Dünyanı silkələyəcək ADDIM, sülh üçün əsas MANEƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. Türkiyə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazasını yarada bilər. Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib. Fələstin Donald Tramp administrasiyasını Yaxın Şərqdə sülh üçün əsas maneə adıandırıb. Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim edib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına diqqət yetirəcək. Bunu İrəvanda jurnalistlərə açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin deyib.
"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük şirkətlərinə qarşı araşdırmalardan bəhs edir. Bu, sizin üçün pis fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib. Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.
Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazasının yaradılması məsələsi müzakirə edilir. Məsələ Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik fonunda gündəmə gəlib.
İnformasiyaya əsasən, hərbi dəniz bazasının 2019-cu ilin əvvəlində yaradılması gözlənilir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ehtiyac olduğu halda Şimali Kipr ərazisində hərbi dəniz bazasını yarada bilər. Prezidentin sözlərinə görə, bu ərazidə Türkiyənin hərbi gücünün olması çox əhəmiyyətlidir.
Suriya ordusu ölkənin cənubunda hücumun gedişatında İŞİD terror qruplaşmasının 270 döyüşçüsünü məhv edib. Bu haqda Rusiya ordusunun Suriyadakı qruplaşmasının komandanlığının nümayəndəsi Oleq Makareviç bildirib.
O qeyd edib ki, əməliyyat Es-Suveyda əyalətində keçirilib. Makareviç vurğulayıb ki, Suriya hərbçiləri döyüşçülərdən xarici istehsal olan böyük miqdarda silah ələ keçiriblər.
İranın raket proqramı BMT-nin normalarına zidd deyil. Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
“İranın raket proqramı müdafiə xarakteri daşıyır və ölkənin tələblərinə uyğun olaraq hazırlanıb. BMT TŞ-nin heç bir qətnaməsi raket proqramı və raket sınağını qadağan etmir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo İranın Avropanı vurmaq imkanına malik ortamənzilli ballistik raket sınaqdan keçirdiyini və bunun BMT TŞ tələblərinə zidd olduğunu açıqlamış, Tehrandan bu sınaqları dərhal dayandırmağı tələb etmişdi.
Donald Tramp administrasiyası Yaxın Şərqdə sülh üçün əsas maneədir. Bu sözləri İtaliyaya səfərinin gedişatında “La Stampa” qəzetinə müsahibəsində Fələstin lideri Mahmud Abbas bildirib.
“Biz ABŞ administrasiyasından beynəlxalq hüququ pozan və vasitəçilik roluna uyğun olmayan heç bir planı qəbul etməyəcəyik”, - o deyib.
Bundan başqa, Fələstin lideri Rusiya da daxil olmaqla, başqa ölkələrin vasitəçilik edəcəyi halda İsraillə birbaşa dialoqa razı olduğunu qeyd edib. Mahmud Abbasın sözlərinə görə, ABŞ daha tək vasitəçi ola bilməz.
Qətər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağı barədə təşkilata xəbərdarlıq edib Bu haqda Qətərin paytaxtı Dohada mətbuat konfransında Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Səda bildirib.
Nazirin sözlərinə görə, Qətər 2019-cu ilin yanvarında OPEK-dən ayrılacaq.
O bildirib ki, ölkə qaz hasilatı və mayeləşdirilmiş təbii qazın istehsalına diqqəti artırmaq istəyir.
Qeyd edək ki, Əlcəzair, Anqola, Venesuela, Qabon, İran, İraq, Konqo, Küveyt, Qətər, Liviya, BƏƏ, Nigeriya, Səudiyyə Ərəbistanı, Ekvator Qvineyası və Ekvadorun daxil olduğu OPEC dünyada neft ehtiyatlarının təxminən üçdə ikisinə nəzarət edir, onların payına hasilatın və ixracın 45 faizi düşür.
Təşkilatda neft hasilatına görə Qətərin payı isə 1,85 faiz təşkil edir.
ABŞ prezidenti Donald Tramp əmindir ki, nə vaxtsa gələcəkdə Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə qızğın silahlanma yarışının dayandırılması haqqında məsələni müzakirə edəcək. Tramp bu haqda tvitter hesabında yazıb.
“Mən əminəm ki, gələcəkdə Si Cinpin, Vladimir Putin və mən birlikdə, genişmiqyaslı və qarşısıalınmaz olan qızğın silahlanmanın effektiv dayandırılması haqqında danışıqlara başlayacağıq”, - ABŞ lideri qeyd edib.
O əlavə edib ki, ABŞ son bir il ərzində silahlanmaya 716 milyard dollar xərcləyərək ağılsızlıq edib.
Koreya yarımadasının denuklearizasiyası haqqında qərarın qəbulundan dərhal sonra, ABŞ Şimali Koreya ilə konstruktiv dialoqu qaydaya salmağa hazırdır. Bu haqda ABŞ Argentinada keçirilən G20 sammitində ABŞ prezidenti Donald Trampla görüşən Cənubi Koreya lideri Mun Çje İn bildirib.
Cənubi Koreya prezidentinin sözlərinə görə, Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina çatdırmağı xahiş edirdi ki, nüvə proqramından imtinaya cavab olaraq onun bütün arzularını yerinə yetirəcək.
Ukrayna hərbi vəziyyət rejimi çərçivəsində Rusiya ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin yerdəyişməsini həyata keçirəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko “112 Ukrayna” telekanalı ilə yayımlanan çıxışı zamanı bildirib.
Prezident həmçinin, sərhədyanı ərazilərdə hərbi təlimlərin keçiriləcəyini elan edib.
Ukraynanın on vilayətində hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimi ilə təmas xəttinə texnika və silahlar cəlb edir. Bu haqda “LXR”-in “müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy jurnalistlərə bildirib.
Daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin genişmiqyaslı toplanışına başlanılıb. Xüsusilə, bu toplanışların briqadalar və təlim mərkəzlərində həyata keçiriləcəyi vurğulanıb.
Qeyd edək ki, Ukraynanın Ali Radası noyabrın 26-da ölkənin 10 vilayətində 30 günlük hərbi vəziyyət rejiminin tətbiqi haqqında Poroşenkonun fərmanını bəyənib. Hərbi vəziyyət rejimi noyabrın 25-də Kerç boğazı ətrafında Ukrayna və Rusiya hərbi donanmalarının qarşıdurması ilə əlaqədar qəbul edilib.
Daha əvvəl Ukrayna lideri vurğulayıb ki, onlarda olan dəqiq kəşfiyyat məlumatına görə, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Poroşenko Ukrayna sərhədinin 18-ci kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib: “Göründüyü kimi, Ukrayna sərhədində yerləşən bazalardakı tankların sayı iki dəfə artırılıb”.
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim edib. Bu haqda parlamentin saytında deyilir.
Ömər Dağlı
Tarix: 3-12-2018, 22:00
Xəbəri paylaş





Xəbər lenti