Paşinyanın razılaşdığı QARABAĞ VARİANTI, 10 gün SONRA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi qrupların Qarabağ üzərindən bir-birilərinə hücumları güclənir. İran ABŞ-ı Hörmüz boğazını bağlamaqla hədələyib. ABŞ-ın dövlət katibi Mayk Pompeo İran və Çini dünya nizamına zərər vurmaqda ittiham edib. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır. İsrail Livanla sərhəddə “Şimal qalxanı” əməliyyatına başlayıb.
Azərbaycan Ordusu Naxçıvan istiqamətində təmas xəttindən 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib. Bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.
“Müdafiə Nazirliyi bildirdi ki, bu neytral zonadır, lakin neytral zona olmur, bura ərazidir. Sentyabrda Azərbaycan Ordusu nəzarət etdiyi əraziləri bir neçə dəfə artırdı. Bu, təxminən 800 hektar ərazi deməkdir. Bu ərazilərdə Azərbaycan infrastruktur inşa edib. Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir. Müharibə başlayanda bu hündürlüklər Azərbaycana üstünlük qazandıracaq”, - deyə o bildirib.
“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşdı”. Bu barədə Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anti-Qarabağ siyasəti yürüdür: “Bunlardan biri Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılmasıdır. Bu siyasətin nəticəsində Ermənistan bütün gücünü itirdi və bunu anlayan Azərbaycan ərazilərin qaytarılması ilə bağlı ciddi addımlara hazırlaşır. Faktiki olaraq, Vyana, Sankt-Peterburq və Cenevrə çağırışları aradan qalxdı. İndi Qarabağ ətrafındakı rayonların qaytarılması və status məsələsi müzakirə olunur. Əvvəllər “ərazilər əvəzinə status” əsas prinsip idi, indi “ərazilər əvəzinə təhlükəsizlikdir”.
Şahnazaryan hesab edir ki, Paşinyan hakimiyyəti ərazilərin qaytarılması ilə nəticələnəcək, beynəlxalq ictimaiyyətin, xüsusilə Vaşinqtonun vaxtaşırı səsləndirdiyi variantlarla razılaşdı.
D8 ölkələri milli valyutalar üzərindən birgə istifadə ediləcək bir kart üzərində işləyirlər. Bu haqda təşkilatın baş katibi Ku Cəfər Ku Şaari bildirib.
Əgər 14 dekabrda Suriya Konstitusiya Komitəsi çağırılmasa, o zaman Astana prosesinin üzərindən xətt çəkmək olar. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. O, bunun ABŞ-ın mövqeyi olduğunu bildirib.
Qeyd edək ki, Cefri bundan öncə də Astana prosesi çərçivəsində zəmanətçi ölkələrin Konstitusiya Komitəsinin iclasını çağırmalı olduğunu, əks təqdirdə BMT-nin bu prosesdə əsas vasitəçiliyi üzərinə götürməsinin vacibliyini demişdi.
Əgər İran ABŞ tərəfindən neft ixrac etmək imkanından məhrum edilərsə, onda Tehran Fars körfəzindən xammalın çatdırılması yolu olan Hörmüz boğazını bağlayacaq. Bu haqda İran lideri Həsən Ruhani bildirib.
Həsən Ruhani daha əvvəl qeyd edib ki, ABŞ İran neftinin dünya bazarına çıxarılmasına mane ola bilməyəcək.
Qeyd edək ki, bu, dünyanın strateji neft marşrutlarından biri olan Hörmüz boğazının bağlanacağı barədə Tehranın ilk xəbərdarlığı deyil.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilər qrupu, tezliklə, Fars körfəzinə daxil olacaq. Fars körfəzinə “Con Stennis” təyyarədaşıyan gəmisi göndərilib. Bu gəminin yaxın zamanlarda Fars körfəzinə daxil olacağı vurğulanıb. “Con Stennis”i digər gəmilərin də müşayiət edəcəyi bildirilib.
Bu, ABŞ-ın Fars körfəzinə son 8 ay ərzində göndərdiyi ilk gəmi olacaq. ABŞ mətbuatı Vaşinqtonun bunun vasitəsilə İrana qarşı güc nümayişi həyata keçirdiyini bildirib.
Qeyd edək ki, “Con Stennis” Yaxın Şərqdə iki ay qalacaq.
İsrail hərbçiləri “Şimal qalxanı” əməliyyatının başlandığını elan ediblər. Bu haqda İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.
Onun sözlərinə görə, əməliyyatın hədəfi Livanın “Hizbullah” təşkilatının yəhudi dövlətinin ərazisinə silah göndərmək üçün qazdığı tunelləri tapmaq və onları məhv etməkdir.
“Bizə bir sıra tunellər haqqında məlumdur. Hələ ki, onların konkret sayını açıqlamayacağam”, - Yonatan Konrikus deyib.
İsrail ordusunun rəsmi nümayəndəsi bildirib ki, tunellər hələ işə salınmayıb və israillilər üçün bilavasitə təhlükə təşkil etmir. Zabitin sözlərinə görə, əməliyyat Qolan hündürlüklərinin şimal hissəsi də daxil olmaqla, yalnız İsrail tərəfindən nəzarət edilən ərazidə keçiriləcək.
Qeyd edək ki, XXI əsrdə Livan-İsrail münaqişəsi bir neçə dəfə kəskinləşib (2006 və 2016-cı illər). Ölkələrin arasında diplomatik münasibətlər yoxdur. İsrail qanunvericiliyinə görə, Livan düşmən dövlətdir.
Rusiya ətrafında iqtisadi ilgək sıxılmaqda davam edir. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır. Yeni məhdudiyyətlər artıq 2019-cu ilin yanvarında elan ediləcək.
ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib ki, siyasi isteblişmentdə qərar artıq qəbul edilib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo İran və Çini dünya nizamına zərər vurmaqda ittiham edib. Dövlət katibi bu haqda Brüsseldə Marşal Fondunda çıxışında bildirib.
Dövlət Departamentinin rəhbəri Avropanı ABŞ-a liberal dünya nizamını bərpa etməyə kömək etməyə çağırıb. ABŞ-ın dövlət katibi həmçinin, Rusiyanın bir neçə ildir ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozduğunu söyləyib.
Fransanın baş naziri Eduar Filipp “Sarı jiletlər” etiraz aksiyaları fonunda yanacaqlara tətbiq olunan rüsumlara moratorium tətbiq etməyə hazırlaşır. Bu haqda mənbəyə istinadən “Assoşieyted Press” agentliyi bildirib.
Mənbələrə görə, rəsmi açıqlama tezliklə baş nazirin özü tərəfindən veriləcək. BFMTV telekanalı isə informasiya yayıb ki, aksiyaçılar problemin həlli yollarının müzakirəsi üçün Filipplə görüşməkdən imtina ediblər.
Qeyd edək ki, vətəndaşlar yanacağa tətbiq olunan rüsumların artırılmasına etiraz olaraq noyabrın 17-dən aksiyalar keçirirlər. Fransa hakimiyyəti yanvarın 1-dən benzinin qiymətini 2,9, dizelin qiyməti isə 6,5 faiz artırmağı planlaşdırır.
Ukrayna Rusiya aqressiyasından özünü təkbaşına müdafiə edəcək. Bunu İCTV televiziyasına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Rusiya total təcridə məruz qalıb. Bu bizim beynəlxalq koordinasiyalı fəaliyyətimizin nəticəsidir. Biz öz ölkəmizi özümüz müdafiə edəcəyik”, – deyə o bildirib.
Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimlə Ukrayna ordusunun təmas xəttində NATO formasında olan hərbçilərin bölməsi qeydə alınıb. Bu haqda “LXR”-in “müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy bildirib.
Ömər Dağlı
Tarix: 4-12-2018, 21:44
Xəbəri paylaş





Xəbər lenti