Supernazirliyin adı dəyişdi - fəaliyyətində hansı dəyişikliklər olacaq?



Ekspert: “İT sahəsi biznes kimi, ixracyönümlü sahə olaraq çox böyük potensiala malikdir”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Nazirliyin tabeliyində həmçinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Fərmana əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək.
Bəs “rəqəmsal inkişaf” adı altında fəaliyyət göstərəcək nazirlik bu istiqamətdəki hansı boşluqları necə dolduracaq?
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, nazirliyin adının dəyişilməsi dünyada gedən  müasir trendlərə uyğundur: “Artıq yüksək texnologiyalar yox, rəqəmsal inkişafdan daha çox danışılır və mən bu dəyişikliyi dəstəkləyirəm. Əgər əvvəllər  bizim istifadə etdiyimiz elektron hökumət məfhumu vardısa, hazırda bu söz də artıq aradan çıxmaqdadır, rəqəmsal hökumət ifadəsi daha çox işlədilir. Digital sözündən gələn  rəqəmsal bu istiqamətdə fəaliyyətləri əks etdirən əsas sözlərdən biridir. Bu mənada nazirliyin də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olması tamamilə doğrudur. Rabitə özü də rəqəmsallaşıb və bizim ənənəvi rabitə dediyimiz o məfhum artıq aradan çıxmaq üzrədir”.
“TikTok” Azərbaycanda qismən məhdudlaşdırıla bilər
Fərid Kazımov
Nazirliyin fəaliyyətinə gəlincə, Fərid Kazımov bildirdi ki, bu ilin fevral ayından başlayaraq çox böyük işlər görülüb: “Hazırlıq işləri aparılıb, nəzərəçarpacaq dərəcədə yaxşı mesajlar formalaşmaqdadır. Bu onunla bağlıdır ki, dünyada  bu sahə çox sürətli inkişaf edir və yerində saymaq artıq müəyyən mənada geriyə qalmaq deməkdir. Bu baxımdan nazirlik müxtəlif sahələr üzrə strategiyalar hazırlayır və aparılan işləri yaxın zamanlarda görəcəyik. Bu yaxınlarda provayderlərlə bir görüş keçirildi və bildiyiniz kimi, Azərbaycanda internetin sürəti, keyfiyyəti istədiyimiz səviyyədə deyildi. Amma bununla bağlı İctimai Şuranın dəstəyi ilə internet provaydelərlə görüş keçirildi. İnternet xidmətlərinin səviyyəsinin qaldırılması məsələsi ətrafında nazirliklə bu xidməti göstərən təşkilatlar arasında yaxşı bir diskussiya aparıldı. Bu da inkişafa dəstək verəcək”.
Ekspert bildirdi ki, hazırda Azərbaycanda İT biznesə ciddi fikir verməliyik: “Bu, çox mühüm sahələrdən biridir. Azərbaycanla eyni sayda əhalisi olan İsraildə İT biznesin məhsullarının ixracı 43 milyard dolları ötüb. Azərbaycanla eyni vaxtda SSRİ-nin tərkibindən çıxan və əhalisi təxminən eyni olan Belarusda bu məbləğ daha çoxdur. Bu baxımdan Azərbaycanda da İT biznes  sahəsi inkişaf etməlidir. Bizim iqtisadiyyatımız hazırda neft üzərində qurulub. Ancaq dövlət başçısının da açıqladığı əsas strategiya qeyri-neft sektorunun inkişafıdır. Biz başa düşməliyik ki, bizim üçün postneft erası yaxınlaşmaqdadır. Bu dövrdə hansı sahələrin daha çox gəlir gətirəcəyini artıq indidən hesablamalıyıq. İT sahəsi biznes kimi, ixracyönümlü sahə olaraq çox böyük potensiala malikdir. Hazırda Azərbaycanın İT şirkətləri özlərinin məhsullarını, xidmətlərini ”soft" və “hard” xidmətləri 20-dən artıq ölkəyə ixrac edir. Bu, əslində yaxşı nəticədir, ancaq Azərbaycan potensialının çox az hissəsindən istifadə edir, bunu daha yüksək həcmdə etməliyik. Nazirlik də bu işdə əsas rol oynamalıdır".
F.Kazımovun sözlərinə görə, bu istiqamətdə fəaliyyət göstərən şirkətlərə dövlət dəstək olmalıdır: “Son 20-25 ildə Azərbaycanda İT inkişafı istiqamətində görülən işlərlə elektron xidmətlər istiqamətində çox böyük nəticələr əldə etmişik və həmin nəticələri, peşəkar mütəxəssislərin, komandaların hazırladığı məhsulları ixrac etmək qabiliyyətindəyik. Azərbaycan bu istiqamətdə fəaliyyəti gücləndirsə, bu həm də ölkəyə külli miqdarda valyuta axını deməkdir. Bizim şirkətlər konsorsium formasında xarici ölkələrdəki tenderlərdə də iştirak edirlər. Bu şirkətlərə dəstəklər olmalıdır. Azərbaycanın İT sahəsində ixracyönümlü məhsullara tətbiq olunan vergi yükü optimallaşdırılmalıdır. Çünki rəqib ölkələrdə vergi yükü daha azdır və bizdə də adekvat olmalıdır ki, rəqabətdə qalib gələ bilək. Ölkəmizdə bu istiqamətdə çox ciddi işlər görülür. Ciddi müzakirələr gedir, onların həlli üçün vaxt lazımdır”.
Ekspertin fikrincə, ikinci ən mühüm məsələ startap məsələsidir: “Bu istiqamətlərdə də aktivlik var, müxtəlif proqramlar var, müsabiqələr keçirilir. Amma ölkəmizdə hazırda böyük, qlobal bazarda aktiv kapitalizasiyası olan startaplar yoxdur. Bu məsələ gündəmdə olmalıdır. Hansısa startaplar uğur qazanırsa, onun xaricə getməsinə imkan vermək olmaz və ölkədə fəaliyyət göstərməsi üçün ekosistem daha güclü olmalıdır. İnvestisiyaların startaplara, innovasiyalara axını təmin olunmalıdır. Universitetlərdə də bu iş aparılmalıdır, çünki startaplar əsasən tələbələr tərəfindən hazırlanır”.
Tarix: 14-10-2021, 09:20
Xəbəri paylaş





Xəbər lenti