Ermənistan təlaşda - Azərbaycana silah satan ölkələr artır


Elxan Şahinoğlu: “Fransadan sonra başqa Avropa dövlətləri də Azərbaycana silah və hərbi texnika satmağa başlayacaq”

Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30, SAMP/T və “VL Mica” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək. Xatırladaq ki, aylar öncə də Fransanın Azərbaycana müasir silahlar satmağa hazırlaşması haqda xəbərlər yayılmışdı.

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən, xüsusilə Avropa Birliyinin əsas dövlətlərindən sayılan Fransadan Azərbaycanın silah alması ölkəmiz adına müsbət dəyərləndirilir. Günlər öncə Rusiyanın Ermənistana 100 milyon dollarlıq silah satacağı barədə məlumatlar yayılmışdı. Yayılan bu xəbərlərin fonunda bir sıra müzakirələr açılıb. Minsk Qrupunun həmsədr ölkələrinin müharibə vəziyyətində olan Azərbaycan və Ermənistana embarqo qoymayıb, əksinə, silahlar satması ciddi suallar doğurur. Doğrudur, həmin dövlətlərdən Amerika nə Azərbaycana, nə də Ermənistana silahlar satmır. Amma əvəzində hər iki ölkə Avropanın bir sıra dövlətlərindən silahlar alır. Ekspertlərin bununla bağlı fikirləri birmənalı deyil.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Fransanın “MBDA Systems” şirkətinin Azərbaycana ASTER 30, SAMP/T və “VL Mica” hava hücumundan müdafiə (HHM) sistemlərini satmağa hazırlaşması Fransa-Azərbaycan münasibətləri tarixində yenilik olacaq: “ Buna qədər iki ölkə arasındakı əlaqələr siyasi təmaslardan və iqtisadi əlaqələrdən ibarət idi. Fransanın bir neçə iri şirkəti Azərbaycanın enerji mənbələrinin işlənməsində də iştirak edir. Buna qədər iki ölkə arasında hərbi əməkdaşlıq olmayıb. Buna baxmayaraq, son illər Azərbaycanda hər il keçirilən silah sərgisində Fransanın silah istehsal edən şirkətlərinin sayı artır. Bu da ondan xəbər verir ki, bir gün hərbi əməkdaşlığa da start veriləcək. Fransanın Azərbaycana silah satacağı xəbəri ən azı bir ildir dolaşır. Paris niyə Azərbaycana silah satmaq istəyir? Çünki Paris görür ki, Azərbaycan Rusiyadan, İsraildən, Pakistandan, Suriyadan, Ukraynadan, hətta Cənubi Afrika Respublikasından silah alır. Azərbaycan silah alışına on milyardlarla dollar xərcləyir. Başqa alternativimiz yoxdur. Torpaqlarımız işğal altındadır. Düşməndən güclü olmalıyıq. Ona görə də Azərbaycan haradan mümkündürsə silah alır. Fransa dünyanın iri silah istehsalçılarındandır. Ancaq Fransa və digər Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə illər öncə qeyri-rəsmi şəkildə Azərbaycana və Ermənistana silah satışına embarqo qoyublar. Ancaq bu embarqonu yarmaq asandır. Məsələn, əgər Azərbaycan hər hansı Avropa ölkəsindən silah almaq istəsə, bunu üçüncü ölkələrin vasitəsilə də həyata keçirə bilər. Bu praktikadan bir çox ölkə istifadə edir. Ancaq belə sövdələşmələrin həcmi böyük olmur. Fransa həm də onu görür ki, Azərbaycan onsuz da digər ölkələrdən silah və hərbi texnika alır. Yəni başqa sözlə, Avropa Birliyinin qeyri-rəsmi tətbiq etdiyi embarqodan elə Avropa ölkələri ziyan görürlər. Ona görə də bəlkə Fransa Avropada ilk ölkə olacaq ki, Azərbaycana rəsmən silah satacaq. Bu məsələlər Fransa prezident Emmanuel Makronun Azərbaycana səfəri zamanı həll olunacaq. Əgər Makron imzasını qoysa, Fransanın məşhur silah istehsalçıları sürətlə Azərbaycan bazarında yer tutumağa çalışacaqlar. Bu, həm Fransanın iri silah istehsal edən müəssisələrinə, həm də Fransanın özünə xeyirdir ki, milyardlarla dollar həcmində qazanc əldə edəcəklər. İndiyə bu qədər bu milyardlar əsasən Rusiyaya və İsrailə çatırdı. Azərbaycan bu iki dövlətin hər birindən az qala 5 milyard dollar civarında silah və hərbi texnika alıb. İndi Fransa bu paya şərik olmaq istəyir. Əgər Fransa Azərbaycana silah satmağa qərar versə, daha sonra eyni addımı Almaniya da atacaq”.

elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq onu da vurğuladı ki, rəsmi Bakı Parisin Dağlıq Qarabağ münaqişəsinin həllindəki passivliyindən narazıdır:“Erməni separatçılarının liderinin Fransaya səfəri də Bakıda etirazla qarşılandı. Bundan başqa, bir ay ərzində Fransanın kiçik şəhərlərinin bir neçə meri Azərbaycanın işğal altındakı torpaqlarında oldular. Bütün bunlardan sonra Azərbaycan Xarici İşlər Nazirliyi nota vermək məcburiyyətində qaldı. Ancaq erməni separatçılarının lideri yalnız Parisdə olmadı, daha sonra Vaşinqton və Moskvaya da getdi. Ona görə də separatçılarının liderinin Parisə səfərinə görə Azərbaycan-Fransa münasibətlərini gərginləşdirməyə dəyməzdi. Bu gərginlik Ermənistanın və Dağlıq Qarabağ separatçılarının marağına xidmət edir. Fransa prezidentinin oktyabr ayında birinci olaraq Azərbaycana deyil, Ermənistana səfər etməsi də Bakıda narazılıqla qarşılandı. Ancaq Fransa prezidenti yaxın aylarda Azərbaycana da səfər etməlidir. Makronun Azərbaycana səfəri Ermənistana etdiyi səfərdən fərqlənəcək. Ermənistan kasıb dövlətdir. Fransa-Ermənistan iqtisadi münasibətlərinin həcmi böyük deyil. Fransa-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin həcmi isə milyardlarla avroya hədəflənib. Ona görə də Makronun Bakıda hərbi əməkdaşlığa start verəcəyi mümkündür. Sadəcə, bu halda Makron Ermənistandakı erməni lobbisinin təzyiqləri ilə üzləşəcək. Erməni lobbisi Makronun Azərbaycana silah satması qərarına kəskin etirazını bildirəcək. Ermənistanın Xarici İşlər Nazirliyi də böyük ehtimalla narazı bir açıqlama yayınlayacaq. Ona görə də Makron seçməlidir: ya erməni lobbisi və Ermənistan, ya da Azərbaycanla hərbi əməkdaşlığa start verib ölkəsi üçün yeni və bahalı kontraktlar əldə etmək. Fransa Azərbaycana silah və hərbi texnika satmağa qərar verərsə Rusiya nümunəsi müraciət edə bilər. Rusiya Ermənistana Fransadan da yaxındır, strateji müttəfiqidir.

Buna baxmayaraq, Rusiya Ermənistanın düşməni - Azərbaycana silah satır. Doğrudur, İrəvan və Rusiyadakı ermənilər buna etiraz edirlər, ancaq Kremlin siyasətini dəyişə bilmirlər. Digər tərəfdən, İrəvan Rusiyanın Azərbaycana silah satmasına görə Moskva ilə əməkdaşlıqdan imtina etmir. Eynilə Fransa da Azərbaycana silah və hərbi texnika satmağa başlasa, İrəvanın və erməni lobbisinin Parisə qarşı etirazı uzun sürməyəcək. Çünki Fransadan sonra başqa Avropa dövlətləri də Azərbaycana silah və hərbi texnika satmağa başlayacaq. Digər tərəfdən, İrəvan Azərbaycana silah satışına görə Fransa ilə münasibətlərin azalmasına getməyəcək. İrəvan rasional qərar verəcək. Ermənistanı narahat edən odur ki, İrəvanın başqa dövlətlərdən silah almağa pulu yoxdur. Məsələn, Fransa Azərbaycandan sonra Ermənistana da silah satmağa hazır olduğunu açıqlaya bilər. Ancaq bunun üçün Ermənistanın pulu yoxdur. Və ya Fransa da Rusiya kimi Ermənistana silah almaq üçün kredit xətti aça bilər. Rəsmi Bakının gələcəkdə ABŞ-dan da hərbi texnika alışı istisna deyil. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Bakı və İrəvanda olarkən belə təkliflə çıxış etmişdi. Bakı bu təklifdən istifadə edə bilər. Doğrudur, Ağ Ev Azərbaycana silah satmaq istəsə, buna qarşı Konqres çıxa bilər. Çünki Konqresdə erməni lobbisinin mövqeyi güclüdür. Ancaq Donald Tramp Administrasiyası bu maneəni aşa bilər. Yetər ki, Ağ Ev Ukraynaya satdığı kimi Azərbaycana da silah satmağa qərar versin”.(“Yeni Müsavat”)


Tarix: 5-12-2018, 09:05
Xəbəri paylaş





Xəbər lenti