“Rusiyaya cavab sərt olacaq və ölkə yaxın 20 ilə özünə gələ bilməyəcək”


“Ukayna ətrafında hərbi-siyasi durumun bu qədər gərginləşməsi təsadüfi deyil. Hesab edirəm ki, burada daha çox iki ehtimal irəli sürmək olar”. Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə bildirib.

O, ehtimallarına əsaslanaraq deyib:

“Birincisi, Rusiya prezidenti Vladimir Putin çalışır ki, özünü dünyada vacib fiqur kimi qəbul etdirsin. Nəzərə alınmalıdır ki, hazırda Rusiya təcrid edilmiş vəziyyətindədir.

İkincisi, yaxın gələcəkdə əsas rəqabət ABŞ və Çin arasında gedəcək. Rusiya həm ABŞ, həm də Çindən iqtisadi, resurs baxımından çox zəifdir. Beləcə, ABŞ yaxın 20-30 ilini Çinlə mübarizəyə sərf edəcək”.

Z. Əlizadənin ehtimalına görə, Rusiya rəhbərliyi ABŞ-ın üzünü Çinə çevirəcəyini və bu zaman Rusiyanın bitərəf qalmasına çalışacağını bildiyi üçün Vaşinqtondan nələrsə qoparmaq istəyir: “Ehtimal etmək olar ki, ABŞ ya Rusiyanı öz tərəfinə çəkmək, ya da bitərəf qalmasına nail olmağa çalışır. Putin də ABŞ-ın bu istəyini anlayır və çalışır k, Vaşinqtonun razılığı ilə postsovet məkanında özünü yeganə təsir gücü kimi qəbul etdirsin. O, bunu məhz ABŞ-ın ehtiyaclarından çıxış etməklə dinc yollarla Vaşinqtona qəbul etdirmək istəyir. Bu səbəbdən də Qərbin qarşısında ağlasığmaz formada ultimatumlar irəli sürür. Tələb edir ki, yazılı şəkildə Ukrayna və Gürcüstanın NATO-ya üzv edilməyəcəyinə razılaşsınlar və 1992-ci ildən sonra keçmiş sovet respublikalarında qurduqları hərbi bazaları, silahları yığışdırsınlar. Əlbəttə, bunlar qəbuledilməz tələblərdir”.

Politoloq inanmır ki, ABŞ başda olmaqla Qərb dünyası Moskvanın bu tələblərini qəbul etsin: “Qərb də deyir ki, sən kimsən ki, NATO-nun nizamnaməsinin ziddinə tələblər irəli sürəsən? Moskva da kim olduğunu göstərir. Məsələn, Ukrayna sərhədlərinə 100 minlik ordu toplayır, Belarusda təlimlər keçir və s.”.

Rusiya daha nələr edə bilər məsələsinə gəldikdə, Z. Əlizadə əlavə edib ki, Moskvanın imkanları geniş deyil. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi dünya iqtisadiyyatının 40 faizdən çoxunu təşkil edir. Rusiya isə cəmi iki faizini. Rusiya ondan 15-25 dəfə zəngin olan dövlətlərə nə edə bilər ki?

Politoloq sonda diqqətə çatdırıb ki, Kreml Ukraynaya hücum əmri verə bilər: “Amma bunun cavabı sərt olacaq və Rusiya yaxın 20 ildə özünə gələ bilməyəcək”.
Tarix: 25-01-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti