Şuşa Bəyannaməsi qanuni qüvvədə - Rusiyanın sükutunun sirri...



Milli Məclis bu tarixi sənədi ratifikasiya etdi, Türkiyə də təsdiqlədi, Kreml susdu; Murad Sadəddinov: “Moskva diplomatik kanallarla öncədən məlumatlandırılmışdı”
Şuşa Bəyannaməsi Milli Məclisdə ratifikasiya edildikdən sonra Rusiya bu hadisəni sükutla qarşıladı. İki qardaş ölkə - Azərbaycanla Türkiyə arasında ötən ilin 15 iyununda imzalanmış sənədin parlamentdə təsdiqlənməsi ilə yanaşı Moskvanın buna reaksiyası gözlənilirdi.
“Yeni Müsavat” yazır ki, hətta bəyannamənin Rusiyanın ürəyincə olmadığı haqda fikirlər səslənirdi. Əslində bu tarixi sənəd bölgədə yerləşən rus sülhməramlı qüvvələrinin də əl-ayağını yığışdırmağa rəvac verir. Çünki sənəddə göstərilir ki, tərəflərin ərazilərinə təhdid varsa, digərinin də suveren torpağına müdaxilə kimi qiymətləndiriləcək. O zaman Azərbaycan torpaqlarına xarici müdaxilə olacağı təqdirdə, Türkiyə ordusu bəyannaməyə istinad edərək prosesə qarışa bilər, çünki öz ərazisinə hücum kimi dəyərləndiriləcək.
Şuşa Bəyannaməsi həmçinin Türkiyənin Qarabağda, Cənubi Qafqazda olması reallığıdır. Lakin Kreml çox təmkinli davranış sərgilədi və Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə hər hansı münasibət bildirmədi. Bəzi analitiklərin fikrincə, bu ittifaq Rusiya ilə öncədən razılaşdırılıb. Ona görə Kreml hələlik sakitdir.
Eyni zamanda Türkiyədə də Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı qanun rəsmən qüvvəyə minib. “2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəalarını Prezident təsbit edir”, - rəsmi qəzetdə qeyd olunur. Şuşa Bəyannaməsinə əsasən tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə - Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayır.

Deputat Fazil Mustafa təklif edib ki, Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun günü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram kimi keçirilsin.
Bəs, maraqlıdır, sənədin təsdiqi niyə Rusiyanı narahat etmədi, yaxud Moskva səsini çıxarmadı?

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu faktın özü birmənalı olaraq göstərir ki, Rusiya diplomatik kanallarla öncədən məlumatlandırılmışdı. Ekspert hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri hələ 2010-cu ildə hərbi yardım, strateji əməkdaşlıq sazişi ilə mövcud idi: “Bundan əlavə, 44 günlük müharibə zamanı Putin demişdi ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq ölkələrin öz müstəqil siyasətləridir. Ona görə sözügedən sənədin təsdiqlənməsi və qanunun qüvvəyə minməsi artıq Rusiya tərəfinə əvvəldən bəlli, həmçinin gözlənilən idi”.
M.Sadəddinovun fikrincə, iki ölkə bu sazişin üçüncü dövlətin əleyhinə yönəlmədiyini bəyan edib: “Şuşa deklorasiyası Türkiyə və Azərbaycanın öz təhlükəsizliyinin təminatını nəzərdə tutur. Bu gün Türkiyə və Azərbaycan prezidentlərinin Rusiya lideri ilə də münasibəti yüksək səviyyədədir, o baxımdan Moskvanın bəyannamənin rəsmiləşməsini sakit qarşılaması normaldır”.
Tarix: 15-02-2022, 10:29
Xəbəri paylaş





Xəbər lenti