Züqanovun allahsızlığı, İmamoğlunun Allahı



Bu gün yerli telekanallara bir neçə saat baxmaq mümkün olmadı. Hansısa yeni tezliklə bağlı dəyişiklik olduğunu deyirdilər, deyəsən nədirsə oldu, çünki günortadan sonra yayım bərpa edilib. Bəs, bu bir neçə saatlıq “boşluqdan” bizim çıxardığımız əsl nəticə nə olmalıdır, bəzi fikirlərimi deyim...
Azərbaycanın Türkiyə və Rusiya ilə xəbər məkanı indi o qədər bir-birinə “qaynayıb qarışıb” ki, hərdən o ölkələrin gündəmi ilə yaşayırsan, onları təqib etməyə məcbur edilirsən. Sirr deyil ki, Türkiyə və Rusiya xəbər məkanı bizim HD formatlı, amma çox zəif, eləcə də senzuralı telekanallarımızı kölgəsində qoyur, o səbəbdən əksər tamaşaçı o ölkələrin xəbərlərinə, kinolarına, proqramlarına baxmağa üstünlük verir.

Müxalifətin səsi Türkiyədə daha möhkəm gəlir, dövlət televiziyası (TRT) da daxil opponent fikrə yer verir. Təbii ki, həm iqtidara, həm müxalifətə çox yaxınlaşmış yazılı media olduğu kimi, belə telekanallar da var. Amma üzdə olan telekanallar balansı qorumağa çalışırlar ki, bu da həm də böyük reklam bazarına bir pəncərədir. Bir az tərəzinin gözünün başqa bir tərəfə əyilməsi bu böyük bazara çıxış imkanlarını məhdudlaşdıra bilər. İkinci bir tərəfdən, iqtidar özünə yaxın mass-mediadan başqa kimsənin xəbər siyasətinə qarışa, onları sıxışdıra, məsələn, qərəzli olaraq məhkəmədə cərimələdə, yayını məhdudlaşdıra və ya bağlaya da bilməz. Hələ-hələ şirkətlərə göz ağardıb, “filan kanal müxalifətlə işləyir, ona reklam verməyin” deməyi özünə rəva da görməz...

Tanınmış telekanallarda gündəmin ən aktual mövzuları saatlarla müzakirəyə çıxarılır ki, burada da həm iqtidara, həm müxalifətə yaxın ekspertlər sözlərini açıq deyə bilərlər. Türkiyə bu mərhələyə gəlib çıxanadək yəqin ki, hamar yol keçməyib, amma indi ən demokratik ölkələrin belə bəlkə də həsəd aparacağı həddə efir məkanındakı sərbəstlik adamı sevindirir. Rusiya televiziyaları fərqlidir, çünki orada müxalifət təbliğatı efir məkanında yasaqdır. Yalnız peşəkar televiziya ənənəsi sayəsində bu ayıb ört-basdır edilməyə çalışılır, maraqlı müzakirələr, verilişlər, müəllif proqramları,  sənədli filmlər hazırlanır. O səbəbdən beynəlxalq təşkilatların hesabatlarında Türkiyə ilə Rusiyanın adını yanaşı çəkilməsi birmənalı olaraq qərəzdir. Türkiyə bilinən problemləri ilə bərabər, Putin Rusiyasından qat-qat demokratik və açıqfikirli ölkədir. Rusiyada seçkilər yaxşı hazırlanmış bir tamaşa, şoudur. Dövlət Dumasına ötən ilin payızındakı seçkilər bu faktı bir daha təsdiqlədi. Müxalif fikirli adamlar hətta hakim partiyanın siyahısından kənarda saxlanılırdı. Əvəzində kilsələrə ayaq açsalar da, amma allahsız siyasətdən hələ də əl çəkməyən(məsələn, son olaraq Ukrayna ərazisindəki separatçı “respublikaları tanımaq”la bağlı hazırladıqları sənədi yada salaq) Gennadi Züqanovun rəhbərlik etdiyi kommunistlər parlamentin “ana müxalifəti”oldu. İki il əvvəl necə olmuşdusa, bir uzaq vilayətdə(Xabarovskda)qutuya nəzarəti itirmişdilər, Furqal soyadlı liberal-demokrat qubernator seçilmişdi. Amma onu da, xalqı da bu “səhvə” görə bağışlamıdılar, qubernatoru həbs etdilər, xalqın günlərlə küçələrdəki etirazlarına baxmayaraq, səsini eşitmədilər.

Türkiyə də isə seçkiyə hiylə qatmaq asan iş deyil, seçki komissiyalarında müxalifət təmsilçiliyi və ictimai nəzarət bu kimi halları sıfıra endirir. O səbəbdən CHP-li Əkrəm İmamoğlunun bəzi Skandinaviya ölkələrinin əhalisindən çox olan 16 milyonluq İstanbulda bələdiyyə seçkilərində hakim partiyanın namizədinə qalib gəlməsi elə demokratiyanın təntənəsi, qələbəsi idi. Yadınızda, Azərbaycan  da bu seçkilərlə bağlı iki yerə ayrılmışdı- həm ölkəmizin yaxın dostu Binəli Yıldırım, həm də İmamoğluna azarkeşlik edənlər vardı. İmamoğlu seçkiləri qazandı, kimdəsə nəticəyə heç bir şübhə də qalmadı. İndi İmamoğlunu İstanbuldakı qara görə ittiham edirlər. Qəzetlər “Müxalifət İstanbulda qarda batdı” kimi maraqlı manşetlərlə çıxır. İmamoğlunu müdafiə edən də var, verdiyi seçki vədinə əməl etmədiyini deyənlər də. İmamoğluna da özünü müdafiə etmək üçün tribuna verirlər. Qar əriyər gedər, antidemokrtatik cəmiyyətlərdə isə yer həmişə “buzdur...”  
     
Dünyanın bəzi dövlət liderlərinin, təşkilatların Türkiyə prezidentini “diktator” adlandırmaları da qərəzdən başqa bir şey deyil. Əgər Ərdoğan bu adamların iddia etdiyi kimi(ana müxalifət lideri də bu cür iddiaları tez-tez təkrar edir, yanlışdır) diktatordursa, o zaman gərək Putinə, Lukaşenkoya, Berdıməhhəmmədova fərqli ad fikirləşələr...
Bir az zamanla önə gedərək deyim ki, gələn ilin aprelində olası seçkilərdə Ərdoğanın qələbəsinin Türkiyənin faydasına olacağını düşünürəm. Düzü, həm də bunu istəyərkən, Azərbaycanı da göz önünə gətirirəm. Son qərarı isə həmişə olduğu kimi türk seçicisi sandıq başında verəcək.
Bizim ölkənin siyasi həyatı Türkiyədəki kimi qaynar deyil. Qardaş ölkədə müxalifət və iqtidar münasibətlərini tənzimləyən qanunlar işləyir. Hakimiyyəti ən sərt tənqid edən müxalifət liderini dövlət qoruyursa, demək dövlət həm də gələcəyini düşünür... 

Nazim SABİROĞLU
Tarix: 28-01-2022, 22:46
Xəbəri paylaş





Xəbər lenti