Fazil Mustafa: “Sanksiyalar gələcəkdə öz təsirini göstərəcək, lakin hazırda Ukrayna məhv olur”



“Krım və yaxud Donbask, Luqansk işğal olunanda hansısa bir real reaksiya verən oldumu? Əgər olmadısa, indi bəs reaksiya verən olarmı və hansı lider bu məsuliyyəti öz üzərinə götürüb, addım atar? Məgər indi Çörçül, Ruzvelt var?”

Bu sözləri millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, Rusiya-Ukrayna gərginliyi əslində Qərbin müəyyən dərəcədə hərbi sisteminin iflası deməkdir:

“Qərb indiki kimi davransaydı Ukrayna öz qərarını verib, daha yumşaldıcı addımlar ata bilərdi. Lakin bu addımlardan Ukrayna da imtina etdi çünki, arxayın oldu ki, NATO ölkələri ona dəstək verəcək. Burada dağıdılan Ukraynanın infrastrukturu, onun şəhəridir. Nə qədər mübarizə göstərsə də xaraba qalan vətən Ukraynadır. Bu kimi məsələlərdə artıq geriyə dönüş yoxdur. Yəni Ukrayna böyük bir faciə yaşadı və bundan sonra da yaşayacaq, çünki indiki vəziyyətdə Rusiyanın qarşısına çıxacaq hər hansı bir NATO qüvvəsi yoxdur. Təsəvvür edin, Amerikanın prezidenti deyir ki, Ukrayna üçün dua edirəm. Ona qalsa sosial şəbəkələrin Azərbaycan seqmentinə baxsan görərsən ki, hamı Ukrayna üçün dua edir, nə olsun? Dualarla Ukrayna qorunmur ki... Demək istədiyim odur ki, bu məsələ daha realist siyasət tələb edirdi. Lakin Ukraynada siyasi qərarların qəbul edilməsində kütlənin bir qədər təsir imkanları geniş olduğuna, həmçinin də Qərblə münasibətlərdə bir illüziya yaşadıqlarına görə müəyyən yumşaldıcı addımlar atılmadı”.

Fazil Mustafa qeyd edib ki, indiki vəziyyətdə Ukrayna ən azı özünü qorumalı, qüvvələri, xalqı dirəniş göstərməlidir:

“Lakin buna nə qədər tab gətirəcəkləri də məlum deyil. Qərb isə tətbiq etdiyi sanksiyalardan başqa heç nədən bəhs etmir. Bu sanksiyalar onsuz da 5-10 ildir ki, tətbiq edilir, amma nə mənası var? Nəsə dəyişirmi? Bu, əhval-ruhiyyəni, heç nəyi dəyişmir. Təbii ki, sanksiyalar gələcəkdə öz təsirini göstərəcək, lakin hazırda Ukrayna məhv olur.
ABŞ-ın da hansısa konkret proqram ortaya qoyduğunu görən olmadı, elə ümumi şəkildə hadisələri pisləyir, dua edir, müzakirə edir, amma konkret olaraq Rusiyanı bu adımından çəkindirəcək bir addım atmır. Əsas problem də budur. Buna görə Ukrayna nə qədər gec deyil indiki vəziyyətdə taleyini həll etmək üçün müəyyən dərəcədə Rusiya ilə müzakirə platforması yaratmalıdır. Bu platformanı yaratmasa Rusiyanın qarşısında tək qalacaq”.
Tarix: 24-02-2022, 16:52
Xəbəri paylaş





Xəbər lenti