Regionda yeni güc mərkəzi: İsrail Türkiyə ilə barışır, ərəb ölkələri ilə yaxınlaşır, Rusiya ilə dostlaşır

Regionda yeni güc mərkəzi: İsrail Türkiyə ilə barışır, ərəb ölkələri ilə yaxınlaşır, Rusiya ilə dostlaşır
Region ölkələri və İsrail arasında yaxınlaşma prosesi davam edir. 2020-ci ilin sentyabrında Vaşinqtonda Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn hökumətləri ilə İsrail arasında barışıq sazişi imzalanması ilə ərəb ölkələri ilə İsrail arasında sürətli yaxınlaşma başlayıb.
 

Yanvarın 30-da İsrail prezidenti İshaq Hersoq Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfərini etdi. Hersoq bununla da körfəz ölkələrinə rəsmi səfər etmiş ilk İsrail prezidenti kimi tarixə düşdü.
 
Amma belə görünür ki, bu proses davamlı olacaq. Çünki Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, eləcə də Afrikada Sudan kimi ölkələr də İsraillə münasibətlərini qaydaya salır. Yeri gəlmişkən, Hersoqun təyyarəsi BƏƏ-yə Səudiyyə Ərəbistanı üzərindən uçdu.
 
İsrail prezidentinin 2 günlük BƏƏ səfəri yüksək səviyyədə keçib. İshaq Hersoq Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid ən-Nahyan və Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumla görüşüb. Eləcə də BƏƏ-də yaşayan yəhudi icmasının üzvləri ilə bir araya gəlib, “Expo 2020 Dubai” sərgisinə qatılıb, Şeyx Zayid məscidində olub.
 
O cümlədən, iki ölkə arasında bir sıra sahələrdə razılaşma əldə olunub. Qarşıdakı dövrdə BƏƏ-İsrail qarşılıqlı ticarət həcminin 2 milyard dollara yüksəldilməsi (2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard olub- K.R.) haqda fikri ifadə olunub.
 
Bu səfərdən bir neçə gün sonra İsrail müdafiə naziri Benni Qantz Bəhreynə səfər edərək müdafiə sahəsində razılaşma sənədi imzalayıb. Bəhreynin paytaxtı Manamada yerləşən Bəhreyn Silahlı Qüvvələrinin Qərargahında baş tutan mərasimdə İsrail müdafiə naziri Benni Qantz və onun bəhreynli həmkarı general Abdullah bin Həsən ən-Nuaymi iştirak edib. Bu razılaşma İsrail və Bəhreyn orduları arasında kəşfiyyat, hərbi təhsil və hərbi sənaye sahəsində əməkdaşlığın artırılmasını nəzərdə tutur.
 
Amma İsraillə yalnız ərəblər barışmır. Prezident Hersoq martın 9-10 tarixlərində Türkiyəyə səfər edəcək. Bu səfər 2010-cu il “Mavi Mərmərə” böhranından sonra iki ölkə arasında ilk ən yüksək səviyyəli səfər olacaq.
 
Uzun müddət Türkiyə-İsrail münasibətləri gərgin olub. Ancaq sonradan 2013-cü ildə ABŞ-ın vasitəçiliyi ilə baş nazir Netanyahu o zaman baş nazir olan Ərdoğandan üzr istədi. 2016-cı ildə isə İsrail hadisə zamanı öldürülən şəxslərin ailələrinə ödənməsi üçün 20 milyon dollar vəsait ayırdı.
 
Ancaq son iki ildə Türkiyə İsraillə yaxınlaşır. Ankara və Təl-Əviv arasında hələ də ciddi problemlər qalsa da, görünən odur ki, hazırkı mərhələdə hər iki tərəf barışıqdan yanadır. Hersoqun Ankaraya səfəri isə 12 ildir davam edən soyuqluğu aradan qaldırmağa xidmət edəcək.
 
Əlbəttə, Türkiyə İsrail prezidentini qarşılamaqla yanaşı Fələstin məsələsini də unutmayıb. Hersoq Ankaraya gəlməmişdən əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ötən gün Fələstinə səfər edərək dövlət rəsmiləri ilə görüşüb. Görünür, Türkiyə hakimiyyəti Fələstin mövzusunu İsrail prezidenti ilə görüşdə qaldırmaq və Fələstin tərəfini incik salmamaq üçün Kalını məsləhətləşmə məqsədi ilə Qüdsə göndərib.
 
Ərəb ölkələrinin İsraillə bu cür sürətlə barışmasının arxasında hansı səbəblər yatır? Məsələ ondadır ki, İsrail mövcud olduğu 74 il ərzində ərəb ölkələri ilə düşmən münasibətlərində olub. Yalnız 1978-ci ildə Misir, 1994-cü ildə isə İordaniya ilə münasibətləri normallaşdırıb. Təbii ki, ABŞ-ın xüsusi dəstəyi və nüfuzu sayəsində. Lakin indi situasiya dəyişir. Hazırda İsrail region ölkələri üçün təhlükəsizlik baxımından cazibə mərkəzinə çevrilir.
 
Sirr deyil ki, İsrailin əsas dayağı və güc aldığı mənbə dünyadakı yəhudi lobbisidir. Bu lobbi ABŞ və Avropada istənilən siyasi qərara təsir etmək gücündədir.
 
Ötən müddətdə ABŞ rəhbərliyinin – istər demokrat, istərsə də, respublikaçı – Yaxın Şərq siyasətində, o cümlədən ərəb ölkələri ilə münasibətlərdə tutduğu xətt sabit olmayıb. Xüsusən də 2018-ci il Qaşıqçı cinayətindən sonra ABŞ və Avropada Səudiyyə Ərəbistanına olan reaksiya göstərdi ki, Qərblə ərəb ölkələrinin münasibətində yalnız neft və regional təhlükəsizlik rol oynamır. Yerli ictimai rəyin təsiri ilə Vaşinqton administrasiyası ərəblərə qarşı sərt ola bilər. O cümlədən Avropa ərəb liderlərinin “şıltaqlıqlarına” o qədər də dözümlü yanaşmır. Vaxtaşırı silah satışı embarqoları və digər təzyiq vasitələri ilə narazılığını ortaya qoyur.
 
Lakin ABŞ və Avropadan fərqli olaraq İsrailin ərəb ölkələri və onların rəhbərliyinə qarşı hər hansı iddia və iradı yoxdur. Üstəlik İran mövzusunda – hansı ki, ərəblər üçün indi İsrail qədər ciddi mövzuya çevrilib – İsrail ABŞ və Avropadan daha qətidir. Baydenin İranla masaya oturması İsraili ərəblər üçün daha vacib müttəfiqə çevirir.
 
Çünki ərəb müttəfiqlərdən fərqli olaraq ABŞ İsrailə qarşı həssasdır, bu ölkəni “yarı yolda” buraxa bilməz. Bütün bu səbəblər sırasına İsrailin hərbi və kəşfiyyat gücünü əlavə edəndə regionun ərəb ölkələri üçün yəhudi dövlətinin cazibəsi daha da artır. Xüsusən də körfəz ölkələri İsrailin timsalında özlərini İrandan qoruyacaqlarını düşünürlər. Artıq BƏƏ, Bəhreyn kimi ölkələrlə İsrail arasında hərbi, kəşfiyyat, xüsusən də hava hücumundan müdafiə sahəsində əməkdaşlıq sazişləri imzalanıb.
 
Bu səbəbdən də regionda İsrail indi yeni güc mərkəzi kimi çıxış etməyə, köhnə düşmənləri olan ərəbləri öz ətrafına toplamağa çalışır. Yeri gəlmişkən, son illərdə Rusiya ilə İsrail arasında da münasibətlər xeyli istiləşib. Moskva Suriyada hava sahəsini İsrail təyyarələri üçün açıb. Əvəzində İsrail ABŞ-ın israrlarına rəğmən Vaşinqtona satdığı “Dəmir Qübbə” sisteminin Ukraynaya verilməsinə razılıq vermədi. Bu siyahıya son illərdə Çinin İsrailə təklif etdiyi iqtisadi əməkdaşlıq layihələrini əlavə edəndə mənzərə tamamlanır.(musavat.com)

Tarix: 17-02-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti