zaman göstərəcək”.

Bəs “Qarabağın açarı” rolunu oynayan Rusiya, nəhayət, Qarabağ məsələsinin həlli istiqamətində addım atacaqmı? T.Zülfüqarov: “İndiki səfərlə əlaqədar bunu demək çətindir. Amma yaxın gələcək onu göstərəcək. Biz ümidliyik və tendensiya onu göstərir ki, artıq ümidlər üçün hansısa impulslar var”.

Eks-nazir Rusiyanın Ermənistandan çəkilməsi prosesinin də davan edəcəyinə əmindir: “Bu fikri ilk dəfə səsləndirəndə ona qarşı çıxanlar çox oldu. Amma indi Rusiya ilə Ermənistan arasında uzaqlaşma prosesi ki gedir, artıq elə bil hamı bununla razılaşır. Qismən də olsa, bəziləri deyir bu, oyundur. Amma mən düşünürəm ki, bu, təbii bir prosesdir. Təbii ki, Rusiya Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq edəcək. İqtisadiyyatın 70 faizi Azərbaycandadır, demoqrafik baxımdan ən güclü ölkədir, coğrafi baxımdan önəmli ölkədir, bütün tranzit xətlər Azərbaycandan keçir. Uzunmüddətli siyasət nəticəsində artıq Azərbaycan geosiyasi faktorların hamısını işə salıb və gücləndirir. Bu, gec və ya tez öz nəticəsini verməliydi. İndi bu nəticənin daha real görünməsi artıq faktdır”.

T.Zülfüqarov Türkiyə amilinin də nəzərə alınmasını zəruri sayır: “Türkiyədə artıq xarici və daxili siyasətin vacib amillərindən biri Suriya, Kipr məsələsi ilə yanaşı, Dağlıq Qarabağ problemi də bir faktor kimi mövcuddur. Yəni daxili siyasətdə bilirik ki, seçkilərqabağı həm müxalif, həm hakim partiyada bu, bənd kimi mövcud idi. Xarici siyasətdə də bunu müşahidə edirik. Dövlət başçısı, yaxud baş nazir hara gedirsə, bu məsələni müzakirə edir, həm Moskvada, həm Vaşinqtonda, həm də digər paytaxtlarda”.

Sabiq nazir ümumilikdə Qarabağla bağlı nikbindir: “Biz güclənirik və bu tendensiya göz qabağındadır. Açığı, proses çox uzanıb, tarixi baxımdan çox böyük vaxt aparıb. Amma digər münaqişələrə baxsaq, görərik ki, postsovet məkanında buna bənzər digər münaqişələrdə də vaxt uzanıb. Lakin bizdəki tendensiya daha müsbətdir. Yəni Gürcüstanı, Krımı götürək, Qarabağla  müqayisə etsək, görərik ki, bizdə perspektivlər daha çoxdur, nəinki orada. Ya da Dnestryanı münaqişəyə baxaq, Moldovanın bizim kimi güclənməsini görə bilmirik, həm hərbi, həm də iqtisadi baxımdan. Bizdəki vəziyyət daha əlverişlidir, nəinki digər konfliktli ölkələrdə”.

Elşad PAŞASOY

Tarix: 25-09-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti