Azərbaycanla QARABAĞ MÜQAVİLƏSİ, sağ qalmaq ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyin azalmasından danışıb. Bu gün "Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayıb. ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib. Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb. Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir.
Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz. Bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.
“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.
Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.
Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.Paşinyanın lideri olan “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan “aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etdi. Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə dəstək ala bilməməsidir.
Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür. Onun fikrincə, Paşinyan “Qarabağ klanı”na müharibə elan etməyəcəyi təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.
“Ermənistan-Azərbaycan sərhədində gərginlik görünməmiş səviyyədə aşağı enib”. Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, təmas xəttində toqquşmalardan ölənlərin sayı da son illərlə müqayisədə çox aşağıdır.
Bu gün "Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayıb. Dünyanın ən güclü 20 iqtisadiyyatına sahib ölkənin liderlərinin bir araya gəldiyi 2 günlük zirvə Argentinada keçirilir.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Argentinada keçirilən G20 sammitində razılaşdırılmış görüşdən imtina edib. Bu haqda Tramp özü açıqlama verib.
Belə bir qərarın qəbul edilməsinə səbəb Kerç körfəzində yaşanan insident olub. Trampın sözlərinə görə, onu bu addımı atmağa məcbur edən səbəb gəmilərin və hərbçilərin hələ də geri qaytarılmamasıdır.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü, ehtimal ki, Kerç boğazı ətrafındakı hadisə deyil, ölkəsindəki daxili siyasi vəziyyətə görə ləğv etdi. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
ABŞ Prezidenti Trampın Rusiya lideri Putinlə görüşü ləğv etməsi piar gedişidir. Bu sözləri Trampın Putinlə Argentinada nəzərdə tutulan görüşünü ləğv etməsinə münasibət bildirərkən Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib. Onun sözlərinə görə, bu addımla Tramp ABŞ daxilində reytinqinə xidmət edir.
“Trampın Putinlə görüşünü ləğv etməsi növbəti antidiplomatik gedişdir. Görünür, ABŞ daxilində Rusiyaya qarşı olan qüvvələrin təzyiqinə qarşı piardır. Düşünürdüm ki, görüş hətta ayaqüstü də olsa, baş tutacaq. Ancaq bu, Trampın şəxsi mövqeyidir ki, Rusiyaya qarşı tammiqyaslı siyasət yürüdür”, - Slutski bildirib.
Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb. İki ölkənin addımını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.
Bu məlumatı RİA-ya Brüsseldəki mənbələrindən biri təsdiqləyib.
“NATO-da anlayırlar ki, ittifaq gəmilərinin Azov dənizinə göndərilməsi hansı nəticələrə gətirib çıxara bilər”.Bu haqda Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov NATO gəmilərinin Azov dənizinə girəcəyi halda, Rusiyanın onları vurub-vurmayacağı barədə suala cavab olaraq “EurActiv” informasiya resursuna bildirib.
“Bu, əlbəttə, onların davranışından asılı olacaq, amma mən əminəm ki, NATO belə təhlükəli addıma cəhd edəcək qədər axmaq deyil”, - rusiyalı diplomat deyib.
O həmçinin qeyd edib ki, NATO gəmiləri nəzəri olaraq “dost səfəri” çərçivəsində həm Rusiya, həm də Ukraynanın icazəsi ilə gələ bilər.
“Rusiya çətin ki, belə səfərə razılığı verəcək”, - Çijov əlavə edib.
Daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild” nəşrinə bildirib ki, Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin hadisə rayonuna göndəriləcəyinə bel bağlayır.
Rusiya Krıma “Pantsir-S” zenit raket komplekslərini yerləşdirməklə Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə sistemini gücləndirib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.
“Hərbi dairənin yenidənqurma proqramı çərçivəsində 2018-ci ilin oktyabrında ən yeni HHM kompleksləri Cənub Hərbi Dairəsinin zenit-raket birləşmələrinin silahlanmasına qəbul edilib”, - bildirilib.
Həştərxan əyalətindəki Kapustin Yar poliqonunda isə “Pantsir-S” sistemlərinin iştirakı ilə döyüş atışları icra edilib.
Qeyd edək ki, ötən gün Rusiya ordusu Ukrayna ilə sərhədə daha bir S-400 divizionu yerləşdirmişdi.
Ukrayna birtərəfli qaydada Rusiya ilə təxminən 40 müqaviləni pozmaq niyyətindədir. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin TSN telekanalının efirində bildirib.
Ukrayna Silahlı Qüvvələri Azov dənizinin akvatoriyasında təlimlərə başlayıb.Bu haqda ölkənin Birləşmiş güclərinin əməliyyat qərargahının mətbuat mərkəzindən bildirilib.
"Hücum və ordu aviasiyasının bölmələri rəqibin hava zərbəsini təqlid edirdi. 3SU-23-4 "Şılka", "Strela-10M" ekipajları, daşınabilən zenit-raket kompleksləri və ZU-23 zenit sistemləri şərti hava hədəflərini məhv etdi", - mətbuat mərkəzi qeyd edib.
Vurğulanır ki, təlimlərin hədəfi aşağı hündürlüklərdə rəqibin aviasiyasının hərəkətləri zamanı atəş bacarıqlarının təkmilləşdirilməsidir.
Ukrayna prezidenti Pyotr Poroşenko Tvitter səhifəsində yazıb ki, 16 yaşdan 60 yaşa qədər kişi cinsindən olan Rusiya vətəndaşlarının Ukraynaya girişinə məhdudiyyət tətbiq ediləcək. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib ki, Moskva cavab ölçüsü olaraq 16 yaşdan 60 yaşa qədər kişi cinsindən olan Ukrayna vətəndaşlarının Rusiyaya girişinə məhdudiyyət tətbiq etməyəcək.
“Kiyev Rusiyayla bütün əlaqələrin qırılmasına səmimi gedir və bizi cavab addımlarına təhrik edir. Bu, Rusiyada işləyən milyonlarla ukraynalıya güclü zərbə olardı. Kiyev ölkəmizdən belə cavab görməyəcək”, - Klinseviçin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Ömər Dağlı
Tarix: 30-11-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti