"Rusiya dağılmağa məhkumdur və əvvəl-axır SSRİ-nin aqibətini yaşayacaq" - SƏRDAR CƏLALOĞLU

"100-150 min əsgərin iştirakı ilə baş tutacaq müharibə Rusiyanı darmadağın edəcək"
"Ermənistan yaxın gələcəkdə Azərbaycanla münasibətlərin yoluna qoyulması istiqamətində addımlar atacaq"
"Rusiya hərbçilərini Ukrayna, Moldova, Ermənistan, Azərbaycan və Gürcüstandan çıxaracağı təqdirdə, ABŞ və NATO Kremlə təhlükəsizliklə bağlı təminat verə bilər"
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Ermənistan prezidenti Armen Sarkisyanın istefa səbəbləri, bundan sonra Nikol Paşinyanın atacağı addımlar, düşmən ölkənin yeni prezidentinin kim olacağı, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması yolunda atılan addımların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təsirləri, o cümlədən Rusiyanın Ukraynaya hücum ehtimalı və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
"Öncədən bəlli idi ki, Paşinyan hakimiyyətdə mövqelərini möhkəmləndirdikdən sonra Sarkisyanın prezident postunda qalma şansı yoxdur"
- Bildiyiniz kimi, bugünlərdə Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib. Sarkisyan bu qərarı onun ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün lazımı alətlərə malik olmaması ilə əlaqələndirib. Lakin belə bir versiya var ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yaratdığı siyasi, inzibati və ictimai şərtlər Armen Sarkisyanı istefaya məcbur qoyub. Necə düşünürsünüz, bu, Sarkisyanın müstəqil qərarı idi, yoxsa bundan Paşinyanın hər hansı bir şəkildə rolu olub?
- Hər kəsə bəllidir ki, Sarkisyan Paşinyanın siyasətinə tamamilə zidd, ona əks mövqedə dayanırdı. O da məlumdur ki, son seçkilərdə Nikol Paşinyan parlamentdə kifayət qədər yer əldə etdi. Ermənistan prezidenti isə parlament tərəfindən seçilir. Odur ki, Paşinyan istənilən vaxt parlamentdə məsələ qaldırıb Sarkisyanı postundan məhrum edə bilərdi. Görünür, tərəflər arasında qeyri-formal, centlmen razılaşma olub və bunun nəticəsində də Armen Sarkisyan istefa barədə qərar qəbul edib. Çünki öncədən də bəlli idi ki, Paşinyan hakimiyyətdə mövqelərini möhkəmləndirdikdən sonra ona qarşı çıxan Sarkisyanın prezident postunda qalma şansı yoxdur. Ona görə də Armen Sarkisyan vəziyyəti düzgün dəyərləndirib istefa verib.
"Paşinyan öz kadrının prezident olmasına çalışacaq və parlament çoxluğu onun nəzarətində olduğuna görə buna da nail olacaq"
- Sizcə, bundan sonra Paşinyan nə kimi addımlar atacaq? O, konstitusiya islahatlarına gedərək, prezidentin səlahiyyətlərini yenidən artırmaqla özü prezident olacaq, yoxsa bu posta marionet namizədini gətirəcək?
- Hazırda parlamentdəki çoxluq Paşinyanın əlində olduğu üçün hər hansı konstitusion dəyişikliklərə ehtiyac yoxdur. Çünki mövcud şərtlər daxilində o, istənilən vaxt öz adamını prezident postuna gətirə bilər. Bu gün Ermənistanda hakimiyyət baş nazirin əlindədirsə, prezidentin isə dövlətin idarə edilməsində heç bir rolu yoxdursa, o zaman Paşinyan riskli addım atmaz və qeyd etdiyim kimi, öz kadrının prezident olmasına çalışacaq. Parlament çoxluğu onun nəzarətində olduğuna görə buna da nail olacaq. Odur ki, mən Paşinyanın özünün prezident olacağını düşünmürəm. Həm də kiçik ölkələrdə prezident üsul-idarəsi bir müddət sonra diktaturaya gətirib çıxarır. Bu səbəbdən də ən yaxşısı elə parlamentar respublikadır.
"Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə yaxın əlaqələr olmadan Ermənistanın inkişafı, hətta mövcudluğu belə, mümkün deyil"
- Nikol Paşinyanın 2022-ci ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasını istisna etməməsi, onun "Ermənistanın Türkiyəyə ərazi iddiası yoxdur", deyə açıqlaması, bir sözlə adıçəkilən ölkələr arasında münasibətlərin normallaşdırılması yolunda atılan addımlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər?
- İlk öncə onu qeyd edim ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işləri, atılan addımları yüksək qiymətləndirirəm. Artıq Paşinyan özü də reallığı dərk edib. O anlayır ki, Azərbaycan və Türkiyə ilə yaxın əlaqələr olmadan Ermənistanın inkişafı, hətta mövcudluğu belə, mümkün deyil. Ona görə də birinci növbədə Türkiyə ilə münasibətləri yoluna qoymalıdır. Daha sonra isə Türkiyə vasitəsiylə Azərbaycanla əlaqələri bərpa etməlidir. Hesab edirəm ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanla münasibətlərin yoluna qoyulması istiqamətində addımlar atacaq. Zatən, Cənubi Qafqazda münaqişələrin aradan qalxması başqa dövlətlərin bu regiona müdaxiləsinin qarşısını alır. Bundan başqa, tarix də göstərir ki, son 300 ildə Cənubi Qafqazda bu 3 xalq, dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan sinxron, yəni birlikdə inkişaf edib. Bildiyimiz kimi, bu ölkələr həddən artıq balacadır, iqtisadi imkanları məhduddur. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Ermənistan arasında əlaqələr çox ciddi şəkildə qurulmalıdır ki, hər birinə xeyir versin.
"İran Cənubi Qafqazda xüsusi rol oynamır, burda əsas Rusiyanın rolu var, amma o da getdikcə öz qınına çəkiləcək"
-  Sərdar bəy, necə düşünürsünüz, Rusiya və İran Ermənistanla Azərbaycan, o cümlədən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına hər hansı bir şəkildə mane olmayacaq?
- Düzdür, bu gün Ermənistan ciddi şəkildə Rusiyanın təsir dairəsindədir. Lakin Ermənistanın bir üstünlüyü var ki, onların müstəqil kilsəsi, həm də böyük bir lobbiləri var. Məhz bunlar Rusiyanın təsirlərini zəiflətməyə imkan verir. İranın isə Ermənistanla uzunmüddətli əlaqələri mümkün deyil. Çünki ortada din və digər önəmli məsələlər mövcuddur. Həm də İranın Rusiya ilə Ermənistan üzərində hər hansı bir rəqabət aparmaq imkanları da yoxdur. Bu baxımdan, İranın elə bir rolunu görmürəm. Sadəcə, İran üçün qısa müddətlik fürsət yaranmışdı və elə birlirdi ki, Rusiya Ermənistanı buraxır, ona görə də tez-tələsik Ermənistandan istifadə etmək istəyirdi. Lakin sonrakı hadisələrdən başa düşdü ki, Rusiya Ermənistanı buraxmaq istəmir. Bu səbəbdən də düşünmürəm ki, İran Cənubi Qafqazda xüsusi rol oynayır. Burda əsas Rusiyanın rolu var, amma o da getdikcə öz qınına çəkiləcək. Son vaxtlar Rusiyanın ayrı-ayrı yetkili şəxslərinin verdiyi açıqlamalar da sübut edir ki, Kreml Cənubi Qafqaza o qədər də maraqlı deyil. Yəni, bu gün Rusiyanı maraqlandıran əsas bölgə Qərbi Avropa və Orta Asiyadır.
"Rusiya Ukraynaya qarşı irimiqyaslı hücum etməyəcək və onun daxili şərtləri də buna imkan vermir"
- Kremlin Qərbə yönəlik siyasətinə gəlincə, sizcə Rusiya Ukraynaya hücum edəcək? Belə bir gözləntiniz var?
- Düşünürəm ki, Rusiya Ukraynaya qarşı irimiqyaslı hücum etməyəcək. Birincisi, bu, beynəlxalq hüququn açıq şəkildə pozulması, dünya dövlətlərinin Rusiyaya qarşı ayaqlanması olar və beynəlxalq hüquqdan istifadə edib Rusiyaya qarşı çox ciddi addımlar atıla bilər. Bundan başqa, Rusiyanın daxili şərtləri də genişmiqyaslı hücuma imkan vermir. Sadəcə, Rusiyanın indiki münaqişədən təhqir olunmadan çıxmasının yeganə bir yolu var ki, o da NATO-nun Rusiyanın təhlükəsizliyinə təminat verməsidir. Eyni zamanda, Rusiya da öz üzərinə öhdəlik götürməlidir ki, heç vaxt Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və digərlərinə qarşı hərbi müdaxilə etməyəcək. Bundan başqa, adıçəkilən ölkələrdə olan bütün hərbi qüvvələrini çıxartmalıdır. Yalnız bu yolla münaqişənin ədalətli və uzunmüddətli həllinə nail olmaq mümkündür.
"Rusiya bizə - postsovet ölkələrinə, NATO da Rusiyaya təhlükəsizliklə bağlı təminat verməlidir"
- Bildiyiniz kimi, artıq ABŞ və NATO Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərini rədd edib və Kremlin Şimali Atlantika Alyanı ilə bağlı tələblərinin qəbuledilməz olduğunu bildirib. Sizə elə gəlmir ki, məhz bu, müharibə riskini xeyli artırıb?
- Məncə, irimiqyaslı müharibə olmayacaq. Konfrantasiyanı aradan qaldırmaq və uzunmüddətli sülh üçün mütləq şəkildə hər iki tərəf keçmiş SSRİ respublikalarına qarantiya verməlidir. Əgər Ukrayna üzərində Rusiyanın işğal təhlükəsi olmasa, onda Kiyev nədən NATO-ya üzvlüyə cəhd etsin?! Odur ki, qeyd etdiyim ki, NATO ilə Rusiya bir-birinə təhlükəsizliklə bağlı zəmanət verməlidir. Mənə elə gəlir ki, Rusiya hərbçilərini Ukrayna, Moldova, Ermənistan, Azərbaycan və Gürcüstandan çıxaracağı təqdirdə, ABŞ və NATO Kremlə təhlükəsizliklə bağlı təminat verə bilər. Yəni, qarşılıqlı olmalıdır, Rusiya bizə - postsovet ölkələrinə, NATO da Rusiyaya təminat verməlidir. Düşünürəm ki, Ukraynanın NATO-nun üzvü olması Rusiya üçün o qədər də böyük təhlükə deyil, bu, şişirdilmiş təhlükədir. Əslində, ruslar bunu süni şəkildə şişirdib Avropadan nəsə qoparmağa çalışırlar.
"Rusiya imperialist siyasətindən imtina etmədikcə NATO da genişlənməyə cəhd etməlidir"
- Avropa Birliyi və NATO Ukraynanı Rusiya təhlükəsindən xilas etmək məqsədiylə sıralarına qəbul edəcək?
- Təbii ki, əgər Rusiya təhlükəsizliklə bağlı təminat verməsə, onda adıçəkilən təşkilatlar Ukraynanı üzvlüyə qəbul edəcəklər. Rəsmi Kiyevdə anlayırlar ki, Putin hakimiyyətə gəldikdən sonra Rusiya yenidən açıq-aşkar şəkildə imperialist siyasət aparır. Yəni, bütün dünyada imperializmin sıradan çıxdığı bir vaxtda Kreml yenidən imperializmi canlandırmaq, bəşəriyyəti 19-cu əsrə qaytarmaq istəyir. Bu isə həm Avropanın, həm ABŞ-ın, həm də Çinin maraqlarına ziddir. Ona görə də Rusiya imperialist siyasətindən imtina etmədikcə NATO da genişlənməyə cəhd etməlidir.
"Qərb Rusiya ilə yalnız silahla mübarizə aparmayacaq, onun əlində Rusiyanı çökdürəcək kifəyət qədər iqtisadi rıçaqlar da mövcuddur"
- Rusiyanı yalnız sanksiyalarla dayandırmaq mümkündür?
- Hesab edirəm ki, Rusiya özü dayanacaq. Rusiya kiçikmiqyaslı əməliyyatlarda iştirak edir. Lakin 100-150 min əsgərin iştirakı ilə baş tutacaq müharibə Rusiyanın darmadağın olmasına gətirib çıxaracaq. Çünki Qərb Rusiya ilə yalnız silahla mübarizə aparmayacaq. Qərbin əlində Rusiyanı çökdürəcək kifəyət qədər iqtisadi rıçaqlar da mövcuddur. Hələlik öldürücü snksiyalar tətbiq olunmayıb, amma buna baxmayaraq, rus rublu məzənnəsini xeyli uduzub, Rusiya iqtisadiyyatına milyardlarla ziyan dəyib. Görün, öldürücü sanksiyalardan sonra Rusiyanın başına hansı müsibətlər gələcək və sonda çökəcək. Putin və Rusiyanın digər rəhbər şəxsləri də bunu çox yaxşı başa düşür və ona görə də belə bir riskə getməyi doğru hesab etmirlər. Sadəcə, mümkün qədər nə bacarsalar onu qoparmağa çalışırlar.
"Rusiya daxilində mərkəzdənqaçma meyilləri həddən artıq güclüdür və Kreml zəiflədikcə bu, real qiymətini alacaq"
- Bu gün Rusiya daxilində hibrid müharibənin başlanması ehtimalı, ümumiyyətlə onun SSRİ-nin aqibətini yaşaması nə qədər realdır?
- Hazırda Rusiya daxilində mərkəzdənqaçma meyilləri həddən artıq güclüdür və Rusiya zəiflədikcə mərkəzdənqaçma meyilləri real qiymətini alacaq. Onu da qeyd etməliyəm ki, Rusiya qocalmış, dağılmağa məhkum olan bir strukturdur. Orda əhalinin 60-70 faizi müsəlmandır, qeyri-rusdur. Rusiyada ruslar azlıq təşkil edir. İndi müəyyən mənada güclə-filan bu strukturu saxlayırlar. Lakin onu uzun müddət saxlaya bilməyəcəklər, əvvəl-axır SSRİ-nin aqibətini yaşayacaq.
"Rusiyaya münasibətdə ABŞ, İngiltərə, Almaniya və Fransanın mövqeyində müəyyən fərqlilik görünür, lakin bu, prinsipial məsələlərdə özünü büruzə vermir"
- ABŞ və İngiltərə Rusiyaya qarşı sərt, Almaniya və Fransa isə təmkinli siyasət yetirməyin tərəfdarıdır. Necə düşünürsünüz, bu cür fikir ayrılığı NATO daxilində parçalanmaya səbəb ola bilər? Ümumiyyətlə, Almaniya və Fransa nədən Rusiyadan bu qədər çəkinir?
- Düşünürəm ki, burda çəkinmə yoxdur. Rusiyaya münasibətdə ABŞ, İngiltərə, Almaniya və Fransanın mövqeyi eynidir. Sadəcə, onların öz arasındakı rəqabət səbəbindən bəzi məqamlarda Kremlə bir qədər fərqli mövqe sərgiləyirlər. Bir digər məsələ isə ondan ibarətdir ki, bu gün Fransa, lakin daha çox Almaniya Rusiya qazından asılıdır. Bu baxımdan, müəyyən bir fərqlilik görünür, lakin bu, prinsipial məsələlərdə özünü büruzə vermir. Baxın, ABŞ Rusiyadan kifayət qədər uzaqdadır, İngiltərə də adada yerləşir. Ukraynada müharibə olacağı təqdirdə, bu, avtomatik olaraq Almaniya və Fransanın bu müharibəyə qarışması deməkdir. Almaniyanın ordusu yoxdur, Fransanın isə təkbaşına Avropanı bu təhlükədən qorumaq şansı yoxdur. Bu halda Avropa plasdarma çevriləcək. Elə buna görə də onlar müharibə olmasın deyə ABŞ və İngiltərədən fərqli mövqe nümayiş etdirirlər. Odur ki, NATO-nun dağılmasından söhbət belə gedə bilməz. Çünki Avropa ölkələri məhz NATO şəklində öz təhlükəsizliklərini təmin etmək iqtidarındadırlar.
"Həm Şuşa, həm də Bakı bəyannaməsi Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsinə kifayət edir"
- Sərdar bəy, ötən il iyunun 15-də imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" bizi "rus ayısı"ndan gələ biləcək təhlükədən sığortalayırmı?
- Hesab edirəm ki, həm Şuşa, həm də Bakı bəyannaməsi artıq Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsinə kifayət edir. Yəni, Türkiyə və Pakistan bizim müstəqilliyimizin, suverenliyimizin hərbi qarantı kimi çıxış edir. Bu baxımdan, mənə elə gəlir ki, Rusiya da könüllü şəkildə Azərbaycanın Türkiyə ilə yaxın əlaqələrinə razılıq verib. Yəni, Azərbaycan Rusiya üçün Ukraynanın, Baltikyanı ölkələrin yaratdığı təhlükəni yaratmır. Odur ki, Kremlin Azərbaycanla Ukrayna ilə olduğu kimi gərginliyə gedəcəyinə inanmıram. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, Rusiya Türkiyə ilə Azərbaycan əleyhinə açıq şəkildə addım atmadı. Odur ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqı ölkəmizin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Tarix: 1-02-2022, 16:11
Xəbəri paylaş





Xəbər lenti