YAP-ın ərazi təşkilatının hesabat-seçki yığıncağının karaoke klubda keçirilməsi müzakirələrə səbəb oldu - FOTO



Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “İstiqlaliyyət küçəsi 51 ” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağının karaoke klubda keçirilməsi müzakirələrə səbəb olub.
 
Pravda.az-ın xəbərinə görə, yığıncaqda ərazi partiya təşkilatının sədri Arzuman Muradlı hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
 
A.Muradlı bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.
 
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.
 
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının əməkdaşı Aysel Nəsibova hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. 
 
Çıxışı zamanı 44 günlük Vətən müharibəsinə toxunan A.Nəsibova Azərbaycan Ordusunun şücaətindən də söz açıb: “Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında nə qədər danışsan da söz, cümlə bitməz. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti¬ki olaraq iflic vəziyyətinə gətirdi. İşğalçı Ermənistanın ordusu bu müharibədə tamamilə məhv oldu. Azərbaycan xalqı 30 illik işğaldan qurtulub öz dədə-baba torpaqlarına qovuşdu. Bir sözlə Qarabağ öz sahibinə qayıtdı”.
 
Tədbirin fotolarını sosial şəbəkədə paylaşan YAP-ın Səbail rayon təşkilatının məsləhətçisi Fuad Heydərə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu irad bildirib. GAP sədri “YAP-ın Səbail rayon təşkilatının ofisi yoxdur?” sualını ünvanlayıb. F.Heydər isə belə cavab verib: “Təbii ki, var, bu, sadəcə, ərazi təşkilat sədrinin üzvləri ilə baş tutan görüş idi öz məkanında...”
 
Ağasif Şakiroğlu: “Heç olmasa bu fotonu paylaşmayın, ayıbdır…”
 
Fuad Heydər: “Qapının üzərindəki, yazıya fikir verməkdənsə Yeni Azərbaycan Partiyasının 29 il ərzində gördüyü uğurlu işlərə nəzər salsanız, daha məqsədə uyğun olardı”.
 
Ağasif Şakiroğlu: “Yeni Azərbaycan Partiyasının uğurları altında gizlənməyə dəyməz. Siz fakta cavab verin. Cavab verə bilmirsinizsə, susmaq daha gözəldir… YAP-ı uğursuz fəaliyyətdə ittiham etməmişəm ki, siz də mənə YAP-ın uğurlarından danışasınız... Mən sizə sual verirəm: YAP-ın Səbail rayon təşkilatının böyük qərərgahı olduğu halda toplantınızı niyə məhz karaoke klubda keçirirsiniz? Cavabınız varsa, söyləyin, yoxdursa, mövzunu başqa istiqamətə aparmağa gərək yoxdur!”
 
Fuad Heydər: “Ərazi partiya təşkilatının ofisi təmirdədir, hesabat-seçki yığıncağını ləngitməmək üçün yığıncağ bu cür keçirilib. Postumu diqqətlə oxusaydınız, bu sualı verməzdiniz...”
 
Ağasif Şakiroğlu: “Postunuzu sonadək oxumuşam. Amma məlum postunuzda nə səbəbdən konfransınızı YAP Səbail təşkilatının qərərgahında deyil, hansısa karaoke klubda keçirmənizə aydınlıq verilməyib. İndi son yazdığınız şərhdə isə bunun aydınlığını vermisiniz. YAP Səbail təşkilatının qərərgahında təmir gedirmiş… Aydındır…”
 
Fuad Heydər: “YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilatının qərargahında təmir işləri aparılır, zəhmət olmasa, yerli rayon təşkilatı ilə ərazi partiya təşkilatınını səhv salmayın, inboxsunuza nizamnaməni göndərdim, oxuyub yaxından tanış olarsınız, məlumatınız olar. Təşəkkür edirəm, sizə də uğurlar arzu edirəm”.
 
Sonradan isə fotoya düzəliş edilib, “karaoke” yazılan hissə kəsilib.
 Fotoları təqdim edirik





Tarix: 10-02-2022, 08:54
Xəbəri paylaş





Xəbər lenti