Bir Putinə görə o boyda Rusiya vətəndaşlarının əziyyət çəkməsi normaldırmı?


İctimai fəal Bəxtiyar Hacıyev
Təsəvvür edin, Rusiya vətəndaşları olan tələbələrin vizaları ləğv edilir, turistlərin kartları xaricdə işləmir, hansısa restoranlar qapılarından “Rusiya vətəndaşlarına xidmət göstərilmir” yazır, idmançıları federasiyalardan çıxarılır, musiqiçilərinin konsertləri ləğv edilir, təyyarələri Avropa məkanına buraxılmır, gəmiləri limanlara yanaşa bilmir, oliqarxları milyardlar itirir, mülkləri, villaları, yaxtaları müsadirə edilir və s. və ilaxır. Putindən çox Rusiya vətəndaşları sanksiyaların əziyyətini çəkir və çəkəcək. Onlar buna layiqdirlərmi?
Məsələ burasındadır ki, Putin tək bir fərddir. Onu güclü edən ətrafındakı oliqarxlar və məmur biznesmenlərdir. Rusiya xalqından oğurlananları tort kimi bölüb, Putini də gücləndiriblər. Putini güclü edən ətrafında ona alqış tutan, hər dediyini sorğu-sualsız artıqlaması ilə icra edən rəsmi şəxslərdir. Ölkədə baş verən haqsızlıqlara susan ziyalılardır. Milyonlarla insanın rəyini formalaşdıra biləcəkləri halda bütün ədalətsizliklərə susmuş idmançılar, incəsənət adamlarıdır. Nəhayət, öz ölkələrində turist kimi yaşayan, heç bir siyasi prosesə qoşulmayan, seçkidən seçkiyə Putinə səs verən, yaxud səslərin saxtalaşdırılmasına kömək edən, yaxud seçkiyə getməyən Rusiya vətəndaşlarıdır.
İndi öz ölkəsində siyasi proseslərə qoşulmayan, seçkiyə getməyən adamlar turist kimi getdikləri ölkədən qovulurlar, kartları qəbul edilmir, özlərini də sakitcə yola salırlar geri.
Bəli, bir Putinin və ətrafındakı 500-1000 özü kimisinin addımlarına görə milyonlarla Rusiya vətəndaşı bu sanksiyaların qurbanı olmamalıdır. Ancaq o milyonlarla insan birləşib Putinin bu qeyri-insani təcavüzünə qarşı çıxmasalar, Ukraynada hər ölən uşağın da qanına ortaq olacaqlar, Putinin sanksiyasına da.
Rusiya vətəndaşları bunu nə qədər tez anlayıb, küçələrə çıxıb, özlərinə psixoloji durumu müdafiə nazirindən 7 metr uzaqda oturacaq qədər anormal olmayan bir rəhbər seçsələr, o qədər də tez xilas olacaqlar bu problemlərdən və mənəvi məsuliyyətdən.
Təbii ki, buradan bizim də çıxarmalı olduğumuz dərslər var. Bu gün ölkədəki haqsızlıqlara, ədalətsizliklərə susaraq, turist kimi yaşayaraq davam ediriksə, sabah hansısa məqamda Azərbaycana da sanksiyalar tətbiq ediləndə əziyyətini hamımız çəkəcəyik. Ona görə də artıq diktatorlar və avtoritarlar klubundan çıxaraq inkişaf etmiş ölkəyə çevrilməliyik.
Tarix: 2-03-2022, 16:20
Xəbəri paylaş





Xəbər lenti