Qərb-Rusiya münasibətləri daha əvvəlki kimi olmayacaq

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Ukrayna-Rusiya sərhədlərində gərginlik davam etməkdədir. Rusiya Uzaq Şərqdən belə döyüş qabiliyyətli hərbi hissələrini Ukrayna sərhədlərinə toplayıb. Şimal və Baltik dənizlərindəki ən müasir hərbi gəmilər Qara dənizə gətirilib. Ukrayna bütün cənub və şərqdən, öz ümumi sərhədlərinin təxminən 60%-ni əhatə edən ərazilərin istənilən nöqtəsindən Rusiyanın təcavüzü ilə üz-üzədir.
Əslində bu gərginliyin davam etməsi Putinin maraqlarına tam xidmət edir:
  1. Krımın işğalından sonra böyük iyirmilərin sammitində küncə qoyulmuş Putin bu gün diqqət mərkəzindədir. Dünyanın aparıcı liderlərinin zəngləri dayanmır, görüşlər bir-birinin dalına düzülüb. Putin dünya siyasətinin yaxın gələcəyini müəyyənləşdirən fiqurlardan birinə çevrilib.
  2. Gərginlik və sanksiya təhdidləri enerji daşıyıcılarının qiymətini astronomik həddə çatdırıb ki, bu da valyuta rezervlərinin bərpası baxımından Putin üçün xüsusi əhəmiyyət daşıyır.
  3. Donbas Ukraynanın şəriksiz ərazisi kimi mübahisələndirilib. Bundan başqa Krımın ilhaqının legitimləşdirilməsi istiqamətində addımlar atılıb. Putin Makronla görüşdə – “tutaq ki, Ukrayna NATO-nun üzvü oldu və Krıma hücum etdi. Krım isə Rusiya ərazisidir. NATO nüvə ölkəsi olan Rusiya ilə müharibəmi edəcək?” – dedi. Makronun isə “Krım Rusiya ərazisi deyil. Krım işğal edilmiş ərazidir” deməyə nə siyasi düşüncəsi, nə də siyasi iradəsi çatmadı. Heç başqa birinin də.
  4. Rusiyadaxili sosial problemlər, üstü açılan korrupsiya, talançılıq faktları arxa plana keçirilib, gərginlik Putini taxtda saxlayan faktora çevrilib.
    Amma bu gərginliyi sonsuzluğa qədər saxlamaq mümkün deyil, uzağı bir-iki ay. Sonra Putin bir qərar qəbul etməlidir, indi istədiklərindən nələri isə əldə etsə də, etməsə də.
    Əslində Donbas bir ərazi kimi indiki vəziyyətində Rusiyaya lazım deyil. Əvvəla, Donbasın dağılmış sosial və iqtisadi infrastrukturunu bərpa etmək çoxmilyardlıq xərclər tələb edir. İkincisi, hətta bərpadan sonra Donbasın saxlanılması ölkənin çiynində əlavə və ağır yükdür. Çünki o regionun əsas iqtisadi dayağı olan kömür şaxtaları öz rentabelliyini çoxdan itirmiş və yarım dağılmış vəziyyətdədir, həm də dünya, ekoloji problemlərə görə enerji mənbəyi kimi daş kömürdən imtinada qərarlıdır.
    Və ən əsası, Putinə Donbas gələcəkdə Ukraynanın xarici siyasətini zorlayacaq qurum olaraq Ukraynanın tərkibində federasiya subyekti kimi lazımdır.
    Və bütün bunları yeritmək üçün Putinin yeganə arqumenti əlindəki nüvə dubinkasıdır. Amma heç nədən istifadə etməkdə gərək əndazəni aşmayasan. Putin o nüvə dubinkasını o qədər yellətdi ki, həmin dubinka yavaş-yavaş mağara insanının mamontları döyəclədiyi kötəyə çevrilməkdədir. Elə Putinin özü də.
    Bir şey aydındır, Ukrayna böhranı bitdikdən sonra Qərb-Rusiya münasibətləri heç bir halda əvvəlki müstəvidə davam etməyəcək.
Tarix: 19-02-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti