ABŞ-ın keçirdiyi sorğu və “Qarabağ Rusiyaya birləşdirilməlidir” xülyası



Ekspertlər ABŞ-ın Respublika İnstitutu Ermənistanda keçirdiyi sorğunun  nəticələrini dəyərləndirdilər: “Bu, çox təhlükəli bir tendensiyadır...”
ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərin fikrincə, Ankaranın “erməni soyqırımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.
Maraqlıdır ki, Ankara - İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün ən böyük təhlükənin Türkiyə olduğunu bildirib. Sorğuya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. “Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir - 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”.
“Rusiyaya birləşdirilməlidir” xülyası yenidir və təsadüfi deyil. Məsələn, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı.
“Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıb ki, Qarabağ artıq onlarlıq deyil, məsələni ”Rusiyaya yükləmək" lazımdır", - E.Şahinoğlu deyib.
Siyasi şərhçi deyib ki, Kreml Rusiya ətrafındakı bütün separatçıları özününkü sayır: “Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür, elə bugünlərdə separatçıların lideri Araik Arutyunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda ”11 faizin" haradan yarandığı aydın olur".
Bu sorğunun üzə çıxardığı nəticə Azərbaycan üçün hansı təhlükəni vəd edir? Araikin yenidən Moskvaya dəvət edilməsinin pərdəarxası nə ola bilər?

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə əslində burada maraqlı nəticələrin üzə çıxdığını söylədi: “Bu sorğunun çox maraqlı nəticələri var. Bu nəticələr onu göstərir ki, Ermənistan cəmiyyətində türk nifrəti ilə yaşayan insanların sayı yarıya düşüb. Yəni Ermənistanın yarısı sülh istəyir. Bunlar olduqca maraqlı rəqəmlərdir. Çünki bundan öncə türk nifrəti ilə dolu 100 faizə yaxın nəticə var idi. Araikin Moskvaya dəvət olunmasına, ”Qarabağ Rusiyaya birləşdirilməlidir" ideyasına gəlincə, burada heç bir şans yoxdur, yəni bu ideyanın gerçəkləşməsi baxımından deyirəm. Qarabağ Azərbaycandır. Azərbaycan bunu öz qələbəsi ilə isbat edib. Ölkəmiz də yalnız deyil. Sadəcə olaraq, Şuşa Bəyannaməsini xatırlatmaq istəyirəm. Bizim birliyimiz heç kəsə niyyətini həyata keçirməyə imkan verməyəcək. Burada hansısa yeni oyunlar oynamağa imkan verilməyəcək".

Sabiq dövlət müşaviri Qabil Hüseynli çox təhlükəli bir tendensiyanın yaranmasından doğan narahatlığını bu cür ifadə etdi: “Bu çox təhlükəli bir tendensiyadır və bunun yaranmasında Rusiyanın mərkəzi hakimiyyət orqanlarının, eləcə də rus sülhməramlılarının böyük rolu var. Onlar orada qondarma bir slavyan icması yaratdılar. Daha sonra xilaskar əsgər, yəni Qarabağın dağlıq hissəsindəki erməniləri xilas edən əsgərin və onun ayaqlarına qısılmış erməni qızının heykəlini qoydular. Bir sıra rus mütəfəkkirlərinin, eləcə də hərbi xadimlərinin büstlərini qoydular, kilsə tikdilər. Bütün bunlar onu göstərir ki, Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının müəllifi Kremldir. Yerli əhali, yəni ermənilər də artıq bu ideyanı dəstəkləməyə başlayıblar. 11 faiz o qədər də böyük rəqəm olmasa da, təhlükəli tendensiyadır, bu, gələcəkdə arta da bilər. Üstəlik, onlar Cənubi Osetiya və Abxaziya nümunəsini də göz önünə alırlar ki, orada belə bir mexanizmdən istifadə olunub. Əvvəlcə vətəndaşlıq pasportlarını payladılar, sonra sosial sorğu keçirdilər. Ardınca da həmin əraziləri müstəqil elan etdilər. Bir Rusiya və bir neçə də oyuncaq rejimdən başqa heç bir ölkə bu müstəqilliyi tanımadı. İndi burada da Moskva təhlükəli oyunların ssenarisini hazırlayır. Bunlar yaxşı başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, beynəlxalq təşkilatlar tanıyır. Onun Ermənistana birləşdirilməsi demək olar ki, mümkünsüz görünür. Eyni məntiqlə Rusiyaya birləşdirilməsi də daha məntiqsiz görünür. Ruslar təhlükəli ssenarilər hazırlayıb işə salsalar da, bunu həyata keçirmək demək olar ki, mümkün deyil. Çünki bura nə Abxaziya, nə də Cənubi Osetiyadır. 18-20 minlik əhaliyə nə müstəqillik verə bilərsən, nə də onu xeyli aralı məsafədə yerləşən dövlətə birləşdirmək ideyasını gerçəkləşdirə bilərsən. Onsuz da Rusiyanın imperialist davranışları barədə dünyanın bütün nöqtələrində danışılır. Bu məsələdə bütün dünya az qala şimal qonşumuza qarşı çevrilib. Hesab edirəm ki, hansısa sosial sorğular keçirsələr də, ən müxtəlif oyunlardan çıxsalar da, ürəklərində tutduqları planları həyata keçirə bilməyəcəklər. Əvvəla, ona görə ki, Azərbaycan xalqı buna imkan verməz. Eyni zamanda rəsmi Bakının mütəffiqləri başda Türkiyə olmaqla, eləcə də beynəlxalq təşkilatlar bunu Rusiyanın imperialist addımlarının davamı kimi qəbul edər və pisləyər. Arxayınlaşmadan deməliyik ki, biz artıq ciddi surətdə rus sülhməramlılarının bölgədən çıxarılması prosesinə başlamalıyıq. Ən azından bunu vətəndaş cəmiyyətləri şəklində başlatmalıyıq. Rusiya sülhməramlılarının bölgədə destruktiv rolunu açıq göstərərək, onların bölgədə sülhyaratma prosesinə töhfə verə bilməyəcəklərini əsaslandırmalıyıq. Ermənilər sərhədlərin delimitasiyası və digər məsələlərdə çox hiyləgər hərəkət edirlər. Bu da Moskvanın ssenarisi ilə üst-üstə düşən hərəkətlərə bənzəyir. Biz bu tendensiyanın qarşısını alan hərəkətlərə rəvac verməliyik. İmkan verməməliyik ki, Rusiya bölgədə yenidən hansısa avantürist planın reallaşmasına şərait yaratsın. Özü də burada Vətən müharibəsində erməniləri dəstəkləyən Fransa və digər dünya gücləri belə Rusiyanın bu siyasətinə qarşı çıxacaqlar”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Rusiyanın təsir imkanlarının azaldılmasının vacibliyinə diqqət çəkdi: “Paşinyan zatən Qarabağ məsələsinin altından qaçmağa çalışır. Rusiya isə bölgədə qalmasının yeganə səbəbi bu kimi fikirlərdir. Bir də ermənilər başqa cür cavab verə bilməz. Bu ideoloji bir məsələdir. Bizim öhdəmizə düşən Rusiyanın təsir imkanlarını azaltmaqdır. Bunun üçün Türkiyə ordusu bölgəyə gəlməli, Avropa ilə əlaqələr güclənməli, Türkiyə liderliyində bir neçə mərhələli təhlükəsizlik sistemi qurulmalıdır. Regional hərbi siyasi inteqrasiya birlikləri qurulmalıdır. Ermənilərin sorğuları isə o qədər ciddi deyil. Əsas Türkiyə-Azərbaycan-Ukrayna-Avropa təhlükəsizlik konfiqurasiyaları qurulmalıdır. Bir də artıq Qarabağa əhali dönüşü olmalıdır. Regional dönüş və demoqrafik təsir artmalıdır”.

“Yeni Müsavat”
Tarix: 11-02-2022, 14:07
Xəbəri paylaş





Xəbər lenti