“Avropa parlamentinin Minsk Qrupu ilə bağlı səsləndirdiyi fikir regionda sülhün bərqərar olunmasına xidmət etmir” - RƏY



“Təbii ki, Avropa parlamentinin ATƏT-in Minsk Qrupu ilə bağlı səsləndirdiyi fikir regionda sülhün bərqərar olunmasına xidmət etmir. Minsk Qrupunun həmsədləri ötən 30 il ərzində deklorativ bəyanatlar verməklə fəaliyyətsiz qaldılar. Bugünkü ciddi problemlərin əksəriyyəti, məsələn, əsr və girovlar, kütləvi məzarlıqlar, eləcə də mina xəritələri ilə bağlı problemlər vaxtında Minsk Qrupu tərəfindən həll edilsəydi, vəziyyət bu yerə gəlməzdi. Bu qurum vaxtilə həmin ərazilərə UNESCO-nu dəvət etsəydi, dağıdılan, erməni vəhşiliyinə məruz qalan abidələr və ərazilərlə bağlı bəyanatlar yaysaydı, vəziyyət belə acınacaqlı olmazdı. İndi onların yenidən ciddi cəhdlə regiona qayıtmaq istəyi öz siyasi məqsədlərini reallaşdırmaq üçündür”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, Avropa Parlamenti əsr-girovların, eləcə də delimitasiya və demarkasiya məsələlərini qaldırsaydı, daha məqsədəuyğun olardı: "Ümumiyyətlə, birtərəfli baxışla, təkcə Fransanın diktəsi ilə oturub-durmaq Minsk Qrupunun həmsədrlərinə yaraşmır. Məlum məsələdir ki, burada hər bir dövlətin - Rusiyanın, Fransanın, Amerikanın öz maraqları var. Belə ki, həmin dövlətlər nəyin bahasına olursa-olsun, regionda gedən proseslərdə iştirak etməyə çalışırlar. Lakin onlar çox yaxşı bilirlər ki, missiyalarını artıq başa vurublar. Prezident İlham Əliyev də bu haqda dəfələrlə fikrini bildirib. Əgər Minsk Qrupu, doğrudan da, hansısa missiyanı ciddi şəkildə yerinə yetirmək üçün təşrif buyurmaq istəyirsə, Azərbaycan bu məsələyə baxa bilər. Avropa Parlamentinin də bu məsələ ilə bağlı mövqeyi aydın deyil, çünki sözügedən qurum insan haqları, eləcə də qondarma quruma statusun verilməsi barədə boş məsələləri qaldırmaqla, erməniləri müharibədə sanki ziyan çəkmiş tərəf kimi göstərir və problemi dərinləşdirirlər. Avropa, eləcə də bütün dünya bilməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Müharibə başa çatıb, biz post-munaqişə dövrünü yaşayırıq. Belə mövqe sərgiləmək Avropaya baş ucalığı gətirmir. Təbii ki, bizim parlamentarilər də bu cür qeyri-adekvat addımların qarşını almağa çalışırlar. Təəssüf ki, yenə də ikitərəfli yanaşma mövcuddur, qərəzli bəyanatlar var. Bu, sülhün bərqərar olmasını, müqavilənin imzalanmasını gecikdirir. Görünür, ikili standartlar hələ də davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan uğurlu daxili və xarici siyasətini yürüdür. Hesab edirəm ki, müəyyən məqamlar nəzərə alınmazsa, beynəlxalq aləm bizi bu məsələdə dəstəkləyir".
 
Qeyd: Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatında qeyd edilib ki, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format olaraq qalır.
Tarix: 19-02-2022, 15:06
Xəbəri paylaş





Xəbər lenti