"Bütün İcra hakimiyyətlərini ləğv edib, prezidentin Qarabağda olduğu kimi şəxsi nümayəndəliyini yaratmaq lazımdır"



Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı imzaladığı bugünkü sərəncamlar Dövlət Neft Şirkəti (SOCAR) və İqtisadiyyat Nazirliyi ilə bağlı oldu. Ölkə başçısı Rövnəq Abdullayevi Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad etdi, amma işsiz də qoymadı, o, iqtisadiyyat nazirinin müavini təyin olundu.
 

Prezidentin digər sərəncamı ilə Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edildi, ardınca Dövlət Neft Şirkətində birinci vitse-prezidenti təyin olundu. SOCAR prezidenti təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası yeni birinci vitse-prezident Rövşən Nəcəfə həvalə edildi.
 
Ölkə başçısının sərəncamları bununla da yekunlaşmadı. Belə ki, Elnur Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək nazirin birinci müavini postuna təyinat aldı.
 
Prezidentin yeni təyinatları haqqında Modern.az-a danışan iqtisadçı-deputat Vahid Əhmədov islahatları yüksək qiymətləndirdiyini vurğulayıb. O deyib ki, ölkə başçısı kadr islahatları ilə bərabər struktur islahatlarına da xüsusi diqqət ayırır:
 
“Vəzifəyə gətirilən kadrların əksəriyyəti xaricdə təhsil almış şəxslərdir. Mən onların hər birini tanıyıram. Kifayət qədər təcrübəli, müasir tələblərə cavab verən insanlardır. Bir neçə ay bundan əvvəl SOCAR yanında Müşahidə Şurası yaradıldı, Mikayıl Cabbarov Şuranın rəhbəri, Rövşən Nəcəf isə üzvü oldu. Keçən müddət ərzində orada Mikayıl Cabbarovun rəhbərliyi altında çox ciddi işlər görüldü. Maliyyə məsələlərinə, struktura baxıldı, təkliflər işlənib hazırlandı. Yəqin ki, bunlar hamısı dövlət başçısına təqdim olunub və nəticədə prezident bugünkü kadr islahatına gedib.
 
Rövşən Nəcəfi tanıyıram. Milli Məclisdə də olub, ikitərəfli görüşümüz, danışıqlarımız baş tutub. Xaricdə təhsil alıb, kifayət qədər savadlı və təcrübəlidir. Ola bilər ki, müəyyən səhvlər də edəcək, bu sahədə də təcrübə toplayacaq. Amma mən hesab edirəm ki, onun Dövlət Neft Şirkətində rəhbərliyə təyin olunması müsbət addımdır. Çünki buradakı bəzi nöqsanların aradan qaldırılması vacib idi.
 
Mikayıl Cabbarovun birinci müavini təyin edilən Elnur Əliyev də kifayət qədər təcrübəli hüquqşünasdır,  Azərbaycan iqtisadiyyatını yaxşı bilən kadrdır. İqtisadiyyatın inkişafı ilə əlaqədar onun kifayət qədər töhfəsi olacağını düşünürəm”.
 
Dəyişikliklərin gözlənilən olduğunu söyləyən deputatın fikrincə, islahatlar bununla bitməyəcək və davamı da olacaq:
 
“Biz çox istəyirik ki, İcra hakimiyyəti orqanlarında ciddi dəyişikliklər həyata keçirilsin. Görürsünüz ki, proses başlayıb, Gəncə şəhərinin rayonları ləğv edilir. Bütün İcra hakimiyyətlərini ləğv edib, prezidentin Qarabağda olduğu kimi şəxsi nümayəndəliyini yaratmaq lazımdır. 14 iqtisadi bölgə təyin etmək, nümayəndələri ora göndərmək lazımdır. İcra hakimiyyətlərilə bağlı belə böyük ştatın saxlanmasına ehtiyac yoxdur. Çünki bazar iqtisadiyyatında yaşayırıq, çox şey özəlləşdirilib, Azərbaycana özəl investisiyalar gəlir. İnzibati formada idarəetmədən uzaqlaşmaq lazımdır”. 

Tarix: 10-02-2022, 20:41
Xəbəri paylaş





Xəbər lenti