Putinin qərarı həmsədrləri də “basdırdı”


Rusiya ABŞ və Fransa ilə daha işləyə bilməz; Avropa qurumlarının Minsk Qrupunu dirçəltmək cəhdlərinə zərbə...

ATƏT-in Minsk Qrupunu “diriltmək” üçün cəhdlər davam edir. Son olaraq, Avropa Parlamenti belə bir çağırışla çıxış edib.

Belə ki, Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatı dərc olunub. Hesabatda bir sıra məqamlara toxunulub. Həmçinin, Avropa Parlamenti Avropa İttifaqını Qarabağ münaqişəsinin sabit həlli üçün axtarışlarda fəal iştirak etməyə çağırıb. Qeyd olunub ki, “ATƏT-in Minsk Qrupu münaqişənin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, bərabərlik və gücdən istifadə etməmək prinsipləri əsasında münaqişənin həllində yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”.

Avropa Parlamentinin deputatları ATƏT-in Minsk Qrupunu tez bir zamanda vasitəçilik roluna qayıtmağa çağırıblar. Maraqlıdır, Avropa qurumları niyə Minsk Qrupu formatının bərpa olunmasında israr edirlər?


Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Minsk Qrupunun yada düşməsində Ukrayna hadisələrini əsas görür: “Avropa Birliyi əslində Minsk Qrupunu xatırlamaqla öz acizliyini nümayiş etdirir. Çünki hansısa münaqişələrin həllində təsir imkanlarına malik deyil. Çox güman ki, Minsk Qrupunun yada düşməsinin səbəbi Ukrayna ilə bağlı II Minsk Qrupunun iflası oldu. I Minsk Qrupu 30 ildə Qarabağla bağlı heç bir iş görmədi. Əslində Azərbaycan humanitar və digər bir sıra məsələlərlə bağlı beynəlxalq təşkilatların dəstəyini qəbul etməyə hazırdır. Lakin münaqişə bitib. Avropa Birliyi hansısa töhfəsini vermək istəyirsə, Ermənistanı sülh sazişinə, delimitasiya və demakrasiyaya, kommunikasiyaların açılmasına çağırmalıdır. Bu da münaqişənin əslində həlli üçün çox ciddi töhfə ola bilər. Başqa bir tarixi, iflasa uğramış təşkilatların adlarını sadalamaqla hansısa bir töhfə verə bilməzlər. Bununla bölgədə sabitliyinə bərpasına da töhfələri ola bilməz. Sülh üçün yeganə yol Ermənistanın sülhə hazır olub, ərazi iddialarına son qoyub, sərhədləri müəyyənləşdirməkdən, kommunikasiyaları açmaqdan və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Bu istiqamətdə təbii ki, Avropa Birliyinin nəsə imkanları varsa, töhfəsini verə bilər”.


AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Rusiya ilə səliqəli davranmağın vacibliyini vurğuladı: “Düşünürəm ki, bu suallara cavabı Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərinin nəticəsindən sonra tapa biləcəyik. Çünki Rusiya Minsk Qrupunun həmsədridir. Amerika və Fransa ilə münasibətlərində problemlər var Ukrayna məsələsinə görə. İndi Rusiya Amerika və Fransa ilə bir formatda nə dərəcədə işləyə bilər? Avropadakı cəhdlər isə Rusiya ilə bağlı prosesləri nəzarətdə saxlamaqla bağlıdır. Azərbaycan isə real regional konfiqurasiyalara baxmalıdır. Türkiyə ilə ittifaqı gücləndirmək, Rusiya ilə səliqəli davranmaq lazımdır. Son proseslər onu göstərdi ki, köklü dövlətlər neoliberal aləmdən daha qətidirlər. Biz üç köklü dövlətin əhatəsindəyik. Bunlar qardaş və Səlcuqluda bizimlə həmvaris Türkiyə, obyektiv olaraq Ivan Qroznıdan bu yana böyüyən və indi də ciddi beynəlxalq aktor Rusiya, tarixində bizim də min illik həmmüəllifliyimiz olan İrandır. Bu Avropaya və Amerikaya bel bağlayanları gördük. Ərazilərindən oldular. Biz isə Milli Türk İslam irsini daşıyan modern dövlət olmalıyıq”.


Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılovun isə fikirləri belədir: “Avropa qurumları uzun müddətdir ki, Minsk Qrupunu dirçəltmək cəhdləri edirlər. Bunun heç bir praktiki əsası yoxdur. Çünki ATƏT-in Minsk Qrupu 30 illik münaqişə dövründə heç bir formada beynəlxalq hüququn və ədalətin bərpa olunmasında vasitəçi ola bilmədi. Eyni zamanda son olaraq, Donbas ətrafında baş verən hadisələr göstərir ki, Minsk Qrupu çərçivəsində gedən danışıqlar dünyada ərazi bütövlüyünün bərpasında hansısa bir rol oynamır. Hazırda Rusiyanın Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi olması Avropa qurumlarının qısqanclığına səbəb olub. Təbii ki, bu qısqanclıq fonunda da ATƏT Minsk Qrupunu dirçəldərək yeni nəfəslik yaratmağa çalışırlar”.“Yeni Müsavat”


Tarix: 23-02-2022, 09:47
Xəbəri paylaş





Xəbər lenti