Qərbin hazırladığı "Ukrayna tələsi" PUTİN HAKİMİYYƏTİNİN SONUNU GƏTİRƏ BİLƏR


Məhəmməd Əsədullazadə: "Döyüşlərdə Rusiya və Ukrayna ciddi itkilər verəcək, ancaq Rusiyanın itkiləri ölkə daxilində siyasi böhrana səbəb ola bilər"
Elxan Şahinoğlu: "ABŞ və Fransa Rusiyanın müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar"
Şahin Cəfərli: "Krizisi yaradan Putin hansısa şəkildə dalan vəziyyətindən çıxmalıdır"
Ərəstun Oruclu: "Rusiya ya davam edərək daha dərinə getməli, ya da çapalayaraq geriyə çıxmağa cəhd etməlidir, lakin hər iki halda batmaq təhlükəsi realdır"
Rusiyanın Ukraynaya hücum təhlükəsi hələ də aktuallığını qoruyub saxlayır. Məhz elə buna görə də Baltikyanı və Skandinaviya ölkələri başda olmaqla, bütün Avropa, o cümlədən ABŞ həyəcan təbili çalmaqla yanaşı, Kremli aqressiv addımlardan çəkindirmək üçün təsirli yollar axtarışındadır. Məsələn, bununla bağlı axar.az-da yer alan informasiyaya görə, artıq ABŞ Rusiya banklarına qarşı iri sanksiyalar paketi hazırlayıb. Qeyd olunur ki, sanksiyalar Rusiyanın nəhəng banklarının əməliyyat aparmalarını qadağan edəcək. Siyahıya daxil olan bankların adları açıqlanmasa da, böyük ehtimalla hədəfdə VTB, "Sberbank", VEB.RF və "Qazprombank"dır.
Avropa beynəlxalq birliyi Rusiyaya qarşı birləşməyə çağırır
Onu da nəzərinizə çatdıraq ki, Ağ Evin yaydığı məlumata görə, ABŞ prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Həmçinin, o da bildirilir ki, Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılıq verib. Belə ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur. Ağ Evin mətbuat katibi Cen Psaki isə qeyd edib ki, fevralın 24-də ABŞ prezidenti Ukrayna ətrafındakı vəziyyətin və Rusiya ilə bağlı məsələlərin müzakirəsi məqsədiylə "Böyük yeddilik" (G7) qrupunun dövlət başçıları ilə onlayn görüş keçirəcək. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin də öz növbəsində, Təhlükəsizlik Şurasının iclasını keçirib.
Söz yox ki, həm yuxarıda qeyd olunanlar, həm də ABŞ kəşfiyyatının yaydığı son məlumat vəziyyətin ciddiliyindən xəbər verir. Belə ki, ABŞ kəşfiyyatı iddia edir ki, Vladimir Putin ordu komandirlərinə Ukraynaya hücum təlimatı verib. Əslində, Ukraynanın müdafiə naziri Aleksey Reznikovun "Rusiya işğalçı qoşunları öz artilleriya və zirehli texnikalarını Donbasda yaşayış binalarının arasına yerləşdirir və oradan Ukrayna yaşayış məntəqələrini atəşə tutur" deməsi ABŞ kəşfiyyatının məlumatını doğrulayır. Reznikov hesab edir ki, bu, Ukraynanı təxribata sövq edən cinayətkar davranışdır: "Düşmən çox gözəl bilir ki, bizim cavab verməyə hər cür əsasımız var".
Bu arada, Çexiyanın baş naziri Petr Fiala isə qeyd edib ki, Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır. Fialanın sözlərinə görə, Kreml Kiyevlə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun fikrincə, Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, hər an Ukraynanın işğalına başlaya bilər. Britaniya xarici işlər naziri Liz Trass isə bəyan edib ki, əgər Ukraynaya girməyə imkan versələr, Putin qonşu ölkələrlə müharibəni genişləndirəcək: "Söhbət Baltikyanı ölkələrdən gedir. Putinin iştahı artacaq və buna görə də beynəlxalq birlik Moskvanın təcavüzünə qarşı birləşməlidir. Putini dayandırmağımız lazımdır, çünki o, Ukrayna ilə dayanmayacaq".
"ABŞ və Rusiya arasında danışıqların nəticəsiz qalması müharibəni labüd edir" 

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ukraynanın Donbas regionunda Rusiya dəstəkli silahlıların Ukrayna ordusuna qarşı hücumları genişləndirməsi gözlənilir. Onun sözlərinə görə, elə bu səbəbdən də Doneskdən yerli əhali Rusiyanın Rostov vilayətinə evakuasiya edilir: "Ukrayna ordusu silahlı separatçıların təxribatlarının qarşısını almaq üçün hücuma keçərək işğal olunmuş ərazilərə doğru irəllədikcə, Rusiya ordusu hərəkətə keçəcək. Onu da qeyd edim ki, ABŞ və Rusiya arasında danışıqların nəticəsiz qalması müharibəni labüd edir. Belə ki, diplomatiyanın nəticəsiz qalması, silahların işə düşməsi ilə nəticələnir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Donbasda müharibə ilə müəyyən nəticələr əldə oluna bilər, lakin indidən Qərbin, yoxsa Rusiyanın uduzacağını demək çətindir: "Təbii ki, Donbasda döyüşlərdə Rusiya ciddi itkilər verəcək. Eyni zamanda, Ukrayna ordusu da itkilərsiz ötüşməyəcək. Ancaq bu itkilər Ukrayna xalqının savaş əzmini artıracaq. Rusiyanın itkiləri isə ölkə daxilində ciddi siyasi böhrana səbəb ola bilər. Hesab edirəm ki, Kreml Donbas ətrafında və Mariupol istiqamətində üstünlük əldə edərək, Qərbi güzəştlərə sövq etməyi planlaşdırır. Lakin rusiyanın buna nail olacağı gözlənilmir".
"Rusiya Donbasın yaşlı əhalisini və uşaqları köçürməklə görüntü yaradır ki, guya Ukrayna ordusu Donbasa hücuma hazırlaşır" 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, bu gün Rusiyanın rəqibləri kimi tərəfdaşları da müharibə istəmir: "Kreml Pekinin xahişini yerinə yetirdi, 3-20 fevral tarixlərində olimpiada dövründə Ukraynaya hərbi müdaxilə etmədi. Kreml bundan sonra Ukrayna ilə bağlı "planı"nı reallaşdırmaqda sərbəstdir. Ancaq Rusiyanın rəqibləri kimi tərəfdaşları da müharibə istəmir. Misal üçün Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin nə qədər Rusiyanın yanında yer aldığını vurğulasa da, slavyan xalqları arasında qırğınla müşahidə olunan toqquşma istəmir. Eləcə də Rusiyadan fərqli olaraq iqtisadi səmərəyə və ticarətə üstünlük verən Çin müharibənin əleyhinədir. Ancaq nə Minsk, nə də Pekin Kremlin planlarına mane olmaq iqtidarındadır".
Politoloqun sözlərinə görə, ABŞ və Fransa Rusiyanın müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar: "Fransa prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi və sabitliyi mövzusunda Rusiya ilə ABŞ arasında sammit keçirməyi təklif edib. ABŞ və Rusiya prezidentləri sammit təklifini qəbul ediblər. ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin fevralın 24-də görüşəcəklər. Bu o deməkdir ki, fevralın 24-ə qədər müharibə ehtimalı azalacaq. Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə liderlərin görüşü təxirə salınacaq. Görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır. Donbas separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir. Kremlin ikinci təxribatı Donbasın yaşlı əhalisini və uşaqları bölgədən Rusiyaya köçürməyə başlamasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbasa hücuma hazırlaşır. Halbuki, Kiyev Kremlə bəhanə vermək istəmir. Donbasın özündə də müəammalı partlayışlar baş verir. Krımdakı separatçılar əli silahlı Donbasda yerləşməyə başlayıblar". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir: "Çətin ki, Paris və Vaşinqton bu prosesi dayandıra bilsin. Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun tinlərində keçirdiyi gənclik illəri haqqında xatirələrini bölüşərkən belə bir ifadə işlətmişdi: "Əgər məhəllədə davanın olacağı qaçılmaz idisə, birinci yumruğu mən vurmalıydım". Bu sözləri indiki dövrə inikas etdirsək, Putin yenə birinci yumruq vurmaq istəyir".
"Yenidən Ukrayna ətrafında gərginliyi yüksəltməkdə məqsəd müharibənin qaçılmaz olduğu görüntüsünü yaradıb, Qərbin təzyiqi ilə Kiyevi real güzəştlərə vadar etməkdir" 

Putinin ilkin tələblərinə Qərbdən yox cavabı aldıqdan sonra qısa tərəddüd yaşadığını vurğulayan siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, son günlər yenidən Ukrayna ətrafında gərginliyi yüksəltməkdə məqsəd müharibənin qaçılmaz olduğu görüntüsünü yaradıb, Qərbin təzyiqi ilə Kiyevi real güzəştlərə, yəni Minsk razılaşmalarının siyasi hissəsini yerinə yetirməyə vadar etməkdir: "Lakin Ukraynanın bu güzəştlərə getməsi praktik olaraq mümkün deyil. Hesab edək ki, Qərb təzyiq etdi və Zelenski razılaşdı, bu halda belə, Ali Radada təslimçi sülh şərtlərinin qəbulu ehtimalı sıfırdır. Beləliklə, dalan vəziyyəti yaranıb və krizisi yaradan Putin hansısa şəkildə bu vəziyyətdən çıxmalıdır. Siyasi və hərbi xarakterli 2 yol var və hər ikisi üçün hazırlıqların başladığını görürük. Siyasi yol Abxaziya və Cənubi Osetiya ssenarisi üzrə oyuncaq respublikalar - DNR və LNR-in Moskva tərəfindən rəsmən tanınması və bu bölgədə Rusiya hərbi mövcudiyyətinin rəsmiləşdirilməsidir. Duma artıq bu barədə prezidentə müraciət edib. Bu hadisə bir tərəfdən imkan verəcək ki, rəsmi təbliğat ölkə daxilində növbəti dəfə "müzəffər Putin", "əjdaha Putin" obrazı yaratsın və bu yöndə təbliğat qursun. Digər tərəfdən, bu qərar Avropadakı bir çox satılmış siyasətçiyə və digər peşə sahiblərinə imkan verəcək ki, Putinin qan tökmədən böhrana son qoyduğunu əsas götürüb, Rusiyaya qarşı 2014-cü ildən sonra olduğu kimi, daha yumşaq sanksiyaların tətbiqinə nail olsunlar. Yəni, bu variantda Putinin öz sifətini qorumaqla, az itki ilə vəziyyətdən çıxmaq şansı var".
"Donbasda lokal savaş daha ehtimal ediləndir və Rusiya ordusu sürətli həmlə ilə Donetsk, o cümlədən Luqanskın qalan hissəsini də işğal etməyə çalışa bilər"
Siyasi şərhçi qeyd edib ki, müharibə olacaqsa, onun miqyası önəmlidir: "Bilirik ki, Rusiya ordusu Ukrayna ordusundan güclüdür, xüsusən havada, raket silahlanmasında bariz üstünlüyü var. Amma savaşlara yerdə nöqtə qoyulur. Ukrayna hərbi strukturlarının (ordu, milli qvardiya, sərhəd qoşunları) 370 min nəfər şəxsi heyəti, üstəgəl ordunun şərqdə döyüş təcrübəsi keçmiş və qısa müddətdə səfərbər olunacaq 400 min nəfər operativ rezervi var. Bunların 70 minini mülki personala aid etsək, Ukraynanın Rusiyanın qarşısına 700 min civarında heç də pis silahlanmamış, hətta əlindəki müasir antitank sistemlərinin sayına görə dünyada ilk yerlərdə olan nizamlı qüvvə çıxarmaq imkanına malik olduğunu deməliyik. Belə bir güc qarşısında Rusiyanın sərhədə topladığı 130 minlik qruplaşmasının böyük hərbi tapşırıqlar yerinə yetirmək üçün nə dərəcədə yetərli olduğu şübhəli məsələdir. Başqa bir məqam: Putinlə bağlı düşüncələrimə rəğmən, onun Avropa coğrafiyasında bütün dünyanın gözü önündə, dünya mediasının canlı yayınında böyük slavyan qırğını törədəcəyi ağlabatan ehtimal kimi görünmür. Böyük şəhərlərə, o cümlədən rus tarixçiliyinin "mat qorodov russkix" dediyi 3 milyonluq Kiyevə Qroznı ssenarisi üzrə hücum isə fantastik ehtimal kimi görünür. Pandemiyadan bəri bunkerdə yarımtəcrid həyatı yaşayan Putinin psixikasında hitlersayağı problemlər yaranmış ola bilər. Amma yəqin ki, bu dərəcədə ağlını itirməyib, eləcə də Rusiya dövləti içərisində başı işləyən adamlar var ki, onlar "fürer"in çılğınlığının qarşısını almaq gücündədirlər. Yəni, böyük miqyaslı müharibə inandırıcı görünmür". Onun fikrincə, Donbasda lokal savaş daha ehtimal ediləndir və Rusiya ordusu sürətli həmlə ilə Donetsk, o cümlədən Luqanskın qalan hissəsini də işğal etməyə çalışa bilər: "Amma bu da asan olmaz, çünki Ukrayna ordusu illərdir orada mövqelərini möhkəmləndirir və kiçik miqyaslı toqquşmalarda "Bayraktar"lar da effektiv olacaq. Hesab edək ki, Rusiya Ukrayna ordusunun müqavimətini qırdı və Donetsk-Luqansk regionunun inzibati sərhədlərinə çıxdı. Sonra? Hər bu tip hərbi əməliyyatın siyasi vəzifəsi olur, Rusiya bu uğurlu əməliyyatla hansı siyasi vəzifəyə nail olacaq? Çünki bu halda Ukrayna yenə təslimçi sülhə getməyəcək. Ukrayna xalqında daha da artan Rusiya nifrəti, dünyada daha da pozulan reputasiya, "izqoy"a çevrilmək və Qərbin sanksiyaları da öz yerində... Ümumiyyətlə, geopolitikanı bir tərəfə qoysaq, qardaş xalqın qanını töküb, ərazilərini işğal edən, onu barışmaz düşmənə çevirən tərəfin hər hansı uğurundan danışmaq əsassız və mənasız görünür".
"Mövcud vəziyyətdən istər müharibə, istərsə də sülh yolu ilə çıxmaq Rusiya üçün uduzmaq deməkdir" 

Siyasi şərhçi Ərəstun Oruclu isə bu qənaətdədir ki, Vladimir Putin öz ağılsız iddiaları ilə Ukrayna prosesində həm özünü, həm də ölkəsini dalan vəziyyətinə salıb: "Elə bir situasiya yaranıb ki, ondan istər müharibə, istərsə də sülh yolu ilə çıxmaq Rusiya üçün uduzmaq deməkdir. İndiki məqamda uduzmaq isə öz növbəsində, dünyanın yeni geosiyasi konstruksiyasının yaradılmasından kənarda qalmaqdır. Bunu Putinə ölkə daxilində kimsə bağışlayan deyil. Başqa sözlə, Putinin şəxsi hakimiyyətinin taleyi tükdən asılıdır. Belə nəticə gözlənilən idi, çünki əvvəldən də Qərbin Rusiyanı tələyə çəkdiyi aydın görünürdü. Amma tələ də sadə tələ deyildi. Ona görə ki, Moskvanın yaratdığı separatçı qurumlar təkcə Ukrayna deyil, elə Rusiyanın özü üçün də minalanmış sahə idi.Yeganə sual bu idi ki, həmin sahəyə birinci kim ayağını basacaq. Bunu edən də Rusiya özü oldu. İndi vəziyyət təxminən, belədir: Putin o qədər dərinə gedib ki, artıq istənilən addım ağır itkilər vermək riski yaradır". Ərəstun Oruclunun fikrincə, Rusiyanın seçim imkanı geniş deyil: "Belə ki, ya davam edərək daha dərinə getmək, ya da çapalayaraq geriyə çıxmağa cəhd etmək. Hər iki halda batmaq təhlükəsi realdır. Separatçı rejimlər vasitəsilə ölkələri təhdid siyasətinin "bumeranqı" artıq geriyə kurs götürüb. İndi əsas məsələ zamanında ondan yayına bilməkdir. Bu isə ilk növbədə çeviklik tələb edir".
Tarix: 22-02-2022, 15:05
Xəbəri paylaş





Xəbər lenti