Qalib kimdir Rusiya, yoxsa NATO? Ukrayna nə qazandı?


Qlobal informasiya məkanında Ukrayna ətrafında gedən proseslərə ümumilikdə bir baxış var. Həmin yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Rusiya əvvəl-axır Ukrayna ərazisinə soxularaq geniş miqyaslı müharibə etməlidir. Məsələ ilə bağlı şəxsi fikir və proqnozlarımı xeyli müddət əvvəl vermişəm və mümkün lokal toqquşmaları nəzərə almasaq Ukrayna və Rusiya arasında geniş miqyaslı müharibənin mümkünlüyünə inamın sıfıra bərabər olduğunu dəfələrlə qeyd etmişəm.
Ukrayna ətrafında yaranmış böhranın qərəzsiz təhlili, beynəlxalq siyasi proseslərin analizi, daxili siyasi, sosial-iqtisadi vəziyyətə görə Rusiya heç bir halda Ukrayna ilə müharibəyə girmək niyyətində olmadığı aydın görünürdü baxmayaraq ki, informasiya meydanında ancaq müharibənin başlanma tarixi və istiqaməti müzakirə edilirdi.
NATO nümunəsində Qərb və Rusiya Ukrayna ətrafında yaranmış vəziyyətdən hər iki tərəf qazanclıdır. Rusiyanın bu qarşıdurmadan qazancı odur ki, Rusiya öz sərhədlərinin təhlükəsizliyini və Ukraynanın NATO üzvlüyünü hələlik də olsa müəyyən zamana qədər təxirə sala bildi. Rusiyanın daxilində sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasının, dağıdıcı təsirli sanksiyaların tətbiqini əngəlləyə bildi. Ən əsası isə Rusiya qlobal güc kimi, surətlə itirməkdə olduğu imicini biabırçılıqdan və yekun nəticə də isə daxili parçalanmasının surət tempini azaltmış oldu. Artıq Ukrayna rəsmiləri ölkəsinin NATO-ya üzvlüyündən imtinasının mümkünlüyünü bildirib, Rusiya ardınca öz ordusunu Ukrayna sərhədindən geri çəkməyə başlayıb. Ukrayna ətrafında Rusiya-NATO konfrontasiyasının zəifləməsi, Qərbin Ukraynanın indiki vəziyyətində NATO-ya üzvlüyünün mümkünsüzlüyü açıqlamasından sonra başladı. Putin bu partiyada zəif əllə “blefə” edərək Qərbi ilk olaraq geri addımı atmağa məcbur etdi. Ancaq Qərb Rusiya üzərində hər şeydən vacib strateji baxımdan psixoloji və ideoloji qələbəsini əldə etmiş oldu, Ukrayna və Rusiya arasında elə bir düşmənçilik toxumu səpdi ki, əvvəl-axır bu düşmənçiliyin bəhrəsini götürəcək.
Bütün müharibələrin, qarşıdurmaların əsas nəticəsi qalib üçün onun bəhrəsini mənimsəmək, uduzmuş tərəf üçün məğlubiyyətdən ibrət və dərs götürməkdir. Ukrayna bu qarşıdurmadan qazandığı təcrübə onun müstəqil dövlət kimi mövcudluğu üçün əhəmiyyətli ola bilər. Əvvəla, Ukrayna SSRİ dağıldıqdan sonra Qərbin və Rusiyanın vədlərinə inanaraq öz nüvə silahı arsenalından imtina etməsindən sonra, onun suverenliyinə qarantiya vermiş ölkələrinin biganəliyi onu göstərdi ki, böyük dövlətlər üçün başqa dövlətlərin ərazi bütövlüyü, suverenliyi şərti və formal xarakter daşıyır. Hər bir dövlətin suverenliyinin və ərazi bütövlüyünün qarantı ancaq xalqın özü ola bilər. Digərlərin isə verdiyi vədlər, imzaladıqları müqavilələr heç bir qüvvəyə malik olmayan əhəmiyyətsiz kağız parçasıdır. Qərb və Rusiya tərəfindən həmin o “qarantiya” nı Ukrayna öz üzərində əməli şəkildə gördüyündən nüvə silahına qayıda bilər. Beynəlxalq hüquqa görə Ukraynanın buna həm hüquqi əsası, həm də mənəvi haqqı var. Yeri gəlmişkən, həmdə nüvə silahı əldə etməyə elmi-texniki potensialı var. Ukrayna timsalında başqa ölkələrin suverenliyinə böyük ölkələrin “qarantiyası” praktik siyasət üçün tutarlı xatırlatmadır, bu reallığı Azərbaycan da unutmamalıdır.
O ki, qaldı Ukraynanın separatçı Doneçski və Luqanski vilayətlərinin suverenliyinin Rusiya tərəfindən tanınması məsələsinə, ümumiyyətlə Rusiya öz təsir imkanlarını yaratmaq və qorumaq üçün ölkələr daxili konfliktlər yaradır, həmin konflikti “status quo” vəziyyətində saxlamağa çalışır (Qarabağ konflikti bu yanaşmaya nümunədir). Doneçski və Luqanski məsələsində də Rusiya müəyyən etdiyi həmişəki sxem üzrə hərəkət edir. Rusiya əslində Gürcüstanda Abxazıya və Osetiya konfliktlərinin dondurulmuş vəziyyətdə qalmasına maraqlı idi ona görə ki, Rusiya Gürcüstanı tamamilə itirmək və bu ölkənin NATO timsalında anti Rusiya bloklarına qoşulmasını və nəticə etibarı ilə Cənubi Qafqaz regionunda mövqeyini zəiflətmək istəmirdi. Rusiyanın eyni yanaşmasını Ukraynaya da aiddir. Ona görə də Rusiya Doneçski və Luqanskini müstəqil dövlət şəklində tanımaq niyyətində deyil, ancaq Ukrayna-Rusiya və ya NATO-Rusiya
müharibəsinin qacımazlığı şəraitində Rusiya Ukraynanın bu regionlarının suverenliyini tanıya bilər. Faktiki olaraq Rusiya öz ətrafında hesab etdiyi bufer ölkələri itirmək qorxusu ilə separatizmə dəstək verməklə həmin separatçılarla özünə bufer zonası yaratmaqla Rusiyanın suverenliyini qorumağa çalışır. Qısası Rusiya vəziyyətin bu şəkildə dondurulmasına maraqlıdır o vaxta kimi, Ukrayna hakimiyyətinin və cəmiyyətinin Rusiyaya açıq loyallığına şübhəsi olmasın.
Rusiyanın diqqət yetirmədiyi bir əsas şərt ondan ibarətdir ki, artıq müasir müharibələr klassik hərb elminə uyğun aparılmır və işğal edilmiş ərazilərin fiziki i maneə kimi istifadə olunmasının əhəmiyyəti olduqca azdır və 44 günlük Qarabağ müharibəsi buna əyani sübutdur.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Siam.az
Tarix: 17-02-2022, 21:22
Xəbəri paylaş





Xəbər lenti