Zelenski xalqına xidmət edən liderdir



Az-az da olsa, arada görürəm kimlərsə postlarda və rəylərdə Zelenskini qınayır, onun rolunu və əhəmiyyətini azaltmağa çalışır. Zelenski təcrübəsizmiş, ölkəsini bu duruma düşməkdən xilas edə bilərmiş, Qərbə güvənərək Rusiya ilə qarşı-qarşıya gəlməkdə səhv edibmiş və s. və ilaxır.
Birincisi, liderlik nə yaşla, nə təcrübə ilə formalaşan bir şey deyil. O ruh ya var, ya da yoxdur. Zelenski aktyor kimi kütlənin simpatiyasını qazana bildiyi kimi prezident kimi də tək Ukraynada yox (ölkəsində son günlər reytinqi 97%-i keçib), bütün dünyanın simpatiyasını qazandı.
İkincisi, Ukrayna-Rusiya qarşıdurmasının səbəbkarı, alovlandırıcısı Ukrayna deyil. Rusiya SSRİ ölkələrini bacardığı qədər nəzarətində saxlamağa çalışır, 3 Baltikyanı ölkə 2004-də bütün təhdidlərə baxmayaraq özlərini bu təhdiddən xilas edə bildilər. Sonra Gürcüstan, Ukrayna, Moldova yavaş-yavaş öz suverenlikləri, ölkə maraqları üçün avrointeqrasiya yolunu seçdilər. Təbii ki, bu zaman da Rusiyanın təhdidləri və təzyiqləri artdı. Rusiya elə şərtlər irəli sürürdü ki, onları qəbul etmək ölkənin gələcəyi, rifahı, təhlükəsizliyi baxımından qəbuledilən deyildi. Zelenski də haqlı olaraq qəbul etmədi.
Üçüncüsü, bəli, Qərb 2008-də də, 2014-də də çox səhv etdi, Rusiyanın təhdidlərini ciddiyə alaraq Ukrayna və Gürcüstanın NATO yolunu yavaşlatdı. Ümid edirdilər ki, Rusiyanı qıcıqlandırmamaqla onun aqressiyasından xilas olmaq olar. Bu, çox yanlış yanaşma idi. İllərdir iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə bütün qərb qərarvericiləri, diplomatlarla söhbətimdə “bu yanaşmanız Rusiyanı daha da ruhlandırır, “daha çox təhdid, daha çox nəticə” yanaşmasına sövq edir” deyirdim. 2022 isə fərqlidir, artıq bütün dünya Rusiyanın təhdidləri qarşısında həmrəylik göstərərək Ukraynanı dəstəkləyirlər. Bütün mümkün yollarla.
Dördüncüsü, Zelenski elə bir cəmiyyətdə prezident seçilib ki, o cəmiyyət bizimki kimi “başını aşağı sal, işini gör” yanaşması ilə yaşamır, onlar dəfələrlə Maydana çıxaraq prezidentləri rədd ediblər, təslimçi prezidenti anında rədd edib yola salardılar. Onlar ölkə daxilində öz hüquqları uğrunda vuruşduqları kimi, ölkənin avrointeqrasiya yolunu bloklayanlara, işğalçılara qarşı da məhz belə prezident görmək istəyirlər. Dirənən, müqavimət göstərən, qorxmayan.
Beşincisi, “elə etmək olardı bu yaşananlar yaşanmasın” demək sadəlövh yanaşmadır. Yaşananları önləməyin tək yolu Rusiyanın peyki olmaqdır, suveren, müstəqil dövlət yox. Elə olmasaydı, “20 yanvarı da önləyə bilərdik” deyə bilərik, “Xocalı baş verməyə bilərdi”, “Birinci Qarabağ müharibəsində niyə o qədər şəhid verib geri çəkilirdik?” deyə bilərik, “İkinci Qarabağ müharibəsi olmaya bilərdi, gözləyərdik, danışıqlarla həll edilərdi” və s. demək olar. Ancaq bunlar nə qədər əsassız olarsa, “Zelenski münaqişədən yayına bilərdi, təcrübəsizdir, yayınmadı” demək də o qədər əsassızdır.
Rusiyanın təhdidləri elə həddə idi ki, mübariz Ukrayna cəmiyyəti prezidentindən bu təhdidlərə baş əyməməyi gözləyirdi, bu gün də Zelenski ölkəsi uğrunda mübarizə aparır, xalqı da onu dəstəkləyir.
Zelenski şoumen, artist, təcrübəsiz olsa da, illərlə təcrübəsi olub, amma öz xalqından milyardlar oğurlayan bir çox “praqmatik, xarici siyasət dühası, uzaqgörən” prezidentlərdən dəfələrlə daha doğru yoldadır. Qısa müddətdə Ukrayna müharibənin ağrılarını yaşayacaq, sonra o yaralar sağalacaq, amma biz tam fərqli bir Ukrayna görəcəyik. Avropanın inkişaf etmiş ölklərindən biri olaraq. Biz öz dərdimizi düşünməliyik ki, ehtiyatlana-ehtiyatlana, qorxa-qorxa, bunlara da “praqmatik balanslaşdırma” deyərək gələcəyimiz hara gedir?
İctimai fəal Bəxtiyar Hacıyev
Tarix: 28-02-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti