Qallaxerin Qarabağ qələti - Londonun İrəvandakı səfirindən xəbəri varmı?



Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaxer erməni mediasına bu gün geniş müsahibə verib. İki ölkə arasında münasibətlərin 30 illiyinə həsr olunan həmin müsahibədə ona təbii ki, “Dağlıq Qarabağ konflikti” ilə bağlı da sual ünvanlanıb.
Cavab bizim üçün şokedici sayıla bilər. Belə ki, səfir nəinki bu mövzuda böyük qələtə yol verib, üstəgəl, faktiki erməni ağzı ilə danışaraq, öz savadsızlığını ortaya qoyub. Özünə cavab tələb edən bir neçə sualla birgə.
Demə, cənab Con Qallaxerə görə, münaqişə bitib-zad eləməyibmiş! Sitat: “Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz münaqişəni həll olunmuş hesab eləmirik. Böyük Britaniya Dağlıq Qarabağ konfliktinin mümkün qədər tez və ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas prinsipləri əsasında hərtərəfli nizamlanmasını istəyir. Biz amerikalı, fransız və rusiyalı həmsədrlərin səylərini tam dəstəkləyirik və tərəfləri danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.
Diqqət edildisə, səfirin söylədiyi son 1 il -1 il yarımda İrəvan rəsmilərinin ənənəvi destruktiv və təxribatçı fikirlərindən heç nə ilə fərqlənmir. Sanki danışan elə Ermənistanın baş naziri Nikol Paşinyan, yaxud onun xarici işlər naziri Ararat Mirzəyandır, Con Qallaxer yox!
Amma bu, ingilis diplomatdır – qos-qoca Böyük Britaniyanın səfiri. O Britaniya ki, Qarabağ məsələsində Qərb dövlətləri arasında həmişə daha ədalətli mövqeyi ilə yadda qalıb. Biz onun 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasında Fransa tərəfindən ölkəmizə qarşı hazırlanan olduqca haqsız və provokativ xarakterli qətnamə layihəsinin əngəllənməsində rolunu da minnətdarlıqla xatırlayırıq.
Həmçinin rəsmi Londonun Bakı və Ankara ilə ənənəvi isti münasibətləri sirr deyil. Azərbaycanda böyük iqtisadi-energetik maraqları olan İngiltərə işğaldan azad olunan ərazilərimizin bərpası və minalardan təmizlənməsi işlərində də mümkün köməklikləri edir.
Amma gör onun İrəvan səfiri özünü necə aparır, nələr danışır. Azərbaycanda Dağlıq Qarabağ inzibati ərazi vahidi mövcud olmadığı halda “Dağlıq Qarabağ” ifadəsi işlədir, keçmişdə qalan “Dağlıq Qarabağ konflikti”ndən dəm vurur, hətta bir az da irəli gedərək, iki ildir “gorbagor” olmuş “status” söhbətini ortaya atır, üzdəniraq Minsk Qrupunu dirildərək, onu konstruktiv bir qurum kimi gözümüzə soxmağa çalışır, kəsəsi, kapitulyant Ermənistanın ölkəmizə qarşı həyasız ərazi iddiasına haqq qazandırır! Rəsmi Bakının mövqeyini bilə-bilə!
Hətta iki gün öncə ermənipərəst Fransanın prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşlə bağlı yayılan bəyanatda nə “Dağlıq Qarabağ” və ya Qarabağ, nə də “Minsk Qrupu” ifadələri yer almışdı - Paşinyan buna cəhdlər eləsə də!

İndi bu nədir, Britaniyanın Azərbaycana qarşı ikiüzlü siyasəti, yoxsa sadəcə, bir diplomatın naşılığı?
Hər necə olmasa, Azərbaycan XİN-in buna yəqin ki, reaksiyası olacaq. Çünki biz adətən ABŞ-ın, Fransanın İrəvandakı səfirlərindən analoji açıqlamalar eşidirik. Adətən onlar erməni ağzı ilə danışırlar və Azərbaycan XİN-in buna reaksiyası gecikmir.
Maraqlıdır, görəsən Britaniyanın Bakıdakı səfiri də eyni fikirdədirmi? Əgər bu, onların təmsil elədikləri dövlətin mövqeyidirsə, məntiqlə eyni olmalıdır. Amma biz bunun da şahidi olmuşuq ki, məsələn, İranın Ermənistandakı səfiri vaxtilə Azərbaycanla, Qarabağla bir söz deyib, Bakıdakı səfir isə - başqa.
Paradoks həm də ondadır ki, İngiltərə Minsk Qrupunun üzvü deyil. Əlbəttə ki, bu, mister Qallaxerin günahını azaltmır. Tam əksinə. Xeyir ola, üzvü olmadığın bir uğursuz qurumun dərdini çəkirsən?..
Zahid SƏFƏROĞLU

Tarix: 7-02-2022, 23:13
Xəbəri paylaş





Xəbər lenti