Rusiya "geriyə addım atır"? - Kremldən ziddiyyətli siqnallar...

Rusiya
Bu gün, fevralın 14- də Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşlər keçirib.
 
Söhbətin məzmunu Kremlin mətbuat xidməti tərəfindən operativ olaraq dərc edilib. Müəyyən nöqteyi-nəzərdən bunu Qərbə ünvanlanan siqnal kimi də qəbul etmək olar.
 
Lavrov Putinə təhlükəsizlik məsələləri üzrə ABŞ və NATO ilə danışıqları davam etdirməyi təklif edib. Söhbətin əvvəlində Putin növbəti dəfə bəyan edib ki, Rusiya qəti şəkildə NATO- nun xüsusilə "Ukrayna da daxil olmaqla keçmiş Sovet İttifaqı respublikaları hesabına" Şərqə doğru genişlənməsinin əleyhinədir.
 
Lavrov məlumat verib ki, ABŞ və NATO- nun Rusiyanın tələblərinə cavabı mənfi olub, belə ki, Qərb dövlətləri alyansın genişləndirilməməsinə zəmanət verməkdən və ələlxüsus "Avropanın hərbi-texniki konfiqurasiyasını 1997-ci ildəki mövqelərinə qaytarmaq"dan imtina edib. Bu isə Moskvanı qane edə bilməz.
 
Eyni zamanda Lavrov qeyd edib ki, cavabın bir hissəsi "müəyyən dərəcədə konsruktiv xarakter daşıyır". Onun sözlərinə görə, Qərb dövlətləri "yerüstü orta və kiçik mənzilli raketlər problemləri barəsində kifayət qədər konkret tədbirlər"ə razılıq verib.
 
Putin nazirdən Rusiyanın təhlükəsizliyinin "həlledici məsələləri" adlandırdığı məsələlər üzrə razılıq əldə etmək imkanlarının olub-olmaması barəsində soruşub.
Nazir belə cavab verib: "XİN rəhbəri olaraq, deməliyəm ki, şans həmişə var". O, qeyd edib ki, sabah, fevralın 15- də Almaniyanın kansleri Rusiyaya səfərə gəlir, sonra digər diplomatik təmaslar da nəzərdə tutulub.
Lavrov əlavə edib ki, danışıqlar "sonsuzluğadək davam etməməlidir", lakin indiki mərhələdə o, bu danışıqıarı "davam etməyi  və gücləndirməyi" təklif edir.
 
Elə bu gün Putin müdafiə naziri Sergey Şoyqu ilə söhbət aparıb. Kremlin.ru saytında dərc edilən stenoqramda Şoyqu bir neçə dəfə vurğulayır ki, "miqyaslı təlimlər"in bir hissəsi sona çatıb (Rusiya öz aqressiv manevrlərini bu cür adlandırır), hansısa bir hissəsi başa çatmaq üzrədir.
"Hələ dekabr ayında Sizin sərəncamınızla başlanan və planlaşdırılan təlimlərin miqyasını nəzərə almaqla hələ nələrisə icra etmək lazım gələcək",- Kremlin mətbuat xidməti Şoyqunun sözlərindən iqtibas gətirir.
 
Bu gün həm də məlum olub ki, sabah Rusiya Federasiyasının Dövlət Dumasında Ukraynanın şərqində "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" kimi qondarma qurumların rəsmi tanınması barədə prezidentə müraciətlə bağlı səsvermə keçiriləcək. RFKP və "Vahid Rusiya" tərəfindən irəli sürülən iki qətnamə layihələrinə baxılacaq.
Ola bilsin ki, son həftələr ərzində baş verənlər Rusiya tərəfindən "DXR" və "LXR" qondarma qurumlarının tanınmasına hesablanan hərbi "şantaj"dan başqa bir şey deyil, bu mənada ki, Qərb bunu "daha az pis şey" kimi qəbul etsin və ciddi sanksiyalara səbəb olmasın.
 
Lakin digər tərəfdən, Qərbdə əmindirlər ki, gərginliyin eskalasiyası təhlükəsi hələ yüksək olaraq qalmaqdadır. Bu gün, fevralın 14-də Almaniyanın kansleri Olaf Şolts Kiyevə səfər edib və Rusiyanı müdaxilə edəcəyi təqdirdə ciddi sanksiyalarla hədələyib.
Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə üç saat danışıq aparıb.
"Ukraynanın ərazi bütövlüyü Almaniya üçün danışıqlar predmeti deyil"- kansler qeyd edib.
Rusiya gərginliyi azaltmalıdır, Şolts buna əmindir.
 
Öz tərəfindən Almaniya və Ukrayna liderləri açıq şəkildə bəyan ediblər ki, yaxın gələcəkdə Ukrayna NATO-ya daxil ola bilməz, bunu da bu ölkələrin Rusiyaya ünvanlanan siqnalı kimi dəyərləndirmək olar.
 
Şolts bəyan edib ki, NATO "açıq qapılar prinsipi"nə əməl edir, amma Ukraynanın hazırda bu bloka qoşulması məsələsi aktual deyil.
 
"Detaly", İsrail

Tarix: 14-02-2022, 23:39
Xəbəri paylaş





Xəbər lenti