“Paşinyanın başqa çıxış yolu yoxdur” – Rusiya mətbuatı


“Paşinyanın başqa çıxış yolu yoxdur” – Rusiya mətbuatıİlham Əliyev, Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüş istəyini dilə gətirib. Rusiya mətbuatının müraciət etdiyi ekspertlərin ümumi fikri belədir ki, Paşinyanın başqa çıxış yolu yoxdur. Çünki məhz bu görüş təhlükəsizliyi təmin edə bilər. Əks halda daxili çalxalanma qaçılmazdır.

Bizimyol.info xəbər verir ki, Ermənistan parlamentinin tamamilə Paşinyanın partiyasının üzvlərindən ibarət nümayəndə heyəti Rusiyaya səfər edib. İrəvanın çox narahat olduğu aşkar hiss edilir. Ermənistanın politoloqu Beniamin Matevosyan Rusiya mətbuatına deyib ki, səhnə arxasında dialoqa ciddi hazırlıq gedir.
“Hər iki tərəfin tələsmək üçün səbəbləri var. Azərbaycan keçənilki uğurunu davam etdirmək, Ermənistan isə ərazisindən keçən kommunikasiya vasitələrindən mümkün qədər tez istifadə etmək, sülh müqaviləsini razılaşdırmaq, delimitasiya və demarkasiyanı başa vurmaq istəyir. Paşinyan hökuməti Bakının tələblərini yerinə yetirmək üçün tələsir. Ermənistan münasibətlərin tənzimlənməsi üçün Türkiyənin irəli sürdüyü şərtləri də nəzərə alır”.
İrəvandakı Qafqaz institutunun direktoru Aleksandr İskəndəryan bir az fərqli düşünür. Onun fikrincə, tərəflərin mövqeləri qətiyyən üst-üstə düşmür.
“İstənilən məsələni götürün - istər sərhəddəki vəziyyət olsun, istər hərbi əsirlər, istərsə də Dağlıq Qarabağın özü və onun subyektivliyi - hər yerdə mövqelər fərqlidir. Amma görüş məsələsinin müzakirə edildiyi göz qabağındadır. Ermənistanın öz maraqlarını danışıqlar masası arxasında müdafiə etmək üçün resursu çox azdır. Cəmiyyətin fəlakət olaraq qəbul edə biləcəyi məğlubiyyətçi addımlar atmaq hər bir lider üçün təhlükəlidir. Paşinyanın manevr üçün meydanı böyük deyil, amma var”.
Avrasiya Tədqiqatlar Mərkəzinin elmi işçisi Vadim Muxanov da Paşinyanın başqa yolu olmadığını düşünür.
“Paşinyan təkcə ona görə danışıqlar masası arxasında əyləşməlidir ki, Ermənistan irimiqyaslı döyüşlərə hazır deyil. Amma yeni güzəştlər ciddi olacaqsa, onda heç Qarabağı da Paşinyana bağışlamayacaqlar. İndi Ermənistanda çoxları Qarabağ məsələsinin əlbəttə vacib olduğunu, ancaq ölümcül olmadığını söyləyir. Hərçənd, indiki sərhədlər daxilində təhlükəsizlik təmin edilmədikdə, kreslo daha ciddi şəkildə yellənməyə başlayacaq. Bundan başqa, yeni xarici siyasət məğlubiyyəti müxalifətə itirilmiş vacib kartları Paşinyana qarşı birləşdirmək imkanı verəcək”.
Muxanov əlavə edib ki, Azərbaycan qalib mövqeyindədir. Buna görə də Bakının şərtlər diktə etməsi təbiidir.
Tarix: 6-10-2021, 22:01
Xəbəri paylaş





Xəbər lenti