Rusiya 4 yerə parçalanacaq: - “Birinci türk və müsəlmanlar ayrılacaq”


Rusiya-Ukrayna müharibəsi davam etsə də, tərəflər arasında zaman-zaman danışıqlarla bağlı mesajlar da səslənir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın heç bir şərt olmadan danışıqlar aparılmasını istəməsini ölkəsinin zəfəri adlandırıb. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyaya çox ciddi sanksiyalar tətbiq olunur və bu sanksiyaların ölkə iqtisadiyyatını çökdürməsi gözlənilir. Ehtimallardan biri də Rusiyanın bu müharibədə məğlub olacağı və çox ciddi böhran vəziyyətinə düşəcəyidir. Bəzi analtiklər hesab edirlər ki, Rusiya müharibədə məğlub olaraq bir neçə yerə parçalana bilər.

Xatırladaq ki, Rusiya Federasiyası 1993-cü ildə qəbul edilən konstitusiyasına əsasən, federativ dövlətdir və bərabərhüquqlu subyektlərdən ibarətdir. Konstitusiyaya əsasən, Rusiya Federasiyasının tərkibinə 85 subyekt, həmçinin 22 respublika, 9 vilayət, 46 əyalət, 3 federal əhəmiyyətli şəhər, 1 muxtar vilayət və 4 muxtar dairə daxildir.

Federasiya subyektləri 8 federal dairədə qruplaşır: Mərkəzi, Cənub, Şimal-Şərq, Uzaq Şərq, Sibir, Ural, Volgayanı, Şimali Qafqaz. Federasianın hər subyektində parlament və icraedici orqan var. Hətta onların bir çoxunda 5 il müddətinə bərabər və birbaşa seçilməklə birinci vəzifəli şəxs postu mövcuddur. Bununla yanaşı, Federasiyanın hər subyektində öz inzibati-ərazı bölgüsü var.

Maraqlıdır, Rusiya müharibədə məğlub olaraq bir neçə hissəyə parçalana bilərmi? DİA.AZ xəbər verir ki, cebhe.info-nun bununla bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.

- Sizcə, Rusiya-Ukrayna müharibəsində kim məğlub olacaq?

- Düşünürəm ki, Rusiya bu müharibədə artıq məğlub olub. Çünki rus ordusu qısa müqddət ərzində Ukraynanı ələ keçirə bilmədi və çox ciddi itkilərə məruz qaldı. Bu isə Rusiya haqqında yaradılan mifin dağılmasına səbəb oldu. Həmçinin, Rusiya xalqı da, ordusu da ruhdan düşüb. Mövcud vəziyyətdə Rusiya müharibədə qalib gəlsə belə, heç kim onları qalib saymayacaq.

- Rusiyanı müharibədən sonra nə gözləyir?

- Əgər Rusiya dünya ictimaiyyəti ilə münasibətləri yoluna qoymasa, onun parçalanması qaçılmazdır. Düşünürəm ki, Rusiya parçalanmaqdan xilas olmaq üçün bu müharibəyə başladı. Hazırda Çeçenistan belə öz qoşunu ilə Ukraynaya hücum edib. Bu isə onu göstərir ki, artıq oradakı subyektlərdə fərqli proseslər gedir. Vladimir Putin də başa düşür ki, ölkəsinin mövcudluğu gün məsələsidir. O, belə xarici tendensiyalarla ölkə əhalisinin diqqətini yayındırmağa çalışır. Putin fikirləşirdi ki, Ukrayna üzərində qələbə onun reytinqini qaldıracaq. Lakin bu gün bütün dünyada reytinqi ən aşağıda olan və hər kəs tərəfindən lənətlənən yeganə liderdir.

- Sizcə, Rusiyanın neçə yerə parçalanması gözlənilir?

- Rusiyanın neçə yerə parçalanacağı ilə bağlı müxtəlif planlar səsləndirilir. Hazırda ölkənin 4 və ya 6 hissəyə parçalanacağı deyilir. Ümumiyyətlə, Rusiyanın çox hissələrə parçalanması dünya üçün də təhlükəlidir. Ona görə də ən optimal variantı Rusiyanın 4 yerə parçalanması olaraq görürəm.

- 4 yer deyərkən nəyi nəzərdə tutursunuz?

- Hesab edirəm ki, ən birinci Rusiyadan türk və müsəlman respublikları ayrılacaq. Yəni əsas olaraq türk əyalətlərinin Rusiyanın tərkibindən çıxması gözlənilir. Çeçenistan, Dağıstan, Tatarıstan və ya Başqırdıstan öz müstəqilliyini elan edə bilər. Hətta Tatarıstan və Başqırdıstanın müstəqil olacağı real görünür. Həmçinin, Qafqaz respublikaları arasında, Moskva ətrafında və ya Sibirdə yeni bir dövlət yarana bilər.

- Məğlubiyyət ehtimalını göz önünə alsaq, Vladimir Putinin rəhbər kimi aqibəti nə ola bilər?

- Fikrimcə, Vladimir Putin növbəti prezident seçkilərinə qədər hakimiyyətdə qala bilməyəcək. Ümumiyyətlə, onun dünya ölkələri ilə dialoq qurması mümkün deyil. Əgər bu müharibə davam edərsə, Rusiya elitasındakı vətənpərvər qüvvələr Putini devirəcəklər. Çünki Putinin siyasəti onların da maraqlarına çox ciddi şəkildə zərbədir.

- Putindən sonra Rusiyanın Prezidenti kim ola bilər?

- Putindən sonra onun yerinə Sergey Şoyqu və ya Sergey Narışkin keçə bilər. Yəni hələlik demokratik yolla Rusiyada kiminsə hakimiyyətə gəlməsi mümkün deyil. Lakin hazırda Rusiya rəhbərliyində olan şəxslərdən biri Prezident ola bilər.
Tarix: 28-02-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti