Qarabağ üçün dekabr akkordları - TƏHLİL

Qarabağ üçün dekabr akkordları
Bu həftə - dekabrın 6-7-də İtaliyanın Milan şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısı keçiriləcək. Toplantı çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdən birinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında olacağı gözlənilir. Bundan əlavə, gələn xəbərlərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov səviyyəsində Qarabağa dair “predmetli müzakirələr” aparılacaq.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib. O bildirib: “Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak etdiyi məsələləri əhatə edəcək. İkitərəfli görüşlər də olacaq və bu görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Orada, əlbəttə ki, konkret addımlar və ya konkret təkliflər müəyyənləşdiriləcək”.

Lakin ilsonu akkord xarakteri daşıyan bu müzakirələrdən real nəticə gözləməyə dəymir. Bu, olsa-olsa, bir daha “saat əqrəblərini tutuşdurmaq” cəhdi kimi yadda qala bilər. Çünki ən azından, Ermənistanda 9 dekabrda keçiriləcək erkən parlament seçkilərinin nəticələrini gözləmək lazım gələcək. Daha önəmlisi isə, əlbəttə ki, Ermənistanın işğal ortağı Rusiyanın nə dərəcədə Dağlıq Qarabağa dair sülh prosesinə diplomatik təkan verməyə hazır olub-olmaması ilə bağlıdır.

Rusiyanın başı isə indi daha çox Qərblə, ABŞ-la, Ukrayna ilə münasibətləri aydınlaşdırmağa, özünə qarşı getdikcə bir az da ağırlaşan sanksiyaların təsirlərini azaltmağa qarışıb. Dağlıq Qarabağ ixtilafının dinc həll perspektivinə öncəliklə bu reallığın prizmasından baxmaq lazım gəlir.

*****

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu xüsusda hesab edir ki, Rusiya əslində Krım məsələsi ilə özünü tələyə salıb (teleqraf.com): “Rusiya hələ də bu tələdə qalır. Elə bizimlə münaqişədə olan Ermənistan haqqında da eyni fikri söyləmək mümkündür. İlk baxışdan belə görünür ki, guya Ermənistan qələbə çalıb, torpaqlarımızı işğal edib. Amma məlum olur ki, bu, onlara qələbə gətirməyib. Əksinə, gündən-günə vəziyyətləri pisləşir”.

Eks-diplomat şübhə etmir ki, Ermənistan gec-tez məğlub olacaq: “Ermənistandakı erkən parlament seçkilərinə gəlincə, bu seçkilərdən yeni bir şey gözləmirəm. Əsas məsələ ondan ibarətdir ki, Qərb Paşinyanı qərbpərəst siyasət həyata keçirməyə məcbur edəcək. Qərb çalışacaq ki, Ermənistanda Rusiya nüfuzunu azaltsın. Paşinyan da istər-istəməz bu yolla getməlidir. Amma Paşinyan başda olmaqla bütün erməni siyasətçilər anlayırlar ki, Ermənistanın Azərbaycana və türk dünyasına qarşı siyasətinin əsas potensialı və bünövrəsi Rusiya tərəfdən olan dəstəklə bağlıdır. Əgər Rusiya tərəfindən hərbi dəstək olmasa, Ermənistanın siyasətində korreksiya olmalıdır. Rusiyadan dəstək almadan belə bir siyasət davam edə bilməz. Ermənistanda böhranlı vəziyyət Sərkisyanın vaxtında da özünü göstərirdi. Rusiya istəyirdi ki, Qərbin təzyiqi altında və daxili problemlər səbəbindən Ermənistandan uzaqlaşsın. Ermənistan bunu hiss edə-edə qərbyönlü siyasət ortaya çıxarır. Paşinyan bu planı icra edən siyasi fiqurdur. Hesab edirəm ki, Paşinyan Qərbdən siyasi dəstək alacaq və Ermənistan parlamenti onun nəzarətinə keçəcək. Ancaq biz anlayırıq ki, həm qərbpərəst olmaq, həm də Rusiyadan hərbi dəstək almaq mümkün deyil”.

*****

Bu, sözsüz ki, belədir. İşğalçı ölkə eyni zamanda Rusiyanın və Qərbin (ABŞ-ın) dəstəyinə ümid edə bilməz. Demək, Azərbaycan Ermənistan ətrafındakı prosesləri xüsusi dıqqətdə saxlamaq zorundadır. Çünki hansısa məqamda Qarabağ üçün əlverişli fürsət yarana bilər. Söhbət həm də lokal hərbi əməliyyatlardan gedir.

“Azərbaycan mümkün olduğu qədər böyük müharibəyə hazır olmalıdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

Ekspert bildirib: “Ermənistan daxili-siyasi və iqtisadi problemlərlə silkələnir. Əgər Ermənistan əvvəllər Rusiyanın siyasi kilvaterində kifayət qədər sıx şəkildə irəliləyirdisə, indi ölkə hakimiyyətinin dəyişməsindən sonra siyasi fırtınaların dalğaları onu bir istiqamətdən digərinə atır. Ermənistana ABŞ və İranın təsiri artır. Belə vəziyyətdə yeni və böyük münaqişə yaranması ehtimalı böyükdür. Buna görə də Azərbaycan mümkün olduğu qədər böyük müharibəyə hazır olmalıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığı və texniki təminatı barədə danışan ekspert ordumuzun bir sıra ölkələrdən aldığı ən müasir hərbi məhsullar sayəsində regionunun aparıcı gücünə çevrildiyini də vurğulayıb. Analitikə görə, məsələn, Belarusdan “Polonez”, İsraildən isə LORA silahlarını əldə etməsi Azərbaycanın Cənubi Qafqaz regionunda dominantlıq etməsinə gətirib çıxarıb.

“Qarabağdakı münaqişənin kəskinləşəcəyi, xüsusən BMT qətnamələrinə əsasən öz torpaqlarında işğalı aradan qaldırmağa tam mənəvi haqqı olan Azərbaycanın aktiv fəaliyyətə başlayacağı halda Rusiyanın necə davranacağı heç də aydın deyil. Ona görə də Azərbaycanın müxtəlif ölkələrin ən yaxşı istehsal modellərinə sahib olması məqsədəuyğun və məqbuldur”, - ekspert fikrini tamamlayıb.

*****

Məsələ də elə Rusiyanın hansı mövqe sərgiləməsindədir. Aydındır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı status-kvo Rusiyaya əl verir. Az qala, bütün dünya ilə konfrontasiya vəziyyətində olan Rusiyaya daha bir qaynar münaqişə ocağı lazım deyil. Üstəlik, Qarabağda müharibə onun Türkiyə və Azərbaycanla münasibətlərini eyni vaxtda ciddi sınaqla üz-üzə qoya, Moskva Gürcüstanın ardınca regiondakı bu iki vacib dövləti itirə bilər.

Lakin münaqişə hazırkı vəziyyətdə uzun müddət davam da edə bilməz. Onun həllinə real təkan vermək vaxtı çatıb. Bunu isə nə qədər yaxasını kənara çəkməyə çalışsa da, ilk növbədə Moskva edə bilər. Moskva isə tələsmək istəmir. Demək, bununla öz maraqlarını da risk altında saxlamış olur...
\\musavat.com\\ 
Tarix: 3-12-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti