Bu savaş hər iki xaqa yalnız fəlakət gətirə bilər


Rusiyanın Ukraynaya müdaxilə planı dəyişir? Bu gün səhərdən Donbasda – Ukraynanın işğal olunmuş Donetsk bölgəsində atəşkəs puzulub.
Ukrayna deyir ki, bu gün səhər saat 5-dən separatçıların nəzarət etdiyi ərazilərdən Ukraynanın nəzarətindəki ərazilər 10- larla tank və ağır artilleriya vasitəsilə atəşə tutulub. Rusiya tərəfi də əksini iddia edir. Onlar da deyirlər ki, Ukrayna separatçı qurumların nəzarət etdiyi əraziləri atəşə tutub. Ancaq məntiq deyir ki, hazırkı şəraitdə atəşkəsin pozulması Ukraynaya yox, Rusiyaya lazımdır. Ukraynanın nəyinə lazımdır ki, belə bir həssas məqamda atəşkəsi pozub, onsuz da hücum üçün bəhanə axtaran Rusiyaya bəhanə versin? Rusiya isə 3-4 aydır ki, Ukrayna sərhəddinə ordu toplayır, müdaxiləyə hazırlaşır. Beynəlxalq təşkilatlara ultimatumlar verir.
Hazırda Ukrayna sərhəddi yaxınlığında Rusiyanın 150 min nəfərdən artıq döyüş hazırlığı ən yüksək olan hərbçisi səfərbər olunub. Rusiya hətta Uzaq Şərq hərbi dairəsinin hərbçilərini də 6 – 7 min kilometrlik məsafədən Ukrayna sərhəddinə gətirib. Rusiyanın hazırda mövcud olan ən müasir döyüş təyyarələri, raket sistemləri, yeni və modernizasiya edilmiş tankları və digər silah sistemləri də Ukrayna sərhəddində toplanıb. Hətta Şimal dənizi və Baltik dənizi donanmalarının desant gəmiləri də hazırda Qara dənizə səfərbər olunub. Rusiyanın müasir tarixində heç vaxt olmamış belə bir kütləvi səfərbərlik aydındır ki, sadəcə təlim niyyətilə həyata keçirilməyib. Ancaq gözlənilən iri miqyaslı işğala beynəlxalq aləmin sərt reaksiyası Rusiyanı planını redaktə etməyə məcbur etdi. Ola bilər ki, Ukraynaya açıq-aşkar və bütün sərhəd ərazilərdən hücum etməkdənsə, Donbasda atəşkəsin pozulması bəhanəsilə savaşı tədricən genişləndirmək strategiyası seçilib. Əgər belə bir daxili qərar varsa, Rusiya Donbasda atəşkəsin pozulmasını hərbi müdaxilə üçün bəhanə kimi istifadə edə bilər.
Çox təəssüf ki, irimiqyaslı Rusiya – Ukrayna savaşı hələ də real olaraq qalır və hər gün başlaya bilər.
ABŞ, NATO, Avropa Birliyi, Böyük Britaniya bu gözlənilən savaşı önləmək üçün çoxsaylı təşəbbüslər göstəriblər. Yaxşı haldır ki, rus xalqı və Rusiya ictimaiyyəti də bu savaşa qarşıdır. Rusiyanın 2 min nəfərdən artıq ziyalı və ictimai xadimi savaşa qarşı birgə bəyanat qəbul ediblər. Rusiyanın hətta istefada olan keçmiş hərbçilərini birləşdirən Rusiya Zabitlər Birliyi də hökuməti Ukrayna ilə savaşdan çəkinməyə çağırıb. Ancaq bunlar da kifayət deyil. Rusiya ictimaiyyəti məhz indi – savaş hələ başlamamış daha ucadan və daha böyük kütləviliklə savaşa qarşı səslərini ucaltmalıdır.
Rusiya – Ukrayna savaşı hər iki xalqa yalnız fəlakət gətirə bilər. Hansını ki, biz qətiyyən istəmirik. Əlbəttə, ilk mərhələdə Ukraynanın itkiləri daha çox olar. Bu qarşıdurmada Rusiya hələ də güclü tərəfdir. O itkilər bahasına olsa da, Ukrayna ərazilərinin daha bir hissəsini işğal edə bilər. Ukraynanın hərbi sənaye kompleksini, strateji obyektlərini dağıda bilər. Ukraynanın hərbi və mülki itkiləri də daha çox olar. Ancaq ciddi irimiqyaslı savaş olsa, Rusiyanın da böyük hərbi itkiləri olar. Ukrayna ordusu quru qoşunları üçün ən müasir və dəqiq silahlarla silahlanıb. Onların döyüşmək üçün motivasiyası da güclü olacaq. Onlar öz vətənlərində vuruşacaq. Bundan əlavə Rusiya hərbi müdaxilə qərarı versə, ağır beynəlxalq sanksiyalara və siyasi təcridə də məruz qalacaq. Odur ki, zərərin harasından qayıtsan, qazancdır prinspi ilə Rusiya Ukraynaya hərbi müdaxilə etməməlidir. Hərbi müdaxilədən imtina nəinki ukraynalıların və digər keçmiş sovet xalqlarının, ilk növbədə rus xalqının özünün də maraqlarına uyğun olar. Rusiya rəhbərliyi Ukrayna xalqının, eləcə də hazırda müstəqil dövlət olan keçmiş Sovet respublikalarının hər birinin müstəqilliyinə, ərazi bütövlüyünə, müstəqil seçimlərinə hörmət etməyə alışmalıdır. İmperiya dövrü çoxdan keçib. Keçmiş SSRİ-ni hansısa başqa adda və formada bərpa etmək cəhdləri Rusiyaya yalnız əlavə uğursuzluqlar gətirə bilər. Rusiya rəhbərliyi qonşularını rahat buraxıb, öz dövlətinin və xalqının inkişafı haqda düşünməlidir.
AXCP sədri Əli Kərimli
Tarix: 18-02-2022, 09:28
Xəbəri paylaş





Xəbər lenti