Rusiya Müdafiə Nazirliyi “naqornı”dan əl çəkmir - rəsmi yanlış, yoxsa...


Sülhməramlılar haqda hesabatda dəfələrlə “Dağlıq Qarabağ” ifadəsi işlədilir; Elxan Şahinoğlu: “Bu qədər texniki xəta ola bilməz, bizim üçün ”Stepanakert" adlı şəhər də yoxdur,  amma..."
Rusiyanın Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların bu ilin yanvar ayı üçün fəaliyyətləri barədə hesabat yayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış hesabatda diqqətçəkən məqamlar var. Əvvəla, hesabatda dəfələrlə “Dağlıq Qarabağ” termini işlədilir ki, bu da müharibədən sonra Azərbaycanın yaratdığı reallıqları inkar etmək deməkdir.
Çünki keçmiş “DQMV” ləğv edilib və Azərbaycan Prezidentinin sərəncamı ilə “Qarabağ”, “Şərqi Zəngəzur” iqtisadi zonaları yaradılıb. Azərbaycan Prezidenti dövlətimizin adından keçmiş Dağlıq Qarabağın inzibati sərhədlərinin ləğv edildiyini rəsmən bəyan edib.
İkincisi, hesabatın əhatə etdiyi fəaliyyət istiqamətləri göstərir ki, sülhməramlılar olduqları ərazidə yalnız erməni maraqlarının müdafiə zərurəti çərçivəsində fəaliyyət göstərir. Belə ki, humanitar yüklərin daşınması, təmas xətləri boyunca patrul xidmətinin göstərilməsi, minalardan təmizlənmə, humanitar aktların həyata keçirilməsi kimi əsas istiqamətlər üzrə fəaliyyətlərdən söhbət açılır.
Yada salaq ki, bundan əvvəl də sosial şəbəkələrdə Kəlbəcərə gedən Azərbaycan maşınlarının sülhməramlılar tərəfindən yoxlanılarkən onların yanında erməni separatçılarının olmasını əks etdirən video cəmiyyətdə hiddətlə qarşılanmışdı. Bildirilir ki,  Azərbaycan tərəfi sülhməramlıların rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi öz növbəsində belə halın təkrarlanmayacağına söz verib. Amma bu qeyri-rəsmi məlumatdan başqa heç bir izahat verilməyib. Bəs niyə Rusiya Müdafiə Nazirliyi hələ də Qarabağ regionu qarşısında “naqornı” ifadəsini işlədir? Bu yanlış bilərəkdən edilir, yoxsa Azərbaycanın topoqrafiyasından (dəyişən adlar) xəbərləri yoxdur? Biz bu qədər sadəlövh ola bilərikmi? Ümumiyyətlə, Rusiya sülhməramlıları nə vaxtadək ermənilərə odun daşıyacaq, evlərini qızdıracaq...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, bu qədər texniki xəta ola bilməz. Politoloq hesab edir ki, ilyarım ərzində bu cür “xətaları” saysaq, nə qədər təxribata məruz qaldığımızı görərik: “Bundan əvvəl də erməni separatçısı maşınımızı yoxlayırdı, sülhməramlı söz verdi k, bir də təkrar olmayacaq. Amma xəndək qazırlar, göz yumurlar, atəş açırlar, göz yumurlar. Azərbaycan üçün ”Dağlıq Qarabağ" ifadəsi yoxdur, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Prezidentinin qərarına hörmətlə yanaşmalıdır". E.Şahinoğlu xatırlatdı ki, bizim üçün “Stepanakert” adlı şəhər də yoxdur: “Xankəndidir, amma heç bir rus rəsmisi belə adlandırmır. Heç olmasa mötərizədə Xankəndi göstərmək olar, onu da etmirlər. Ona görə hesabatda məqsədli şəkildə ”naqornıy" sözü təkrar-təkrar yer alır. Bununla demək istəyirlər ki, Azərbaycanın qərarı ilə hesablaşmırıq, yəni Rusiya üçün “Dağlıq Qarabağ”, “Stepanakert” var. Və bütün bu addımlar göstərir ki, belə siyasət davam edəcək".
Siyasi analitikin fikrincə, sülhməramlılar separatçıları tərk-silah etmirlər, Laçın yolunu ciddi şəkildə yoxlamırlar, bütün bunlara özləri geniş şərait yaradırlar: “Bu il yarımda gördüklərimiz kifayət edir, Rusiya şikayətləri qulaqardı edir, sabahısı başqa təxribata yol verilir. Ona görə təhlükə qalır, Donbasda, Abxaziyada pasport paylamışdılar, bu təxribatla biz də üzləşə bilərik. Ona görə 4 ilin sonunda 6 ay qalmış tam ixtiyarımız çatır ki, sülhməramlıları çıxaraq, deyək ki, sizə ehtiyacımız yoxdur, erməni vətəndaşlarla da dialoqumuz olacaq. Elə etməliyik ki, buradan çıxsınlar. Üstəlik, 10 noyabrda müqavilə imzalanıb, əlimizdə sənəd var, digər separatçı bölgələrlə bağlı heç bir saziş yoxdur, fərqimiz budur. Ancaq qarşıda zaman varsa, o demək deyil ki, bu 4 ildə onların təxribatlarına göz yummalıyıq. Artıq Xocalı genosidinin 30 illiyi gəlir, bu şəhərə qayıdış məsələləri, Şuşanın kəndlərinin qaytarılması qaldırılmalıdır, yoxsa bizim üçün getdikcə daha ciddi problem olaraq qalacaq”.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, dünyanın bütün güc strukturlarında olduğu kimi Rusiya MN-ın də hesabatını baş qərargah rəisi təsdiqləyir və mətbuata ötürülür: “Burada heç bir texniki yanlışlıqdan söhbət gedə bilməz. Rusiya dövləti üçün məsələ bu formada qalıb, hesab edirlər ki, ərazi ”Dağlıq Qarabağ" kimi qalmalıdır. Onlar bu cür göstərməklə sülhməramlının xidmət etdiyi ərazini guya dəqiq çatdırmağa çalışırlar. Biz istəyərdik ki, Qarabağın dağlıq hissəsi yazılsın, hər halda, bu vəziyyət arzuolunan hal deyil, bizim üçün tarixin arxivinə getmiş məsələdir. Ona görə Rusiya Müdafiə Nazirliyinin mövqeyini dövlətin mövqeyi kimi qiymətləndirməliyik. Bundan əvvəl də bəzi şəhər və kənd adlarını ermənilər adlandırdığı kimi qeyd edirdilər. Hər dəfə Azərbaycan tərəfi buna etiraz edəndə deyirlər ki, texniki səhv olub. Mən isə burada texnikidən daha çox, siyasi motiv görürəm. Belə qənaətə gəlinir ki, sanki sülhməramlılar orada ermənilərə yiyəlik edir".
Tarix: 9-02-2022, 09:58
Xəbəri paylaş





Xəbər lenti