Kreml hakimiyyətdə kök salmış ermənipərəstlərlə bacarmır - Lavrovun “kölgəsi”...


Ekspert: “İndiki rus iqtidarında anti-Türkiyə, anti-Azərbaycan meyillərinin mərkəzi erməni əsilli Lavrovun başçılıq etdiyi XİN-dir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması onu göstərdi ki, Moskva ilə müttəfiqlik müqaviləsi Rusiya hakimiyyətindəki ermənipərəst dairələrin əl-qolunu qətiyyən bağlamır. Əksinə, məhz sözügedən sənədin imzalandığı gün “Lavrovun və Zaxarovanın nazirliyi” ermənisayağı, tarixi saxtalaşdıran, açıq təxribat xarakterli paylaşım edir.
Həmin paylaşımda Rusiya XİN 1828-ci il Türkmənçay müqaviləsinin ildönümünü yada salır və Naxçıvanla İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərir.
Bunu Lavrovun nazirliyinin Rusiya-Azərbaycan müttəfiqlik sazişinə “töhfəsi” kimi də qəbul etmək olar. Məsələnin maraqlı tərəfi həm də budur ki, ötən ilin eyni gününə aid paylaşımında Rusiya XİN Naxçıvan və İrəvan xanlıqlarını “şərqi Ermənistan” kimi göstərməmişdi.
Belə olan halda bu qurumun məhz bu ilin 22 fevralında, Türkmənçay müqaviləsinin ildönümü, həm də Azərbaycan Prezidentinin Moskvaya rəsmi səfəri və məlum sazişin imzalanması fonunda bu cür çirkin təxribata əl atması bir çox suallara yol açır. Lavrovun nazirliyinin bu saxta və təxribatçı mövqeyi ilə Rusiya prezidentinin Kremldə İlham Əliyevlə keçirdiyi görüşdə sərgilədiyi mövqe, eləcə də, tərəflərin imzaladığı sazişin mahiyyəti arasında kəskin ziddiyyət var. Belə çıxır ki, Putin bir şey, Lavrovun nazirliyi isə başqa bir şey deyir və düşünür.
Bununla göstərilir ki, hər nə qədər Rusiyanın Azərbaycanla müttəfiqlik və qarşılıqlı hörmət bəyanatları səsləndirilsə də, bu dövləti idarə edən siyasi elitanın üst qatlarında ermənipərəst düşüncə olduqca dərin köklərə malikdir və bu, indiyə qədər olduğu kimi, indən sonra da zaman-zaman özünü büruzə verəcək.
Putin niyə reputasiyası Qərbdə də zədəli olan Lavrova  əvəz tapa bilmir? Uzun illərdir ki, səslənən əsas sual budur.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli getdikcə Lavrovun yıprandığını qeyd etdi: “Rusiya kimi dövlətçilik ənənəsi olan ölkələrdə dərin dövlət, elitalar və onların maraqları var. Putin güclü və avtoritar liderdir, amma o da təkbaşına deyil. O da ölkəsindəki dəngələrlə hesablaşır. Və bu dəngələrin içində antitürk meylləri çox güclüdür. Ümumiyyətlə, Rusiyada tarixən, ənənəvi antitürk meyilləri çox güclü olub. Və bunun da əsasları var. Çünki ruslar əsrlərlə türk dövlətlərinin əsarətində olub, onlara xərac ödəyiblər və bu tarixi yaddaşı onlar unutmayıblar. İndiki rus iqtidarında anti-Türkiyə, anti-Azərbaycan meyillərinin mərkəzi erməni əsilli Lavrovun başçılığı etdiyi XİN-dir. Rus XİN-i tərəfindən Türkiyə və Azərbaycana qarşı provokativ addımlar artıq ənənəvi hala çevrilib. Prezident Əliyevin Rusiyaya səfəri zamanı rus XİN-in rəsmi saytında Azərbaycana qarşı növbəti provokativ addım izlədik. Naxçıvan və İrəvan xanlıqlarını “şərqi Ermənistan” adlandırmaq qəbuledilməzdir. Üstəlik, ”Gülüstan müqaviləsinin Rusiya və Farsistan arasında imzalanması" yazılması da tarixi yanlışlıqdır. Bu müharibə əslində Rusiya ilə Qacar-Türk dövləti arasında olub. Farsistan isə Qacar-Türk imperiyasının vilayəti olub. Buna yönəlik Azərbaycan XİN daha sərt şəkildə təpki verməliydi. Putin iqtidarında iki qol var, Türkiyə və Azərbaycanla dostluq etmək istəyən Peskov və bunun əksi üçün əlindən gələni edən Lavrov. Lavrov yıprana-yıprana gedir və belə davam etsə postundan alınacağını düşünürəm. Çünki ələlxüsus da indiki dönəmdə Rusiya üçün Türkiyə və Azərbaycanla dostluq etməsi daha əhəmiyyətli vəziyyətə gəlib çatıb".

Siyasi analitik Asif Nərimanlı Putinin Lavrovu dəyişmək planının olduğunu qeyd etdi: “Əliyevlə Putinin görüşü və Moskva bəyannaməsinin imzalanması fonunda Rusiya Xarici İşlər Nazirliyinin Türkmənçay müqaviləsi ilə informasiya təxribatı aparmasının iki mümkün səbəbi var. Birincisi, Rusiya idarəçiliyindəki erməni lobbisi bununla ”əzələ nümayiş" etdirir. Əliyevlə Putinin imzaladığı müqavilənin Ermənistanın maraqlarına uyğun olmadığı bəlli deyil. Bəyannamədə əksini tapan məqamlar da təsdiq edir ki, Bakı və Moskvanın bölgənin gələcəyinə dair gündəliyi eynilik təşkil edir və bundan sonra üçtərəfli razılaşmaların icrası sürətlənəcək. Bu da Azərbaycanın tələblərinin icrası deməkdir və Rusiyadakı erməni maraqlarına xidmət edənlər belə bir təxribatla bəyannaməyə atılan imzaların mürəkkəbi qurumamış Bakı-Moskva xəttində narazılıq yaratmaq istəyir. İkincisi, Rusiya hakimiyyəti daxilində Moskvanın Bakı ilə belə bir müqavilə imzalamasına qarşı olanların təxribatıdır. Vətən müharibəsində də Rusiya prezidenti müharibənin Ermənistan ərazisində getmədiyini deməyinə baxmayaraq, Kremldə bunun əleyhinə çıxanlar var idi. Hətta bölgəyə “terrorçuların gətirildiyi” kimi, qondarma iddiaları səsləndirənlər də Putinin mövqeyindən fərqli çıxış edənlər idi. İndi bu qrup Putinin qərarına belə formada etirazını göstərir və dediyim kimi əsas hədəf Azərbaycanla Rusiyanın münasibətlərində çatlar yaratmaq, xüsusilə Azərbaycan ictimai rəyinə Rusiyaya qarşı çıxmağa əsas vermək idi. Bunu Rusiya XİN-in etməsi də təəccüblü deyil. Çünki Lavrovun kimliyi də bəllidir. Putinin Lavrovu dəyişmək istəyi var, bundan öncə də onun göndəriləcəyi, deputat kimi fəaliyyətinə davam edəcəyi haqda məlumatlar var idi. Lakin görünür, hələ ki edə bilmir. Çünki Rusiya hakimiyyəti monolit deyil, orada fərqli qruplar və maraqlar var".

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının isə fikirləri belədir: “Rusiya xarici işlər naziri Lavrovun Ermənistanı açıq və ya gizli şəkildə dəstəkləməsini  zaman-zaman görmüşük. Lavrovun erməni kökənli olmasını da unutmamalıyıq. İki gün bundan qabaq Moskvada Azərbaycanla Rusiya arasında bağlanan müttəfiqlik müqaviləsi ən çox Rusiya hakimiyyətindəki ermənipərəst dairələrin ciddi narazılığına səbəb oldu. Və bunu Lavrovla Zaxarova gizlədə bilmədi. Belə ki, ermənisayağı, tarixi saxtalaşdıran, açıq təxribat xarakterli paylaşım etdilər. Paylaşımda Rusiya XİN 1828-ci il Türkmənçay müqaviləsinin ildönümünü yada salır və Naxçıvanla İrəvan xanlıqlarını ”şərqi Ermənistan" kimi göstərir. Bütün bunlar qəzəbin nümayişidir. 44 günlük Vətən müharibəsində də Lavrov ermənilərə bütün dəstəyini əsirgəmirdi. Ancaq biz unutmamalıyıq ki, Rusiyada son sözü Putin deyir. Putin 44 günlük müharibə dövründə dəfələrlə neytral qaldığını və müharibənin Azərbaycan torpaqlarında getdiyini bəyan etdi. İndi Rusiya ilə Azərbaycan arasında yeni mərhələ başlayıb. Moskva bəyannaməsi hər iki dövlət arasında münasibətləri daha yüksək səviyyədə inkişaf etdirəcək. Ən əsası da ikitərəfli formada bir-birinə hörmət etməklə. Bütün mənalarda Rusiya Azərbaycan üçün çox əhəmiyyətli dövlətdir. İqtisadi, siyasi, mədəni və digər əlaqələrimiz daha yüksək formada inkişaf edəcək. Həm də unutmayaq ki, düşmən Ermənistana hər cür dəstək verən Rusiya ilə əlaqələrimiz daha çox ermənilərə ağır zərbədir. Bir faktı da unutmamalıyıq ki, Rusiyada 2 milyon soydaşımız yaşayır və çalışır.   Ola bilər ki, Putin Lavrov vasitəsilə Rusiyada yaşayan güclü erməni diasporasının “könlünü alır””.“Yeni Müsavat”
Tarix: 25-02-2022, 10:23
Xəbəri paylaş





Xəbər lenti