“İri şəhərlərdə meriya seçkilərinə qayıtmaq lazımdır” - TƏKLİF


YAP üzvü olan ictimai xadim Çingiz Qənizadənin fikrincə, Azərbaycanda həm proporsional, həm də majoritar seçki sistemi qalmalıdır. Çünki 2002-ci ilə qədər konstitusiyamızda olub, sonra dəyişdirilib və majoritar sistem saxlanılıb:

“Amma dünya təcrübəsində həm majoritar, həm də proporsional seçki sistemi var. Siyasi partiyaların seçki aktivliyini təmin etmək, onların prosesdə daha şəffaf formada və daha çox tərkibdə namizədlərini irəli sürmək üçün imkan yaradılmalıdır”. DİA.AZ xəbər verir ki, Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə 1995-ci ildə qanun qəbul edilərkən konstitusiyanın 82-ci maddəsindən sitat gətirib və deputat sayının 125 olmasını xatırladıb.

Sadəcə olaraq, 1995-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon olub. İndi isə 7 milyonun təxminən 50 faizi qədər artım var:

“Parlamentdə deputatların sayı da 50 faiz artırılmalıdır. Bunun üçün isə həm proporsional, həm də majoritar sistemləri tətbiq etmək lazımdır. Qərb də bunu tələb edir. Demokratik dövlətlərin ənənələrindən biri də proporsional və majoritar seçki sisteminin tətbiqidir. Təbii ki, çoxpartiyalı sistemlərdə. Çoxpartiyalı sistemlərin olması demokratik ölkələri daha demokratik edir”.

Qeyd edək ki, Çingiz Qənizadənin səsləndirdiyi fikiri dəstəkləyənlərin sayı artmaqdadır. Yəni, artıq bu mövqedən çıxış edənlər arasında partiya sədrləri, millət vəkilləri də var.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə əlavə edib ki, Azərbaycanın seçki sistemində islahatlar olmalıdır:

“Həm bələdiyyə, həm meriyanın seçki məsələsinə qayıdılmalıdır. Tutaq ki, bu, Bakı meriyası, Gəncə və digər böyük şəhərlərdə tətbiq olunmalıdır. İcra strukturlarında daha çevik, operativ və birbaşa əlaqəli qurumların yaradılması məqsədəuyğun hesab olunur. Odur ki, bütün nazirliklərin xətti ilə regional idarələr yaradılıb. Artıq bir rayonun başçısının tabeliyində olan qurum yox, regional qurum var. Ona görə də dəyişikliklər labüddür”.

Çingiz Qənizadə yeniliklərə nümunə kimi Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə səlahiyyətli nümayəndələr təyin etməsini göstərib.

Bütün bunlardan dolayı, referendumun olacağı təqdirdə Çingiz Qənizadə seçki sisteminə yenidən baxılmasını təklif edib. Çünki seçki qanunvericiliyində müəyyən islahatlara ehtiyac var.
Tarix: 3-02-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti