Çörçilin kəlamı, Paşinyanın ehtiyatlı bəyanatı...

Çörçilin kəlamı, Paşinyanın ehtiyatlı bəyanatı...
Yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın təmsilçiləri - Sərdar Kılıç və Ruben Rubinyan arasındakı görüş haqqında informasiya geniş olmasa da, görüşün pozitiv və konstruktiv keçdiyi, tərəflərin görüşdən razılığı xüsusi vurğulandı. Görüşdən bir neçə gün sonra Türkiyə tərəfinin verdiyi açıqlama diqqət çəkdi: “tərəflər arasında görüşlərin üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”.
 
Bu, Moskvanın qeyri-rəsmi vasitəçiliyinə son verildiyinə, tərəflər arasında münasibətlərin normallaşması istiqamətində qəbul ediləcək qərarların müstəqil şəkildə verilməsinə işarə edən vacib addım idi. 11-13 vevralda Antalyada planlaşdırılan diplomatik foruma Ermənistanın Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu tərəfindən dəvət edilməsi ikinci görüşün məhz Türkiyədə keçirilməsi üçün uğurlu bir səbəb oldu. Xarici siyasətdə həmişə havadarlarından, daha çox isə Rusiyadan asılı olan Ermənistanın bu təklifə tez cavab verməməsi başadüşüləndir, amma Paşinyanın ilkin reaksiyası da diqqətçəkicidir və Ermənistan baş nazirinin ehtiyatlı olsa da verdiyi açıqlamadan bu işə sıcaq yanaşdığı hiss olunur. “Məncə, əsas problem budur: həm Ermənistan, həm də Türkiyə münasibətlərin ilkin şərt olmadan həllində səmimi olaraq maraqlıdırmı? Öz tərəfimizdən birmənalı olaraq, bəli deyirəm və ümid edirəm ki, belə bir imkan mövcuddur və bundan istifadə olunacaq. Mən hökumətimizin bu məsələdə səmimi olduğunu təsdiq edə bilərəm”, - Paşinyan bildirib. 
 
Göründüyü kimi, Ermənistan Baş naziri məsələyə praqmatik şəkildə yanaşır, qonşu Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını ölkəsini hərtərəfli böhrandan çıxarmağın ən mümkün yolu kimi dəyərləndirir və perspektivdə münasibətləri həm iqtisadi, həm də diplomatik əlaqələr yaratmaqla inkişaf etdirmək niyyətindədir.  Amma, Paşinyan siyasi müxalifətin, xüsusilə Daşnak partiyasının və onun bürosu olan “Ay Dat”-nın (Hay Data-erməni məsələsi) həm erməni cəmiyyətinin müəyyən hissəsinin, həm də diasporanın ciddi hücumları və təpkisi altında olduğundan bu məsələyə ehtiyatla yanaşır və rəsmi İrəvan bununla demək istəyir ki, “dəvəti qəbul edə bilər, amma son qərarın verilməsi həmin anda yaranmış situasiyadan asılı olacaq”. 
 
Paşinyan üçün isə yalnız Antalyada görüş deyil, yaxın zamanlarda dövlət başçıları səviyyəsində görüşün keçirilməsi istəyi də özünə yer alıb. Eyni zamanda, Türkiyə Prezidenti Ərdoğanın 3+3 formatında Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin Türkiyədə görüşünün keçirilməsi niyyətində olduğunu bildirməsi, bu zaman Türkiyə və Ermənistan XİN başçılarının ayrıca görüşünün də nəzərdə tutulması haqqında yayılan məlumatlar tezliklə ikili görüşün baş tutmasına şərait yaranacağı ehtimalını gücləndirir. Bundan sonra İrəvan hələ də diasporun təzyiqinə tab gətirməli olacağını yaxşı bilir. Uzaq olmayan perspektivdə Türkiyə Ermənistandan özünün və Azərbaycanın ərazi bütövlüyünün və 1921-ci il Qars müqaviləsinin tanınmasını istəyəcək. Tezliklə bütün bunlar bu və ya digər şəkildə danışıqların predmeti olacaq və deməli, Paşinyan üçün əsas sınaqlar yeni başlayır. 
 
Bütün bu çətinlikləri və basqıları nəzərə alıb Paşinyan təmsilçini Antalya diplomatik forumuna göndərməkdən imtina edə bilərmi? Mümkündür, amma bu vəziyyət Ermənistanda böhranı daha da dərinləşdirəcək və artıq “heç bir şərt irəli sürmədən”görüş keçirmək  şərti Türkiyə üçün keçərli olmayacaq və dünya da Ankaranı qınamayacaq. Paşinyanın indiki açıqlamaları ehtiyatlılıqdan irəli gəlir və ehtiyatlılıqla yanaşı qətiyyət çalarları da var. Ona görə də Ermənistan təmsilçisinin Antalya diplomatik forumunda iştirakının faiz dərəcəsi yüksəkdir. 
 
Yəqin Paşinyan da bu müddətdə Çörçilin məşhur bir ifadəsini unutmayıb. ““Ehtiyatlılıq hər şeydən əvvəldir” şüarı ilə müharibədə qalib gələ bilməzsiniz”. Çörçilin bu kəlamı Paşinyanın indiki bəyanatlarının ruhuna uyğundur.
 
İlham İsmayıl

Tarix: 27-01-2022, 23:14
Xəbəri paylaş





Xəbər lenti