Avropa ilə Azərbaycan arasında demokratiya mübahisələri - NƏ BAŞ VERİR?



Avropa ilə Azərbaycan arasında demokratiya mübahisələri - NƏ BAŞ VERİR?
“Demokratiya davası” Azərbaycanla Avropa arasında daim yaşanır. İndi də belədir. Qərb deyir ki, bizə inteqrasiya etmək üçün gərək ölkədə tam demokratiya olsun. Azərbaycan rəsmiləri isə israrla bildirir ki, demokratiya var, həm də artıqlaması ilə.

Həmçinin bir sıra beynəlxalq qurumlar insan haqları, mətbuat azadlığı indekslərində Azərbaycanın yeri aşağı göstərilir. Bu da rəsmi Bakını qıcıqlandırır, Avropa ilə münasibətləri gərgin tutur.

Bəs Azərbaycanla Qərbin, onun ayrı-ayrı institutlarının sakit, birmənalı münasibəti, əməkdaşlığı nə zaman mümkündür?

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, tərəflər güzəştlərə getməyə məcburdur: “Əslində istənilən qurum, təşkilat və dövlətlə münasibətlərin qurulması qarışıqlı güzəşt və konsensus sahəsində baş verir. Burada bir tərəfli şərtlər olanda dünyanın hansı ölkəsi olursa-olsun, problemlər mütləq yaşanır. Məcburetmə siyasəti ilə uğurlu nəticə qazanmaq çətindir. Yalnız qarşılıqlı güzəştlərlə anlaşmalar əldə etmək mümkündür. Amma bütün bunlar o demək deyil ki, Avropa dairələrinin bütün tələbləri haqsızdır. Orada ikili standartların olduğunu da bilməmiş deyilik. Bunu da zaman-zaman qeyd edirik. İstər Qarabağ, istərsə də Azərbaycan- Ermənistan münasibətlərində ölkəmizə qarşı ikili standartlar olur. Azərbaycan hər zaman haqq etdiyi yerdə olmur. Lakin hər halda, hakimiyyət də ”süddən çıxmış ağ qaşıq" deyil. İqtidar daxilində bu münasibətlərin normallaşmasının əleyhinə olan həm siyasi, həm də iqtisadi dairələr var.

Bu məmurlar bilirlər ki, belə normal münasibətlər qurularsa, onların siyasi karyeraları bitə bilər. Həmçinin iqtisadi maraqları var ki, illərlə bunu təmin ediblər. Bir növ monopoliyaya çevirdikləri sahənin əllərindən çıxacağını düşünürlər. Bu baxımdan inkar etmək olmaz ki, bu gün Avropa-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhinə olan qüvvələr var və özü də kifayət qədərdir. Düşünürəm ki, bu qüvvələr neytrallaşdırılmadıqca, Avropa-Azərbaycan münasibətləri normal məcraya düşməyəcək. Söhbət burada bəzi dairələrin tələb etdiyi münasibətlərdən getmir. Onların tələbi belə idi ki, Avropa nə deyirsə haqlıdır, biz nə deyiriksə haqsızıq. Burada bərabərhüquqlu, qarışıqlı tərəfdaş kimi əməkdaşlıqdan söhbət gedir. Hər iki tərəf güzəşt etməlidir. Azərbaycan daxilindəki “beşinci kolon” nümayəndələri proseslərdən çəkilməlidir".

YAP-çı deputat Hikmət Babaoğlu Qərb dairələrinin demokratiya məsələsini siyasi alətə çevirdiklərini qeyd etdi: “Azərbaycanda demokratik cəmiyyətin qurulmasının konstitusiya əsasları mövcuddur və ötən illər ərzində ölkəmiz bu istiqamətdə mühüm addımlar atmağı bacarıb. Hər şeydən öncə demokratiyanın əsas prinsiplərindən olan hakimiyyət bölgüsü həyata keçirilib, vətəndaş cəmiyyəti və hüquqi dövlət formalaşıb, siyasi sistemimiz plüralist əsaslarda təşkil edilib, insan hüquq və azadlıqları, söz və mətbuat azadlığı üçün şərtlər təmin edilib və s. Hazırda isə milli demokratiya tariximizin yeni bir mərhələsinə qədəm qoymuşuq. Ölkəmizdə həyata keçirilən dərin islahatlar sayəsində çoxpartiyalı parlament formalaşıb, iqtidar-müxalifət dialoquna siyasi sistemimizin demək olar ki, bütün daxili aktorları cəlb edilib və s. Belə olan halda heç kimin Azərbaycanda demokratiya ilə bağlı vəziyyəti istismar etməyə haqqı yoxdur. Avropa institutlarının mövqeyinə gəldikdə isə deməliyəm ki, əksər hallarda demokratiyanın inkişafı ilə bağlı bizim ən yaxın tərəfdaşlarımız qismində elə bu institutlar çıxış edir. Ancaq digər bütün sahələrdə olduğu kimi demokratiya və insan hüquqları məsələsində də bəzən avropalıların yanaşması ikili standartlara söykənir. Demokratiyaya baxış və onun qiymətləndirilməsində fərq də elə buradan başlayır. Çünki bəzi Qərb mərkəzləri demokratiyanı öz milli maraqlarını həyata keçirmək, yaxud başqa ölkəyə təzyiq etmək alətinə çeviriblər. Ona görə də nə qədər ki, belə davam edəcək, demokratiya da istismara məruz qalacaq. Nə vaxt ki, bəzi qərb dairələri demokratiyanı təkcə özlərinə aid olanda deyil, bizə şamil ediləndə də qlobal universal dəyər kimi görəcəklər. Bax elə onda da demokratiyaya gerçəkçi baxış və onun obyektiv qiymətləndirilməsi hadisəsi baş verəcək”.
“Yeni Müsavat”
Tarix: 5-10-2021, 14:27
Xəbəri paylaş





Xəbər lenti