Küsəyən Putin və sözünü bilməyən tramp...


Sentyabrın 25-dən oktyabrın 1-dək BMT Baş Assambleyasının tirubunasına 93 dövlət başçısı və 41 hökumət başçısı qalxacaq. Amma onların arasında V.Putin olmayacaq.

Dövlət başçılarının böyük BMT tədbirini diqqətdən kənarda qoyması nadir hadisə deyil. Putindən savayı Almaniyan kansleri və Çinin lideri də Baş Assambleyanın sessiyasını şərəfləndirməmək qərarına gəliblər.

Putin həzrətlərisə bunu üçüncü dəfə, özü də ardıcıl olaraq edir. Səbəbi budur ki, Rusiya prezidenti ədalətsiz münasibətə görə BMT-dən küsüb!..

Düz oxudunuz, Rusiya lderi hesab edir ki, böyük dövlətlər kimi, dünyanın ən böyük təşkilatı da onun ölkəsinə qarşı ədalətsiz mövqe sərgiləyir. Nə demək olar? Bircə onu deyəcəyik ki, bizim daha deyiləsi sözümüz yoxdur...

Nyu-York əvəzinə V.Putin BMT-dən həqiqətən küsmək haqqı olan Azərbaycana səfər etməyi qərara almışdı. Özü də tək Azərbaycana yox, həm də Azərbaycanın şikayətçi olduğu Ermənistana...

Putini sentyabrın 25-də gözləsək də və telekanallarımız “Gəlir! Gəlir!” desələr də Rusiya prezidenti ayın 25-də səfərilə Bakını şərəfləndirmədi. Ertəsi gün də, bu sətirləri yazarkən də səfərlə bağlı hansısa açıqlama verilməmişdi. Amma güman edirik ki, gələr, çünki Bakıda iki ölkənin iştirakı ilə ciddi tədbirlər nəzərdə tutulub. Hətta səfərin vaxtı dəyişdirilsə belə bunun bizim qeyd etmək istədiyimiz bir–iki məqama dəxli yoxdur, çünki onlar Bakı-Moskva münasibətlərində mövcümi xarakter daşımır.

Əsas da səfərin ikinci ünvanı - İrəvanla bağlı xüsusilə bir qeyri-müəyyənlik yaşanırdı. Fəqət, bu da problem deyil, ona görə ki, bu günlərdə Düşənbədə MDB-nin növbəti toplantısı olacaq və Ermənistanın baş naziri də tumanın balağını tuta - tuta Nyu-Yorkdan birbaşa Düşənbəyə qaçacaq və “köhnə dost”ların sayca üçüncü görüşü bu dəfə ola bilsin, Tacikstanda baş tutacaq,- əlbəttə, V.Putin İrəvana səfərindən  daşınsa...

Bakıda müzakirə etməyi nəzərdə tutulan məsələlərə gəldikdə, əslində bunlar konkret görüşlərdə qaldırılan mövzular deyil, iki ölkə arasında mütəmadi olaraq gündəmə gəlir və bu konteksdə xeyli gümanlar var.

Söyləyirdilər ki, Rusiya prezidenti bu dəfəki səfərində də KTMT və Avrasiya Birliyi ilə bağlı Bakının “nəbzini yoxlamağı” düşünürdü.    

Bakının cavab reaksiyası ilə bağlı azı bir neçə ehtimal səslənir. Kimisi deyir ki, Azərbaycanın bir şərti var: Əvvəl Qarabağ, yəni torpaqlarımız!

Kimisi isə ərz edir ki, məsələ, ümumiyyətlə, müzakirə predmeti ola bilməz, çünki Bakını indiki hərbi–siyasi statusu, Rusiya və digər MDB ölkələrilə əlaqələrinin səviyyəsi tamamilə qane edir.

Etiraf edirik ki, biz də ikinci yanaşmanın tərəfdarıyıq. Hesab edirik ki, ölkənin bir hissəsini geri qaytarmaq üçün onun böyük hissəsindən, hətta bütün hissəsindən keçmək qəti düzgün qərar olmaz, xüsusən də nəzərə alanda ki, Kreml həmişə “Doveryay, no proveryay!” prinispilə hərəkət edir və Dağlıq Qarabağı Azərbaycana qaytarmaq fikrinə düşərsə onu elə şərtlə, elə mexanizm çərçivəsində qaytaracaq ki, Bakının daha ora-bura çabalamaq imkanı olmasın, daim Moskvanın ovcunda qalsın.

Amma Putin bizə nəsə deməlidi: ya professor A.Duqin kimi günahı Paşinyanın üstünə yıxmalıdır, ya da İrəvana gedib Nikolun ağlını başına qoymalıdır ki, bəs 2016-cı ilun aprel döyüşləri zamanı kişilərə söz vermişəm ki, savaşa son verin, biz problemi dinc yolla həll edəcəyik!..

Fəqət, o bunu nə tərzdə, hansı tövrlə deməyi düşünür, ümumiyyətlə, bunu deməyi düşünürmü – təəssüf, bu haqda heç nə bilmirik və bircə qandığmız budur ki, İrəvanda mer seçkilərini N.Paşinyanın adamı uddu, busa o deməkdi ki, Nikolun hakimiyyəti azaca da gücləndi, institusional məzmun aldı.

Putin nə edəcək? Nikolu təbrik edəcək, yoxsa illər bundan öncə parlamenti gülləbaran etdikləri kimi indi də İrəvana öz gədalarından bir neçəsini göndərib meriyanı gülləbaran edəcəkdir? Bilmirik, çünki keçmiş KQB adamlarının fikirlərini uzaqdan, xüsusən də televiziya ekranlarından oxumaq bacarığımız yoxdur.

Üstəlik, qanımızı qaraldan başqa detal ABŞ-dan gəldi. O da budur ki, Putindən fərqli Baş Assambleyanın sessiyasına qatılan D.Tramp bu günlərdə Ermənistanı “müstəqilik günü” ilə bağlı təbrik etdi və ölkəyə Suriya qaçqınlarını ərazisində yerləşdirdiyi üçün təşəkkür etdi!

Başqa heç nə deməyəcəm, çünki D.Trampın sözlərini şərh etmək özü səfehlikdir...

Hüseynbala Səlimov
Tarix: 26-09-2018, 21:03
Xəbəri paylaş





Xəbər lenti