Avropa İttifaqının Qarabağ danışıqlarına qoşulması təklifinə reaksiya


Aİ-nin danışıqlarda iştirakı mümkünmü və nəticə verərmi?

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir. Bunu “Trend”ə Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer deyib. O.Hauzer bildirib ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq qarşılıqlı səmərəli olmalıdır: “Azərbaycan Avropaya neft, gələcək də isə qaz tədarük edəcək”.

Fəxri konsulun sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə qayıtmaq hüququnun təmin olunması münaqişənin nizamlanmasında ilk addım olmalıdır: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və buna heç bur şübhə yoxdur. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq imkanı olmalıdır”.

O.Hauzer həmçinin Dağlıq Qarabağ və ətraf rayonlardan erməni qoşunlarının çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının vacibliyini vurğulayıb: “Bu, beynəlxalq ictimaiyyətin iradəsidir”.

Fəxri konsul qeyd edib ki, etimadın möhkəmləndirilməsi üçün tədbirlər görmək lazımdır, çünki bu tədbirlər danışıqlar prosesinin fəallaşmasına xidmət edir.

Bəs Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlarda iştirakı mümkünmü? Mümkün olsa, hansı təsirləri ola bilər? Ermənistan Aİ-nin danışıqlarda vasitəçilik etməsinə razılıq verərmi?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan uzun müddətdir ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək, buraya yeni dövlət və ya dövlətlərin daxil edilməsini istəmişdi. O zaman Almaniyanı nəzərdə tutaraq belə bir təklif irəli sürülmüşdü. Amma eyni zamanda Avropa İttifaqının özü də belə bir təşəbbüslə çıxış etsə və bu nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi Minsk Qrupunun tərkibinə daxil edilsə, bu, danışıqlar prosesinə dinamizm verə bilər və qərarların qəbul edilməsini asanlaşdırar: “Azərbaycan bu təklifi də bir zamanlar verib ki, Avropa İttifaqının nümayəndəsinin Minsk Qrupunun tərkibinə daxil edilməsi çox müsbət hal olardı, danışıqların intensivliyini artırar və nəticələrini sürətləndirərdi. Bax, bu nöqteyi-nəzərdən mən də hesab edirəm ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlara cəlb edilməsi haqda deyilən fikirlər çox müsbət fikirlərdir. Bu fikir və təklif ciddi şəkildə gündəmə gətirilməli və reallaşmasına çalışılmalıdır”.

Ermənistanın buna necə münasibət ortaya qoyacağına gəlincə, politoloq xatırlatdı ki, vaxtilə mərhum prezident Heydər Əliyevin dövründə ABŞ-ın Minsk Qrupuna daxil edilməsinə Ermənistan etiraz edirdi. Amma mərhum prezidentin səyləri nəticəsində Ermənistan mövqeyindən geri çəkildi və ABŞ-ın Minsk Qrupuna daxil edilməsinə nail olundu: “Mən belə hesab edirəm ki, Ermənistan Avropa İttifaqının da danışıqlarda vasitəçiliyinə razı olmadığını bildirəcək, lakin yuxarıda xatırladığım nümunə onu deməyə əsas verir ki, ciddi iş aparmaqla Avropa İttifaqının danışıqlar prosesinə daxil edilməsinə nail olmaq mümkündür. Nəticə etibarilə bu, Dağlıq Qarabağ məsələsinin həllinə müsbət stimullar gətirə bilər. 26 ölkədən ibarət Avropa İttifaqının təmsilçisinin prosesə qatılması ciddi məsələ olardı. Avropa İttifaqı dünya düzəninin formalaşmasında, münaqişə ocaqlarının söndürülməsində çox aktiv iştirak edir. Güman edirəm ki, ATƏT-də də həlledici sözə malik olan Avropa İttifaqı ölkələri lazım gəlsə Ermənistanı susdura bilər”. 

 Politoloq ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan bütün parametrləri ilə Avropa İttifaqının hər zaman marağında olan ölkə olub. Müstəqillik  əldə ediləndən sonra Aİ ölkələri ilə əlaqələr də məhz bunun nəticəsidir. Aİ-nin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif zamanlarda təklifləri olub. Eyni zamanda Aİ rəsmiləri ilə bu barədə danışanda məsələnin həlli ATƏT-in Minsk Qrupu üçlüyünə həvalə olunduğu üçün prosesə aktiv qoşula bilmədiklərini bildiriblər: “Əslində 20 ildən artıqdır ki, ATƏT-in Minsk Qrupu vasitəçi olaraq problemin həllində hansısa irəliləyişə nail olmayıb. Üçlükdə olan Fransa və Rusiyanın maraqlarını nəzərə alsaq, hansısa uğurlu sonluqdan danışa bilmərik. Zaman-zaman təklif olunub ki ATƏT-in Minsk Qrupu tərkibində dəyişikliklər olsun. Problemdə konkret maraqları olsa da həll istiqamətində açar dövlət kimi Rusiyanın həmsədrliyində qalmasına razılıq vermək olar,  amma  Fransanın oradan çıxarılıb başqa dövlətlə əvəz olunması həmişə məqsədəuyğun hesab olunub. Hesab edirəm ki, Aİ-nin bu formatda təmsil olunması bu gün üçün ən uğurlu addım olardı. Bilirik ki, Aİ dövlətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onların arasında Ermənistana yaxınlığı ilə seçilən maraqlı dövlətlər olsa da, sayları çox azdır və veriləcək qərarların nəticələrinə təsir etmələri imkanları yoxdur. Prosesin bu istiqamətdə getməsinə Ermənistan etiraz edərsə, o zaman problemin həll olunmasında maraqlı olmadığı ortaya çıxar ki, bundan da biz istifadə edə bilərik. Müxtəlif zamanlarda müxtəlif dövlətləri Minsk Qrupu tərkibinə daxil etməklə bağlı çağırışları görmüşük. Bu sırada Türkiyənin adı da hallanıb. O zaman Ermənistan belə təkliflərə etirazının səbəblərini əsaslandırmağa cəhdlər edirdisə, Aİ-nin həll prosesinə rəsmi olaraq qoşulmasına etirazını əsaslandıra bilməyəcək. Hesab edirəm ki, Aİ-nin təmsil olunduğu formatda hansısa nəticələrin əldə olunması ehtimalları ola bilər. Ancaq hər mənada tükənmiş hazırkı Minsk Qrupunun fəaliyyətindən kimlərsə nəsə gözləyirsə, deməli, özləri özlərini aldadırlar”.


Tarix: 5-12-2018, 15:20
Xəbəri paylaş





Xəbər lenti