"Tərtər və AMEA işi’" – 5-ci kolonla müharibə: niyə indi? "DƏRİN TƏHLİL"



Ölkədə maraqlı gündəm var. Orduya, siyasətə və ictimai-siyasi sektora kök atmış 5-ci kolona qarşı savaş başladılıb. Bu, iki istiqamətlidir. Birinci istiqamət ordu və hərbi elitanın təmizlənməsi, yenilənməsi təşəbbüsləridir. Bu proses "Tərtər işi" platformasında aparılır. Görünən budur ki, Azərbaycan müharibədən qalib çıxdı, torpaqlarını işğaldan azad etdi, həmin yerlərdə hərbi-strateji cəhətdən möhkəmləndi, ordu komandanlığını, xüsusilə Silahlı Qüvvələrin Qərargahındakı kadrları (rəis Nəcməddin Sadıkov daxil) əhəmiyyətli şəkildə yenilədi, alternativliyi təmin etdi. Proseslərin davam etdirilməsinə hər hansı təhlükə-təhdid olmadığını hesablayandan sonra "Tərtər işi" kod adı altında ordu və Vətən düşmənlərinə qarşı əməliyyata başladı. Geniş ictimaiyyət bunu çoxdan tələb edirdi. İstintaq isə gerçəkdən gec qaldı.
"Tərtər işi" nədir və niyə bu qədər - 4 il yarım gecikdi?  Bu cinayətdə adı keçən çox yüksək vəzifəli hərbçilərin, ordu elitasının, Nəcməddin Sadıkov başda olmaqla, ordu generalitetinin axırı necə olacaq?  Tərtər işində adları keçən bəzi hərbçilərin, generalların Vətən müharibəsində yüksək qəhrəmanlıqlar göstərmələri onların günahını yuyurmu?
Tərtər işi hara qədər uzana bilər? Ordu 5-ci kolondan təmizlənir, yoxsa sadəcə ictimai rəydə həddindən artıq təsir kəsb etmiş bu məsələni sonlandırıb bitirmək əməliyyatı həyata keçirilir?
Siyasi iradənin müdaxiləsi olmadan Tərtər işində axrıncı gəlişmələr mümkün ola bilərdimi? Bu müdaxilə yalnız ədalətin və hüququn müəyyən edilməsi, bərpası məqsədi daşıyır, yoxsa siyasi-strateji hərəkətin tərkib hissəsdir?

***

5-ci kolona qarşı başladılan müharibənin 2-ci istiqaməti ölkənin ictimai-siyasi, dövlət və elm sektorlarında yuvalanmış 5-ci kolonçuların müəyyənləşdirilib, neytrallaşdırılmasıdır. Əgər "Tərtər işi" hazırda müqavimətsiz və rahat gedirsə, ‘’AMEA işi’’ olduqca gərgin, söz-söhbətli və çətin gedir.  5-ci kolonun Ramiz dayısı AMEA-nı döyüş poliqonuna çevirib. Azərbaycan gündəmi süni şəkildə məhz Akademiyadan gərilir və yüklənir. 
AMEA-da nə baş verir? Anti-Ramiz Mehdiyev üsyanının dərin kökləri, mahiyyəti nədən ibarətdir? Ramiz Mehdiyevin müqavimətinin arxasında, AMEA Rəyasət Heyəti adından yayılan Mehdiyevi müdafiə Bəyanatının arxasında kimlər və hansı mənafelər dayanır? Mehdiyevin gedib getməməsi nə üçün bir sıra yerlərdə AMEA qalsın, ya ləğv edilsin kimi eyniləşdirilir?
Ramiz Mehdiyevin AMEA formasında paralel idarəçilik institutu yaratmaq cəhdlərinin arxasında onun subyektiv ambisiyaları, mənafe qruplarının, trayb və s. xarakterli klanların, yoxsa xarici güc mərkəzlərinin maraqları durur? Yaxud bunlar bir-birini istisna etməyən, bir sıra hallarda bir-birini şərtləndirən faktorlardır?
Ramiz Mehdiyevi kimsə əvəz edə bilərmi? Onun“kollektiv mehdiyevçilik”lə əvəz olunma təhlükəsi varmı?

***

"Tərtər işi" ilə AMEA-dakı proseslər arasında bağ və əlaqələr varmı?
Hər iki proses, əslində, ölkəni sarmış 5-ci kolona qarşı 2019-cu ildə başlanmış savaşın davamı kimi dəyərləndirilməlidir. Bu savaşın ilk mərhələsində Mehdiyev və onun ən əsas adamları hakimiyyət strukturlarından, administrasiyadan, güc nazirliklərindən uzaqlaşdırıldılar. Lakin orduda 5-ci kolonun hərbi lideri - Nəcməddin Sadıkov qalırdı və bu, həm də Mehdiyevin gücü demək idi. İndi proses yenidən start götürüb 5-ci kolonun əsas siyasi siması kimi qavranılan Ramiz Mehdiyevlə hərbi siması olan Nəcməddin Sadıqov arasında məntiqi bağların daha qabarıq konturları görünür və belə təəssürat yaranır ki, bu konturlar qısa zamanda aydınlaşacaq. Belə davam etsə, Azərbaycan ordusu və hərbçilərinə qarşı "Tərtər işi" kimi tanınan  kütləvi repressiyanın baş tutmasında Ramiz Mehdiyev adının Nəcməddin Sadıqov adı ilə qoşalaşması təəccüblü olmayacaq.

***

Azərbaycanın strateji gündəmi dəyişməyib.
Müharibədə uduzmuş, dərin böhran yaşayan və geopolitik quyuya düşmüş Ermənistanı sülh müqaviləsi imzalamağa vadar etmək və ləngimədən bu müqavilənin imzalanmasına imkan yaradacaq proseslərin başlanmasını diqtə etmək lazımdır. Bunlar demarkasiya və demilitasiya proseslərini başlatmaq, qarşı tərəfi məcbur etmək üçün lazım olan mərhələləri təmin etməkdən ibarətdir. Bu istiqamətdə dayanmadan iş gedir.
Azərbaycanın strateji gündəmində həm də Zəngəzur dəhlizi məsələsi vardır. Bu istiqamətdə hansı işlərin getdiyini Paşinyanın açıqlamalarından da görə bilirik. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha qeyd etməsi diqqətə layiqdir.
Ermənistanın Baş nazirinin son günlər verdiyi bütün açıqlamalarda kommunikasiyaların açılması, Azərbaycan və Türkiyə ilə əlaqələrin yaranması istiqamətində pozitiv elementlər müşahidə olunur. Lakin unutmayaq ki, qarşımızdakı ermənidir, xisləti bəllidir, üstəlik, Ermənistan adlı ölkədə heç də hər şeyi və hər yeri Paşinyan idarə etmir. Baş nazir müsbət açıqlamalar verir, Ermənistan ordusu isə təmas nöqtələrində və sərhədlərdə təxribatlarını davam etdirir. Elə bu gün Kəlbəcərdəki mövqelərimiz düşmənin atəşinə məruz qalıb. Bir sözlə, biz Ermənistanı sülhə vadaretmə taktikamızı və strategiyamızı davam etdirməli, daimi və davamlı təzyiq altında saxlamalıyıq.
Bu mövzular və gündəmdəki digər məsələləri müzakirə etmək üçün verilişimizin formatına uyğun olaraq, yenə üç qiymətli soydaşımızı studiyamıza dəvət etmişik. 
"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun təqdimatında baş tutan verilişin qonaqları deputat,AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor  Musa Qasımlı, deputat, ReAL Partiyasının üzvü Erkin Qədirli və təhlükəsizlik eksperti, polkovnik-leytenant İlham İsmayıldır.
Verilişdə oxucularımız və izləyicilərimiz də iştirak edə bilərlər. Bunun üçün aşağıdakı linklər vasitəsilə canlı yayına keçid edib efirə qoşulun.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
 
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat

Tarix: 11-02-2022, 22:38
Xəbəri paylaş





Xəbər lenti