Ukraynanı tələyə salmış Minsk razılaşması - Poroşenkonun, ya Qərbin suçu?


Ekspertlər deyir ki, sabiq prezidentin siyasi təcrübəsizliyindən istifadə edilib, amma onun başqa yolu da olmayıb...

Hazırda Ukrayna-Rusiya gərginliyi fonunda ən çox xatırlanan sənəd Minsk razılaşmasıdır. Minsk razılaşması 2015-ci ilin fevralında Belarusun paytaxtında Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri arasında bir gecəlik danışıqların nəticəsində əldə olunub.
Hazırda Ukrayna məhkəməsi sabiq prezident Petro Poroşenkonun 2015-ci ildə Minsk razılaşmasını imzalayarkən vətənə xəyanətə yol verib-vermədiyini araşdırır. Bildirilir ki, o vaxtkı prezident Poroşenko Donetsk və Luqansk vilayətlərində bir sıra yerli idarəetmə orqanlarına müəyyən sərbəstlik verməyi təklif edib ki, bu da Minsk razılaşmasında əksini tapıb. Minsk razılaşmasını vaxtilə Qarabağda atəşkəsin dayandırılmasına dair imzalanmış Bişkek protokolu ilə müqayisə edirdilər. Lakin o da bildirilir ki, Azərbaycanın ən böyük uğuru bu olub ki, Minsk razılaşması kimi öhdəlik götürməyib. İndi Ukrayna da bu razılaşmanın nə altından qaça, nə də icra edə bilir...
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Poroşenkonu xain saymır: “İnqilab edib konfet satanı prezident gətirəndə səni tələyə də salarlar, hələ ondan o yana da keçərlər. Ukraynanın son iki prezidenti biznesmen və aktyordur. Heç biri peşəkar siyasətçi deyil. Siyasətlə də siyasətçilər məşğul olmalıdır. Ukraynanın indi niyə bu vəziyyətə düşdüyünü yəqin anlayırsınız. Minsk razılaşmasına gəldikdə isə, birinci Ukrayna ABŞ və Britaniya olmadan bu razılaşmaya getməməli idi. Çünki bir az da siyasətdən xəbəri olan bilir ki, Fransa ilə Almaniya Rusiyanın xeyrinə addımlar atacaq. Rus qazı Fransa və Almaniya üçün Ukraynanın müqəddaratından daha vacibdir. Poroşenkonun siyasi təcrübəsizliyindən istifadə edilib. Ona bu imzanı Fransa-Almaniya-Fransa birlikdə çəkdiriblər.

Amma Poroşenkoya qəti şəkildə xain demək olmaz. Hələlik Donbasda Ukraynanın ən uğurlu hərbi əməliyyatları Poroşenkonun dövründə olub. Strateji Slavyansk qəsəbəsinin azad edilməsi və ondan sonra da Rusiya müdaxilə etməsəydi, bütün Donbas azad edilə bilərdi. Zelenski isə hələ nə hərbi, nə də diplomatik uğurları ilə yadda qalmayıb. Ona görə də indi durub Poroşenkonu xainlikdə ittiham etmək siyasi mənəviyyatsızlıqdan başqa bir şey deyil. Ümid edək ki, Zelenski buna getməz. Bu, ancaq Ukraynada daxili qarşıdurmanı, qeyri-sabitliyi daha da artırar. Belə vəziyyət isə ancaq Rusiya üçün əlverişli olacaq. Buna da qətiyyən imkan vermək olmaz”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramovun bu barədə fikirləri olduqca maraqlıdır: “Haqqında danışılan Minsk razılaşmasının Ukraynanı çətin duruma saldığı şübhəsizdir. Birincisi, ona görə ki, 2015-ci ildə Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri-Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu, yəni Ukrayna, Donetsk-Luqansk separatçıları və ATƏT tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atmışdı. Bu isə faktiki olaraq Rusiyanı münaqişə tərəfi kimi tanımağa imkan vermir.
İkincisi, həmin razılaşmada bütün qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi,  xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması ilə bağlı müddəalarla yanaşı 2015-ci ilin sonuna qədər Ukraynada konstitusiya islahatının həyata keçirilməsi və yeni konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin - desentralizasiyasının təsbit olunması,  Donbasın separatçıların nəzarətində olan ərazisinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı, Donbasın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı və s. bu kimi məsələlər də nəzərdə tutulmuşdu ki, bu da təbii olaraq Ukraynanın maraqlarına cavab vermir.
Poroşenkonun bu şəkildə ağır tələblər olan razılaşmaya imza atmaqdan başqa yolu var idimi? İndi bunu demək çətindir. Çünki həmin dövrdə Rusiyanın açıq şəkildə aqressiv davranışlarına qarşı Ukrayna tək qalmışdı və razılaşmaya gedilməməsi daha böyük ərzilərin itkisinə gətirib çıxara bilərdi. Çünki nə ABŞ, nə də Minsk razılaşmasının ərsəyə gəlməsində xüsusi rolu olan Fransa və Almaniya Ukraynanı Rusiya təcavüzünə qarşı qorumadılar. Başqa sözlə, həmin razılaşmanın imzalanmasında Poroşenkonun günahı nə qədərdisə, bir o qədər də Ukraynanı müdafiəsiz qoyan Qərb günahkardır.
Halbuki Ukraynanı müdafiə etmək onların vəzifəsi idi. Belə ki, 5 dekabr 1994-cü ildə Budapeştdə ABŞ, İngiltərə, Ukrayna və Rusiya liderləri tərəfindən müqavilə imzalanmışdı və sənədə imza atan dövlətlər Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verməklə bərabər ona iqtisadi və maliyyə yardım edəcəkləri barədə öhdəlik götürmüşdülər. Xatırlatmaq istərəm ki, həmin illərdə Ukrayna dünyanın ən böyük nüvə dövlətlərindən biri idi, daha dəqiq desək, ərazisindəki nüvə silahlarının sayına görə Ukrayna dünyada üçüncü yerdə dururdu. Bu müqavilə ilə Ukrayna nüvə silahlarının yayılmaması anlaşmasına uyğun olaraq və dünyanın aparıcı dörd dövlətinin Ukraynanın təhlükəsizliyinə verdikləri yazılı təminata inanaraq arsenalında olan bütün nüvə silahlarını məhv etdi.
Ancaq Rusiya 1994-cü ildə bağladığı müqaviləyə əhəmiyyət verməyərək 2014-cü ildə Krımı işğal edərək digər ölkələr kimi üzərinə götürdüyü öhdəliklərə xilaf çıxdı. Elə həmin il Donetsk və Luqansk separatçılarının iştirakı və Rusiya dövlətinin dəstəyi ilə xüsusi strateji və iqtisadı əhəmiyyəti olan bölgələr işğal olundu. Bu isə o anlama gəlir ki, bu gün Ukraynanı Minsk razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edən Rusiya özü 1994-cü ildə götürdüyü öhdəlikləri kobud şəkildə pozub və bu, Rusiyanın pozduğu yeganə öhdəlik deyil. Belə ki, Rusiya Krımın işğalı ilə həm də BMT Nizamnaməsində mövcud olan sərhədlərin dəyişdirilməsinin qadağan olunması ilə bağlı tələbləri də pozub. Odur ki, indi Rusiyanın Minsk razılaşmasının tələbləri ilə Ukraynanı küncə sıxışdırması heç bir məntiqə sığmır. Çünki onun özü bütün dünya qarşısında götürdüyü öhdəliyi kobud şəkildə pozaraq, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasının bariz nümunəsinu ortaya qoyub.
Lakin bütün bunlara baxmayaraq, Ukraynanın yenə də öhdəliklərə uyğun olaraq müəyyən güzəştlərə gedəcəyi gözlənilir. Çünki zaman dəyişsə də vəziyyət dəyişməyib. ABŞ və Qərb hər nə qədər də Ukraynaya silah köməkliyi göstərsə də onunla birlikdə aqressora qarşı vuruşmaq niyyətində deyil. Ukraynanın edə biləcəyi güzəştlər isə artıq səslənməyə başlayıb. Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib ki, ölkəsi müharibədən qaçmaq üçün NATO-ya üzv olmaq istəyindən əl çəkə bilər. Zelenski isə Almaniya kansleri Olaf Şoltsla görüşündə Ukrayna üzrə kontakt qrupuna Donbasa xüsusi statusun verilməsi və konstitusiya islahatı barədə layihələr təqdim olunacağına dair söz verib ki, bu da faktiki olaraq Minsk razılaşması ilə götürülmüş öhdəliklərə uyğun gəlir"./“Yeni Müsavat”/

Tarix: 16-02-2022, 08:51
Xəbəri paylaş





Xəbər lenti