İrəvandan ikili Qarabağ oyunu - Təhlil


İrəvandan ikili Qarabağ oyunu - Təhlil

Fikrət Sadıqov: “Paşinyan və xarici işlər naziri ilə tamaşa oynayır”

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Cebhe.info-nun məlumatına görə, Elmar Məmmədyarov və Zöhrab Mnasakanyan arasında sentyabrın 26-da Nyu-Yorkda aparılan danışıqların birinci mərhələsində  ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şeffer və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də  iştirak edib.  

Görüş əvvəl geniş formatda, sonra isə xarici işlər nazirləri arasında təkbətək davam etdirilib. Görüşdən sonra açıqlama verən Z.Mnasakanyan ikitərəfli qaydada və həmsədrlərin bölgəyə gözlənilən səfəri çərçivəsində danışıqları davam etdirmək barədə razılığa gəldiklərini deyib. 

Lakin danışıqların bərpası və davam etdirilməsi Ermənistan hökumətinin son vaxtlar prosesi pozan bəyanatlarının aradan qaldırılmasından sonra mümkün ola bilər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu deyən baş nazir Nikol Paşinyanın rəsmi Bakını Xankəndindəki qondarma rejimlə dialoqa çağıran şovinist bəyanatları fonunda danışıqların davam etdirilməsi qeyri-mümkün görünür. Ona görə də danışıqların konstruktiv məcrada davam etdirlməsi üçün  Paşinyan hökuməti özünün son açıqlamalarından imtina etməlidir.   

Azərbaycan Prezident Administrasiyasının  xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin açıqlaması da  Nikol Paşinyanın mövqeyini dəyişmədən münaqişənin nizamlanması prosesində hər hansı irəliləyişin olmayacağını bir daha təsdiq edir. Hikmət Hacıyev bildirib ki, Ermənistanın baş naziri  sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir:

"Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmətsizlik şəraitində işğal edilmiş ərazilərin ilhaqına çağırır. Ermənistanın baş naziri BMT-nin mənzil-qərargahında olduğu halda, münaqişənin həllinin siyasi-hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən qəsdən sükutla keçir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olmağı dayandırmalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Yalnız bu halda münaqişənin həlli, regionda davamlı sülh və sabitliyin təmin olunması mümkündür".

Məsələni Cebhe.info-ya şərh edən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti  sülh danışıqlarını ikitərəfli qaydada davam etdirmək məcburiyyətindədir. Artıq Nikol Paşinyanla Zöhrab Mnasakanyanın bəyanatları arasındakı fərq bunu təsdiq edir:

“Ermənistanın xarici işlər nazirinin dedikləri  bir daha göstərir ki, Paşinyanın fikirləri boş ifadələrdir, reallıqdan uzaq və heç bir prinsiplərə əsaslanmayan sərsəm bəyanatlardır. Hətta Paşinyan elə bəyanatlar səsləndirib ki, normal insan bunu ciddi qəbul etməz. Onun BMT Baş Assambleyasının tribunasındakı çıxışı da oyuncaq və qeyri-ciddi fikirlərdən ibarət idi. İndi belə çıxır ki, baş nazirlə xarici işlər naziri sanki bir oyun oynayır, siyasi tamaşa qurur. Baş nazir deyir ki, mən sərt ifadələr işlədəcəm, sən isə çalış yumşaq mövqe nümayiş etdir, Azərbaycanı yola gətir ki, danışıqlar prosesi pozulmasın. Mən həmişə demişəm ki, Ermənistan bu danışıqları davam etdirməyə məhkumdur. Çünki dünya birliyi var, ATƏT-in Minsk Qrupu formatı var. Bunlar danışıqlardan yayına bilməz. Azərbaycan da heç bir şərti qəbul etməz. Mən əminəm ki, gələcək danışıqlar da həmin formatda keçiriləcək. Heç bir separatçı rejimin nümayəndəsi də orada iştirak etməyəcək.  Paşinyan verdiyi hay-küylü bəyanatlardan  imtina etməli olacaq. O, küçədən parlamentə gələndən sonra bir sıra ziddiyyətli bəyanatlar verib. Baş nazir seçiləndən sonra Paşinyan deyirdi ki, Rusiya ilə münasibətlərə düzəlişlər etməliyik. Amma seçiləndən sonra qaça-qaça Soçiyə getdi və Putini əmin etdi ki, Rusiya onun ən yaxın müttəfiqidir. Paşinyanın psixi durumu ola bilsin elə vəziyyətdədir ki, nə danışdığını anlamır və tamaşa xarakterli səhnə yaradır”.


Tarix: 27-09-2018, 21:26
Xəbəri paylaş





Xəbər lenti