Neytral ölkə statusu nə deməkdir, neçə belə dövlət var?


 
 

Ukrayna-Rusiya ilə müzakirəyə oturacağı neytrallıq...  

 
Məlumdur ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya rəhbərliyi ilə ölkənin neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. “Biz Moskvadan eşitdik ki, onlar Ukraynanın neytral statusu haqqında danışmaq istəyirlər. Biz Rusiya ilə danışmaqdan qorxmuruq. Dövlətimiz üçün təhlükəsizlik təminatları, neytral statusdan danışmaqdan da çəkinmirik”, - deyə Zelenski bildirib.
Öz növbəsində, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya-Ukrayna danışıqlarının perspektivləri ilə bağlı sualını cavablandırarkən, Rusiya prezidenti Vladimir Putinin konseptual problemlərin həlli ilə bağlı gözləntiləri formalaşdırdığını xatırladıb. Bu mövzular arasında Ukraynanın neytral statusu və Ukraynaya silah yerləşdirməkdən imtina da var. Həmçinin, Rusiyanın hazırda Ukrayna rəhbərliyi ilə bu mövzuda danışmağa hazır olub-olmaması ilə bağlı suala cavab verən Peskov vurğulayıb: “Əgər Ukrayna rəhbərliyi bu barədə danışmağa hazırdırsa…”  

 Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov rəsmi Kiyevin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı qarşı tərəfin iddialarını təkzib edib. "Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”, - Nikiforov yazıb.
Bir ölkənin neytral statusu nədir?
Ölkənin neytral statusu və ya neytrallığı   beynəlxalq hüquqda dövlətin cəlb edilə biləcək beynəlxalq münaqişə, müharibə hərəkətlərdən çəkindirdiyi mövqe (status) deməkdir. Yəni ölkə başqa dövlətlər arasında müharibələrdə iştirak etmir,  hərbi-siyasi bloklarda iştirakdan imtina edir və onlara qoşulmur, hərbi arsenalını azaldır.
 Əvvəlcə neytral dövlətin vəzifələrinə yalnız müharibədə silahlı iştirakdan çəkinmək daxil idi, lakin ərazisindən döyüşən qoşunlarının keçməsi  qadağan deyildi. Sonralar bu statusun öhdəlikləri sırasına müharibə aparan dövlətə hər hansı yardımdan tamamilə imtina  da daxil edildi.
 
Neytral status ölkəyə hansı məhdudiyyətlər qoyur?
Beynəlxalq hüquqa görə, neytral status ölkələr arasında hərbi münaqişə zamanı ölkəyə üç məhdudiyyət qoyur:
- döyüşən tərəflərə öz silahlı qüvvələrini verməmək;
- öz ərazilərini döyüşən tərəflərin istifadəsinə verməkdən (baza, tranzit, uçuş və s.) imtina etmək;
- silah və hərbi malların tədarükü zamanı tərəflərdən heç birinə qarşı ayrı-seçkilik etməmək. Yəni məhdudiyyətlər ya eynidir, ya da ümumiyyətlə olmamalıdır
 
Hansı ölkələr neytraldır?
- Avstriya (26.10.1955-ci il tarixli daimi neytrallıq haqqında qanun);
- Kamboca (Suverenlik, müstəqillik, ərazi bütövlüyü, toxunulmazlıq, neytrallıq və milli birlik haqqında 23.10.1991-ci il tarixli saziş);
- Laos (23 iyul 1962-ci il tarixli neytrallıq bəyannaməsi);
- Malta (14.05.1981-ci il tarixli neytrallıq haqqında bəyannamə);
- Türkmənistan (27 dekabr 1995-ci il tarixli daimi neytrallıq haqqında qanun);
- İsveçrə (İsveçrənin daimi neytrallığının və ərazisinin toxunulmazlığının tanınması və təminatı haqqında  1815-ci il tarixli Akt).Musavat.com
 

Tarix: 26-02-2022, 15:42
Xəbəri paylaş





Xəbər lenti