Proses başladı… Azərbaycanda “rəngli inqilaba” hazırlıq gedir




Cozef Bayden administrasiyasının məşhur “Demokratiya sammiti”ndə açıqladığı nəzəri vəzifələrə müvafiq olaraq permanent rəngli inqilabların lokomotivi Birləşmiş Ştatların Şərqə doğru qlobal nüfuzunu genişləndirmək üçün tələsir. Və Azərbaycanda sabitliyin pozulmasının yeni strategiyası - qarşısına Əliyev hakimiyyətinin devrilməsini və ya siyasi kursunun korrektə olunmasının zəruriliyini qoymuş “rəngli inqilabın” hərəkətverici qüvvələrinin əsas prioritetlərindən biridir.
Yeni strategiyanın hazırlanması və həyata keçirilməsində ABŞ xüsusi xidmətlərinə yaxın olan, Konqres  tərəfindən maliyyələşdirilən NED (ABŞ Milli Demokratiya Fondu) təşkilatı, Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə  etirazların nüvəsinin - gəncliyin siyasi aktiv kəsiminin - fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir.

PIN Praqada "məxməri inqilabın" şəfəqində meydana çıxmışdı...
Azərbaycan inqilabı üçün PIN-kod
Çexoslovakiyadakı “məxməri inqilab”ın başlanğıcında yaradılmış PIN təşkilatının Azərbaycan əleyhinə strategiyada iştirakı bir çox sual doğurur, belə ki, bu QHT-nin saytındakı rəsmi məlumata görə onun fəaliyyətində sıfırıncı illərdən transformasiya baş verib. PIN sonuncu dəfə Ukraynada özünü göstərib - ancaq humanitar missiya ilə. Mümkündür ki, onun fəaliyyətinin humanitar xarakteri olsa-olsa gözdən pərdə asmaq üçün manevrdir, çünki, PIN Belarus və Moldovada stabilliyin pozulmasın cəhdlərində birbaşa iştirak edib. İstənilən halda, təşkilat etirazların logistika və informasiya dəstəyinə öz töhfəsini verib.
ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub.  Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb.
Kimdir onlar, Bakı emissarları?
Azərbaycan tərəfindən məsləhətləşmələrin təşkilatçısı və iştirakçısı qismində AXCP lideri Əli Kərimliyə yaxın olan iki gənc fəal - əvvəllər AXCP-nin gənclər qanadının lideri olmuş, “ərəb baharı” dövründəki hökumət əleyhinə nümayişlərin fəal iştirakçısı Əbülfəz Qurbanlı və hüquqşünas Sübhan Həsənli çıxış edib. Həm Ə.Qurbanlı, həm də tanınmış müxalifətçi vəkil Əlayif Həsənovun oğlu olan Sübhan Həsənli cəbhəçilərin liderinə yaxın və onun etimad göstərdiyi şəxslərdir.  Qərb QHT-ləri yeni gənclər şəbəkəsinin yaradılması üçün məsuliyyəti faktik olaraq hakimiyyətin bu iki əleyhdarlarının çiyninə yükləyib.

Birinci koordinator: Əbülfəz Qurbanlı özünün "alovlu inqilabçı" kimi göstərə bilib...
Ə.Qurbanlı və S.Həsənli Belqraddan qayıtdıqdan dərhal sonra yeni inqilabi platformanın yaradılmasına başlayıb. Yeni etirazçı şəbəkənin maliyyələşməsi ilə də Qərb donorlarından tam kart-blanş almış Qurbanlı və Həsənli məşğul olur.

Təzəcə ortaya çıxmış Sübhan Həsənli. Onun cibində Azərbaycan hakimiyyəti üçün "noviçok" var...
Qərbdəki koordinator və sponsorlar ilkin olaraq yeni şəbəkənin yaradılmasına 2013-cü ildəki “feysbuk inqilabı”nın liderlərindən biri olmuş tanınmış siyasi məhbus İlkin Rüstəmzadəni və D18 gənclər hərəkatının lideri Ruslan İzzətlini cəlb etməyi planlaşdırmışdılar.  Bu məqsədlə R.İzzətli hətta ABŞ-da olmuş və vacib məsləhətləşmələr aparmışdı.
Ancaq Qərb koordinatorlarının ilkin sxemi baş tutmadı: İzzətlini hərbi xidmətə çağırdılar, Rüstəmzadə isə etirazın liderləri ilə dalaşaraq Milli Şuranı tərk etdi. Amerikayönümlü müxalifətin lideri Əli Kərimlinin tövsiyəsi ilə koordinatorlar Rüstəmzadə ilə əlaqələri kəsdilər və Milli Şuranın başqa namizədlərinin üzərində dayandılar.

İzzətli kənara çəkilib, amma yenidən fəallaşa bilər...
Azərbaycan tərəfindən əlaqələndiricilərin dəyişdirilməsində xüsusi rolu tanınmış hüquq müdafiəçisi, hakimiyyətin qızğın əleyhdarlarından olan, hazırda Niderlandda yaşayan Leyla Yunusun tövsiyəsi oynadı. Vacib detal - Yunus  gənclərin siyasi hüquqların müdafiəsi işinə cəlb olunmasının əleyhinə çıxış etdi, belə ki, “siyasi məhbuslar”ın müdafiəsi üçün ayrılan Qərb qrantlarının böyük hissəsini öz əlində cəmləşdirib.
Yunusun təklifi ilə yeni gənc fəalların qarşısına şəbəkələrdə daha kəskin olan sosial problemlərin qabardılması və tirajlanması vəzifəsi qoyuldu. İlk növbədə - veteranların və müharibə əlillərinin, habelə ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin sosial problemlərinin həllində “hakimiyyətin bacarıqsızlığı” qabardılmalıdır. Bundan əlavə, gənc fəallar sosial şəbəkələr vasitəsilə işsizlik problemini, əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin azalmasını qabartmalı, “milli və etnik azlıqların mədəni hüquqlarının pozulduğunu” şişirtməlidirlər. Əlbəttə ki, seksual azlıqların təqib olunmasını da diqqətdən kənarda qoymaq olmaz. Onlarsız Qərb olar?!
Və yaranmış obyektiv problemlərə görə bütün məsuliyyət hakimiyyətin üzərinə qoyulur, hakimiyyətə və onun institutlarına olan ictimai etimad hər üsulla sarsıldılır, cəmiyyətdə narazılıq ovqatı gücləndirilir. Bundan əlavə, ölkənin siyasi və sosial həyatındakı əsas problemlərlə bağlı donorlar üçün məruzə və qeydlər hazırlamaq məqsədilə şəbəkənin analitik qrupunun yaradılması nəzərdə tutulur.
Proses başladı…
Belqradda qəbul olunmuş strategiyaya görə Bakı koordinatorlarının qarşısına etirazçı gənclər platformasını maksimum genişləndirmək vəzifəsi qoyulub. 2005-ci ildəki narıncı inqilab ərəfəsində olduğu kimi Vilnüs, Praqa, Varşava, Belqrad və Tbilisidə etirazların koordinatorlarının hazırlanması üçün xüsusi düşərgələrin yaradılması planlaşdırılır. NED düşərgələrin yaradılması məqsədilə xüsusi beşillik maliyyə proqramı hazırlayıb, buraya gənclərin qruplarının koordinatorları üçün kiçik qrantların ayrılması da nəzərdə tutulub.

Proses başladı. "Özəkdə" iş 2013-cü il "feysbuk inqilabı" ərəfəsində olduğu kimi qaynayır...
Beləliklə, ən qısa müddətdə - Bakı koordinatorlarının inadkarlığı və zəhmətsevərliyi qiymətləndirilməlidir - Azərbaycanın etirazçı gənclərini birləşdirən onlarla yeni təşkilat və platforma yaradılıb.  Sübhan Həsənli Sosial hüquqlar Mərkəzini, Əbülfəz Qurbanlı tanınmış Britaniya QHT-sinin analoqu olaraq Article 54 təşkilatını təsis edib. Koordinatorlar Bakı, Sumqayıt, Lənkəran, Şəki, Göyçay, Gəncədə və hətta Naxçıvan Muxtar Respublikasında etirazın hücrələrini və ictimai platformalarını formalaşdırmağa başlayıb.  Yəni, tor bütün ölkəni bürüyüb!

ABŞ-ın Azərbaycandakı səfirliyinin yardımı ilə həyata keçirilən layihələr çərçivəsində qabiliyyətli gənc fəalların cəlb olunması və Amerika universitetlərinə göndərilməsi məqsədilə maliyyə vəsaitləri ayrılıb. Bunun üçün Həsənli və Qurbanlının müsbət rəy verməsi yetərlidir. Əsas meyar - siyasi etibarlılıq, inqilabi şüur və etiraz şəbəkəsində fəal iştirakdır.
Qısa zaman kəsimində müxalifətçilər ABŞ pulları hesabına aşağıdakı platformaları qurub: “Sadə hüquqi platforma”, “Açıq platforma”, “Gənc jurnalistlər şəbəkəsi”, “Əmək hüquqlarını müdafiə İnstitutu”, Digest Law Club, Labour Rights School, “Sosial inkişaf və xeyriyyəçilik birliyi”, Şəkidə icmaların inkişfı Mərkəzi, Göyçayda icmaların inkişafı Mərkəzi, Gəncədə bölgə icma Mərkəzi, Muğanda bölgə icma Mərkəzi… Bölgələrdə artıq gənclər üçün treninqlər təşkil olunub, onlara yüzlərlə gənc qoşulur. Bu “maarifləndirici kurslar”da gənclər izah olunur ki, real siyasi və sosial dəyişikliklər olmadan yaşamaq daha mümkün deyil, habelə sarsıntılar olmadan ölkənin tərəqqi və dəyişməsini təmin etmək olmayacaq.

İnqilab koordinatorları ölkənin dərinliklərinə, regionlara da yol tapıb...
Bəlli Baş katibin ölkənin dağılması ilə nəticələnəcək geosiyasi fəlakətin astanasında söylədiyi kimi, “proses başladı”. Kənardan işə salınmış prosesi susqunluqla müşahidə edən Azərbaycan hakimiyyətinin mövqeyi isə təəccüb doğurur. Və bundan sonra hakimiyyət hələ də Qərblə bərabərhüquqlu strateji əməkdaşlığa ümid bəsləyir...

İnqilablar nəzəriyyəsinin banisi Cin Şarpın yazdığı kimi, başlıcası gənclərə dövləti dağıtmağı öyrətməkdir...
Gözlərimizin qarşısında “rəngli inqilab” nəzəriyyəsinə uyğun olaraq klassik inqilabi şəraitin formalaşması baş verir. Gələcək etirazların ümumi maliyyələşməsi, logistika və informasiya dəstəyi təmin olunub. Dəyişiklik və sarsıntıların - “rəngli inqilab”ın kütləvi təbliğinin mexanizmi sınaqdan çıxarılır. “Rəngli inqilab”ın əsas ideoloqlarından biri olan Cin Şarpın söylədiyi kimi, “başlıcası - gənclərə dövləti dağıtmağı öyrətməkdir”…
Müəllif: Eynulla Fətullayev
Tarix: 14-02-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti