ABŞ-dan Azərbaycan və Belarusla bağlı xəbərdarlıq


ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Azərbaycanı və Belarusu COVID-19 təhlükəsinə görə ən yüksək səviyyəyə qaldırıb, bu ölkələrə səyahətlə bağlı xəbərdarlıq edib.
CDC fevralın 14-də bildirib ki, bu iki ölkə səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəsinə qaldırılıb. Cənubi Koreya daxil bir neçə ölkə və ərazi də bu səviyyədə yer alıb.
Xəbərdarlıqda deyilir ki, Belarusa, yaxud Azərbaycana getməyə məcbur qalanlar mütləq vaksinlənmiş, səyahətdən öncə COVID-19 vaksinasiyaları “yenilənmiş” olmalıdır. Qurum bildirir ki, hətta vaksin vurduranların belə virusa yoluxma və onu yayma riski var.
Kanada
Kanadanın Baş naziri Castin Trüdo isə ölkədə COVID-19 qadağalarına etirazlara son qoymaq üçün nadir tədbirə əl atacaq – fövqəladə səlahiyyətini işə salacaq. Etirazlar nəticəsində sərhəddə bəzi keçid məntəqələri bağlanıb, paytaxtda ayrı-ayrı yerləri iflic olub.
“Blokadalar iqtisadiyyatımıza ziyan vurar, ictimai təhlükəsizliyi təhdid edir. Qanunsuz və təhlükəli fəaliyyətin davam etməsinə icazə verməyəcəyik”, – Trüdo mətbuat konfransında deyib.
Dörd vilayətin baş nazirləri isə fövqəladə səlahiyyətin işə salması planına qarşı çıxıb, buna ehtiyac olmadığını deyiblər.
Kanada parlamenti bir neçə günə fövqəladə tədbirlərdən istifadənin təsdiqlənməsinə baxmalıdır.
Körpü açılıb
Kanadanın Ontario vilayəti ilə Birləşmiş Ştatlar arasında körpü yenidən açılıb. Etirazçı yük maşınları sürücüləri körpünü bir həftəydi bağlamışdı. Polis fevralın 13-də nümayişçilərdən sonuncuları saxlayıb, blokadanı qaldırıb. 25-dək etirazçının saxlandığı bildirilir.
İki qonşu ölkənin ticarətinin 25 faizə yaxını bu körpüdən keçir və etiraz aksiyası Ford, Toyota və General Motors kimi avtomobil istehsalçılarının işinə təsir göstərmişdi.
750 km məsafədə yerləşən paytaxt Ottavanın mərkəzi isə yük maşınları və onların sürücüləri ilə doludur. Sakinlər etirazçılar tərəfindən qısnamaya, qorxutmaya məruz qaldıqlarını deyiblər.
Qadağalar qaldırılır
Ontarionun Baş naziri Duq Ford elan edib ki, martın 1-dən qapalı məkanlara giriş üçün vaksinasiya sertifikatı göstərmək tələbini qaldıracaq. O, düzgün istiqamətdə getdiklərini, bunu etməyin təhlükəsiz olduğunu deyib.
Fevralın 17-dən vilayətdə restoranların tutumunun 50 faizi həcmində xidmət göstərməsi tələbi də qaldırılacaq.
Omikrona yoluxmalar azaldıqca Kanada bir sıra məhdudiyyətlər – maska tələbi, vaksin pasportları ləğv olunur.
Kanadada yük maşınları sürücülərinin nümayişləri Fransa, Yeni Zelandiya, Niderlandda da oxşar karvanlara stimul verib.
Azadlıq radiosu
Tarix: 15-02-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti