Azov sanksiyalarının PƏRDƏARXASI


Azov sanksiyalarının PƏRDƏARXASI

Azov dənizində Ukrayna gəmilərinə hücum edərək 24 nəfəri əsir götürdüyünə görə Qərb siyasi dairələri Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb. Artıq Almaniya, Fransa və Avstriya da Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edib. Bu arada Avropa Birliyinin Rusiyaya qarşı qadağalar paketi hazırladığına dair məlumat yayılıb. Qeyd edək ki, 2003-cü ildə Rusiya ilə Ukrayna arasında Azov dənizinin birgə istifadəsinə dair razılaşma var. Bu razılaşmanı pozduğuna görə, Avropa Parlamentinin Rusiyaya sanksiya tətbiq etmək hüququ var. 

ABŞ Senatı da Rusiyanın Ukraynaya qarşı hərəkətlərini təcavüz kimi dəyərləndirən qətnamə qəbul edib. Respublikaçı Ron Cons və demokrat Kris Merfi tərəfindən təqdim edilən qətnamə layihəsi yekdilliklə qəbul edilib. "Senat Ukrayna xalqını, hökumətini, ərazi bütövlüyünü dəstəkləməyə hazır olduğunu nümayiş etdirib",- deyə senator Cons bildirib. Merfi isə qeyd edib ki, bu sənədlə ABŞ Azov dənizində Rusiya təcavüzünə dözmək niyyətində olmadığını açıq göstərib. Qətnamədə Senat üzvləri dünya birliyini beynəlxalq hüququn pozulmasına yönələn istənilən hərəkətə qarşı dözümsüzlüyə çağırıb. ABŞ prezidenti Donald Tramp isə Argentinada keçirilən “G-20” sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşməkdən imtina edib. “Gəmilərin və dənizçilərin Rusiyadan Ukraynaya geri qayıtmadığını nəzərə alıb belə qərara gəldim ki, Argentinada prezident Vladimir Putinlə planlaşdıran görüşü ləğv edim” - Donald Tramp Buenos-Ayresə gedərkən təyyarədən tvit atıb. “Vəziyyət düzəldikdən sonra səbirsizliklə konstruktiv görüş gözləyirəm!” -deyə prezident qeyd edib. 

Ona görə də siyasi ekspertlər yaxın perspektivdə ABŞ-la Rusiya arasında geosiyasi gərginliyin artacağını proqnozlaşdırır. Qlobal güclərin Ukrayna münaqişəsi ətrafında baş verən maraqlar toqquşması isə Şərqi Avropada, Qara dəniz regionunda və Cənubi Qafqazdakı geostrateji proseslərə ciddi təsir göstərəcək. Yəni Avropa dövlətləri ilə Rusiya arasında son dövrlər yumşalan münasibətlər yenidən gərgin mərhələyə dönə bilər. Bu da öz növbəsində Rusiyanın Ukraynaya, Baltikyanı ölkələrə, Belarusa və Gürcüstan başda olmaqla Cənub Qafqaz ölkələrinə təzyiqinin artması ilə müşahidə olunacaq. Eyni zamanda, Yaxın Şərqdə və Suriyada da ABŞ-la Rusiya arasında ziddiyyətlərin dərinləşməsi ehtimalı var. 

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında ABŞ-Rusiya münasibətlərinin kəskinləşməyə doğru davam edəcəyini bildirdi. Onun sözlərinə görə, Vladimir Putinin Rusiyanın imperiya ambisiyalarını ortaya qoyması, keçmiş SSRİ-nin dünyanın müxtəlif bölgələrindəki mövqelərini bərpa etmək səyləri ABŞ-ın və Avropa Birliyinin etirazı ilə qarşılanır: 

“Son illər bunun təzahürlərini Ukraynada tez-tez görürük. Hər ay dünyanın hansısa bir bölgəsində Rusiya ilə Qərb arasında ardıcıl olaraq Rusiya ilə Qərb arasında qarşıdurmanın şahidi oluruq. Burada əsas məqsəd yeni ərazilər, təbii ehtiyatlar əldə etmək uğrunda mübarizə aparmaqdan, dövlətləri öz nüfuz dairəsinə daxil etməkdən ibarətdir. Dünyanın resurslarına, kommunikasiya yollarına nəzarəti ələ keçirməyə və kiçik dövlətləri özlərinin nüfuz dairəsinə daxil etməyə çalışırlar. ABŞ-ın sanksiyalarla bağlı qətnamə layihəsinə gəlincə, bu, ölkənin siyasi elitasının xarici siyasətlə bağlı mövqeyindən asılıdır. Yəni Donald Tramp Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılmasında maraqlıdır. O, həm də bir biznes adamı kimi ticarət əlaqələrini bərpa etməyə çalışır. Amma onun üzərində böyük təzyiqlər var. ABŞ-ın silah lobbiləri, “qırğılar” adlandırılan sərt xarici siyasət tərəfdarları prezident Trampı öz mövqeyindən geri çəkilməyə məcbur edir. “Qırğılar” Konqresdəki əsas yerləri, Mərkəzi Kəşfiyyat İdarəsini, dövlət katibi, milli təhlükəsizlik məsələləri üzrə müşavir postlarını ələ keçirib və prezidentə böyük təsir imkanına malikdir. Bu da yaxın gələcəkdə Rusiya ilə münasibətlərin daha da soyuyacağını deməyə əsas verir. Üstəlik, Rusiya prezidentinin şəxsi keyfiyyətlərinə görə iddialı şəxs olması bu ziddiyyətləri daha da alovlandırır. Hesab edirəm ki, Gürcüstandakı prezident seçkilərinin bu qərarın qəbul olunmasına təsiri oldu. Seçkilərdə Salome Zurabişvilinin qələbəsi və ya Saakaşvilinin namizədinin məğlub olması Rusiyanın qələbəsi deməkdir. Bununla da Gürcüstanda ABŞ-ın mövqeləri zəiflədi. ABŞ-ın Vaşadzeni hakimiyyətə gətirmək planlarının qarşısı alındı. Düşünürəm ki, burada Rusiya ilə yanaşı, Fransanın da rolu var. Hər kəsə məlumdur ki, İvanişvilinin pulları Rusiyadan gəlir. O, Rusiyanın adamı olduğu üçün siyasi təlimatı da Moskvadan alır. Ona görə də Zurabişvilinin namizədliyini dəstəkləmək üçün Moskvadan razılıq aldı. Gürcüstanda əhalinin kredit borclarının silinməsi, müxtəlif üsullarla seçicilərə təzyiq göstərib qalib gəlmək Rusiyanın planı idi. Bu prosesin arxasında Rusiyanın xüsusi xidmət orqanları, siyasi texnoloqları dayanır. Çünki onların bu sahədə təcrübəsi var. Necə olur ki, seçkilərin birinci turunda Zurabişvili ilə Vaşadzenin topladığı səslər arasında bir faiz səs fərqi olduğu halda, ikinci turda bu göstərici 20 faizə yaxın oldu? Düşünürəm ki, kredit borclarının ləğvi belə yüksək təsir göstərə bilməz. Sadəcə olaraq, səsvermə prosesinə müdaxilə etdilər. Rusiyanın siyasi dairələri gürcülərin psixologiyasını yaxşı bilir. Ona görə də Amerika Senatının qərarının əsl səbəbi Gücüstanla bağlıdır. Ukrayna isə bəhanədir. ABŞ-ın planı Gürcüstanı və Ukraynanı birlikdə NATO-ya qəbul etməklə bütövlükdə Qara dəniz hövzəsinə nəzarəti ələ keçirmək istəyirdi. Çünki bir dövlətin üzvlüyə daxil olması prosesi tamamlamağa imkan vermir. Rusiya da bunun qarşısını almaq üçün Gürcüstanda planları pozdu. Yəni Gürcüstanda özünün dəstəklədiyi namizədin prezident seçilməsinə nail oldu, Ukraynanın patrul gəmilərini Azov dənizindən vurub çıxardı, Kerç boğazına nəzarəti isə ələ keçirdi. Artıq ABŞ-ın planları iflasa uğrayıb. Gürcüstanı və Ukraynanı NATO-ya üzv qəbul etsə belə, NATO-nun gəmiləri Qara dənizdə sərbəst üzə bilməyəcək. 

Gürcüstanda prezidentin səlahiyyətləri məhdud olsa da, parlamentdə də İvanişvilinin liderlik etdiyi siyasi partiya üstünlüyə malikdir. Prezidentin kim olması 2020-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə də təsir göstərəcək. ABŞ Senatının qətnaməsi də məhz Gürcüstandakı seçkilərə müdaxiləyə etiraz əlamətidir. Doğrudur, Rusiya Azov dənizindən istifadəyə dair Ukrayna ilə 2003-cü ildə əldə olunmuş razılaşmanı pozub. Ukrayna patrul gəmilərinin Kerç boğazında sərbəst hərəkət etmək hüququ var. Ancaq hesab edirəm ki, Ukrayna həmin gəmiləri dənizə göndərməklə Rusiyanı bu oyuna təhrik etdi. Bu təlimatın ABŞ-dan gəldiyi ehtimalı yüksəkdir. Həmçinin, “G-20” sammitin ərəfəsində bu insidentin törədilməsi Trampın Putinlə görüşünü pozmaq məqsədi də daşıya bilər”. 

Nəzakət Məmmədovanın sözlərinə görə, sanksiyalara baxmayaraq, Rusiyanın Azov dənizindəki mövqelərindən geri çəkiləcəyi inandırıcı görünmür. 2014-cü ildən etibarən Rusiya dəfələrlə ağır beynəlxalq qadağalara məruz qalsa da öz iddiaların imtina etməyib. Ona görə də Azov münaqişəsində də güzəştə getməyəcək: 

“Rusiyaya Krımın, Donbasın işğalına görə ağır sanksiyar tətbiq edilib, Suriyada təyyarələri vurulub, Skripal qalmaqalına görə Avropa tərəfindən diplomatları qovulub, qadağalara məruz qalıb, BMT-də qınanmalar oldu, amma geri çəkilmədi. Rusiyanın Ukraynaya böyük təzyiq imkanları var. Qərb Rusiyaya təzyiq göstərdikcə, Rusiya da Ukraynaya qarşı hücum edir. Rusiya başa düşür ki, geri çəkilsə, Ukrayna NATO-ya üzv olacaq və bu alyansın gəmiləri Qara dənizdə üzməyə başlayacaq. Ona görə də Rusiya sanksiyalara baxmayaraq, Qara dəniz regionunda və Azov dənizində geri çəkilməməyə çalışacaq”.

Politoloq onu da qeyd etdi ki, Ukrayna üzərindən qarşıdurmanın artması Şərqi Avropada gərginliyi yenidən artıracaq. Azov dənizində baş verən qarşıdurmanın növbəti mərhələdə Baltik dənizində davam edəcəyi istisna olunmur. Qərb Rusiyanı əhatəyə alıb siyasi cəhətdən məğlub etməyə çalışsa da, buna nail ola bilmir: 

“Rusiyanın uğuru ərazisinin çox böyük olması ilə bağlıdır. Geniş ərazilər və soyuq iqlim Rusiyanı həm Napoleonla müharibədə, həm də faşist Almaniyasının hücumundan qoruyan əsas amillər olub. Ona görə də Qərb onu sıxışdırmağa çətinlik çəkir. Milyonlarla kilometr sərhədi olan Rusiyanı əhatəyə almaq qeyri-mümkündür . Ona görə də Ukrayna, Gücüstan, Ermənistan və digər qonşu dövlətlərdən Rusiyaya qarşı mübarizə vasitəsi kimi istifadə etmək böyük ayını kiçik köpək sürüsünün hücumuna məruz qoymaqla ovlamağa bənzəyir. Putin də Rusiyanın üstünlüklərini bilir. Qərb yalnız SSRİ taktikasından istifadə etməklə Rusiyaya qalib gələ bilər”.(Cebhe.info)


Tarix: 1-12-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti