Zərdüşt Əlizadə: “Akopyanın dedikləri boş sohbətdir ki, ABŞ Qarabağı Azərbaycana qaytarır”

 Zərdüşt Əlizadə: “Akopyanın dedikləri boş sohbətdir ki, ABŞ Qarabağı Azərbaycana qaytarır”
Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zaman deyib ki, Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır.
Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya, İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində “konstruktiv” danışıqları davam etdirəcəyini deyib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək”.
Erməni baş nazir “Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək” desə də, o, BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında ikinci açıqlamasında həmişəki kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanat səsləndirib və Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirib: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”.
İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.
Hətta baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.
“Dağlıq Qarabağ münaqişəsi tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır”, - deyərkən görünür, Paşinyan Dağlıq Qarabağa xüsusi statusu verilməsini güzəşt hesab edir. Çünki Paşinyanın ikinci bəyanatındakı “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz” fikri bunu deməyə əsas verir. Ancaq Azərbaycanın Dağlıq Qarabağa xüsusi status verməsi Dağlıq Qarabağın tam itirilməsi deməkdir ki, bu güzəştdən də söhbət gedə bilməz. Bu baxımdan, tərəflərin konstruktiv danışıqları davam etdirməsi mümkünsüz görünür.
“Hər bir məkanın, çevrənin özünün danışıq tərzi var”
Erməni baş nazirin birinci bəyanatını politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə belə şərh edib:“Siz təsəvvür edin ki, dostlarla bir məclisdəsiniz özünüzü bir cür aparısınız, sonra gedirsiniz imtahana, müəllimin qarşısında başqa cür çıxış edirsiniz. Sonra da gedirsiniz yüksək səviyyəli məmurların iclasına, tamamilə özünüzü başqa cür aparırsınız. Paşinyan da xalqına xoş gəmək üçün müharibə ruhlu, ötkəm, lotusayağı bəyanatlar, vədlər verir. İndi isə beynəlxaq hüququn yuvası olan BMT-yə gəlib. Orada təbii ki, sülhdən və barışıqdan danışmalıdır. Hər bir məkanın, çevrənin özünün danışıq tərzi var. Paşinyan da siyasətçidir, anlayır ki, BMT-də mitinqdə danışan kimi danışsa, onu fitə basıb qovarlar. Ona görə, o, hüququn dilində güzəştdən, süldən və barışdan danışır. Onun bu bəyanatına Amerkanın heç bir təsiri yoxdur. Sadəcə, BMT Amerikada yerləşir. BMT də beynəlxalq təşkilatdır, forumdur, oranın öz qanunları var və Paşinyan da o qanunların dili ilə danışır”.
“Paşinyan ikinci bəyanatı ilə aydınlaşdırdı Qarabağ heç vaxt Azərbaycana qayıtmayacaq”
Paşinyanın “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq” sərsəm açıqlamasına gəlincə, Əlizadə dedi ki, əvvala, o birinci bəyanatda deməmişdi ki, biz Qarabağı Azərbaycan qaytarırıq: “O, demişdi ki, biz münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcəyik”. O, ikinci bəyanatı ilə birinci bəyanatı daha da aydınlaşdırdı və dedi ki, Qarabağ heç vaxt Azərbaycana qayıtmayacaq. Mən bu bəyantlarda bir ziddiyyət görmürəm. Siz nə üçün onu sərsəm adlandırısınız? Onların mövqeyi odur ki, Qarabağ Azərbaycandan qan bahasına alınıb və müstəqil dövlət olaraq Ermənsitana qatılacaq. Bu, onların mövqeyidir. Sən isə onu sərsəm adlandırısan. Onlar isə İlham Əliyevin “Qarabağın statusu yalnız Azərabycan suverenliyi çərçivəsində müəyyənləşəcək və hələ İrəvan da qədim Azərbaycan torpağıdır” deməsini sərsəm adlandırır. Biz tərəfin bu cür mövqeləri həqiqətən də sərsəmdir. Amma sülhə xidmət edən bəyanat versəydilər, Qarabağ məsələsi həll olunardı. Mən Paşinyanı anlayıram, o seçki ərəfəsindədir, erməni qara kütləsinin xoşuna gəlmək istəyir. İlham Əliyevi də başa düşürəm. 25-30 ildir Azərbaycan xalqının başının altına yastıq qoyub, aldadırlar, nağıl danışırlar. Onu da mən anlayıram. Amma əgər həqiqətən sülh istəsəydilər, deyərdilər ki, gəlin, Qarabağ münaqişəsini həll edək. Nə Azərbaycan, nə də Ermənistan incisin, Dağlıq Qarabağda əhali birgə yaşasın. Bunu etmirlər. Çünki Rusiya onlara qadağan eidb ki, sülhə nail olmayın”.
“Rusiya əlindəki qarmağın bir ucunu Ermənistan, bir ucunun isə Azərbaycan hökumətinə keçirib”
“Dağlıq Qarabağa xüsusi statusun verilməsi qəbul ediləndir ki” deyə sual etdikdə Z. Əlizadə belə cavab verdi: “İndki vəziyyətdə Qarabağ Azərbaycanın tərkibində deyil. Azərbaycanın Qarabağı qaytarmağa nə hərbi, nə siyasi gücü, nə də hörməti var. Korrupsiyaya uğramış öz vətəndaşını əzən, şərləyən, satqın hakimləri, oğru məmurları olan dövlətə heç kəs hörmət eləməz. Bu, aksiomadır. Azərbaycan hökuməti elə bilir ki, pulla ona hörmət edirlər, amma o yanılır. Şərəfli insanlara, şərəfli hökumətə hörmət edirlər. Hələlik Paşinyan hökuməti belə bir şərəfli hökumət olmağa iddia edir, rüşvət almır, xalqla hesablaşır. O, gözəl bilir ki, bu yolla Qarabağı özünə birləşdirə bilər. Amma mən hesab edirəm ki, o, yanılır. Çünki Rusiya imkan verməyəcək ki, Qarabağ nə Ermənstanın, nə də Azərbaycanın olsun. Rusiya əlindəki qarmağın bir ucunu Ermənistan, bir ucunun isə Azərbaycan hökumətinə keçirib”.
“Əgər ermənilər müharibə ritorikasından əl çəksələr, Azərbaycan rəsmi mediası erməni xalqına nifət kampaniyasını saxlasa, Azərbaycan həqiqətən də erməni və Azərbaycan xalqlarının barışması üçün qoyduğu qadağaları götürsə, mən düşünürəm ki, Paşinyan da bu yola qədəm qoya bilər”, -deyə politoloq qeyd etdi.
“Akopyanın dedikləri boş sohbətdir ki, ABŞ Qarabağı Azərbaycan qaytarır”
“Erməni siyasi şərhçi Samvel Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini deyib. Guya, Vaşinqtonun əsas hədəflərindən biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Siz necə düşünürsünüz deyə sual etdikdə Əlzadə bildirdi ki, o, Akopyandan çox üstün başqa bir erməni şərhçisi ilə danışıb: “O, and içir ki, “Paşinyanı Rusiya hakimiyyətə gətirib ki, ikinci Elçibəy kimi Ermənistanın başına od ələsin”. Mən erməni şərhçinin firkinə qulaq asmıram, öz ağlım var. Paşinyan kimdir tanıyıram, izləmişəm. Paşinyan hakimyyəti istəyirdi, hakimiyyəti də götürdü, hakimiyyətdə möhkəmlənmək istəyirdi, bütün imkanlardan istifadə edib möhkəmləndirir. Lazımdırsa, müharibə vədləri verir, özünü çox ötkəm aparır. Mən əminəm ki, Paşinyan parlament seçkilərini keçirməyə müvəffəq olsa və orada qalib gəlsə, o, daha ağlabatan və gerçəkçi siyasət yürüdcək, o şərtlə ki, Azərbacan da bu siyasəti yürütsün. Akopyanın dedikləri boş sohbətdir ki, ABŞ Qarabağı Azərbaycan qaytarır. Fərz edək ki, siz nəyisə qaytara bilərsiniz, bu, sizdədir. Əgər sizdə deyilsə, siz onu qaytara bilməzsiniz. Qarabağ Ermənistanda deyil ki, Ermənsitan onu qaytarsın, Qarabağ nə Azərbaycanda, nə də Ermənistdadır, Rusiyadadır. Amerika özünün və Ermənistanın olmayan Qarabağı necə Ermənisitanı məcbur edə bilər ki, onu Azərbaycana qaytar. Boş sohbətdir. Qarabağ Rusiyanın əlində bölgəni nəzarətdə saxlamaq üçün ən təsirli vasitəsidir. Azərbaycan və erməni xalqları birləşib ortaya barış mövqeləri qoymasalar, Rusiya bu təsirli vasitədən imtina etməyəcək. Onu etsələr, bəli, Qarabağ münaqişəsi həll olunar. Yoxsa Ermənistan və Azərbaycan desə ki, Qarabağ bizimdir, Rusiya Qarabağ məsələsini havadan asılı vəziyyətdə saxlayıb, bölgəni nəzarətədə saxlayacaq.
“Həlledici rol Rusiyadadır”
Əlizadənin fikrincə, Qarabağ məsələsində ABŞ-ın həlledici rolu yoxdur: “Həlledici rol Rusiyadadır. Ona görə Rusiyadadır ki, Azərbaycan və erməni xalqları münaqişəyə sahib çıxmaq istəmirlər. Onlar münaqişəni davam etmək istəyirlər. Münaqişəni həll etmək istəsələr, onda Azərbaycan və erməni xalqı münaqişənin sahibi olacaqlar və Rusiyadan kənarlaşıb, münaqişəni həll edəcəklər, regionu da Qarabağ qarmağından qurtacaqlar”.
Tarix: 27-09-2018, 17:09
Xəbəri paylaş





Xəbər lenti